Manşet

Ekspertlər vaksinasiyaya məcburetmə kampaniyasına qarşı: “Ondansa, pul versinlər…”

Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci ilin sentyabrın 1-dən bir çox fəaliyyət sahələrində işçilərin işə çıxması üçün peyvənd vurdurması məcburi olacaq.

Qərarda qeyd edilib ki, sentyabrın 1-dən etibarən tələb olunan sahələrdə çalışan işçilər COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunmalı və ya COVID-19-a qarşı immunitet sertifikatına sahib olmalıdır.

Bu qərar peyvəndləmə ilə bağlı bütün məsuliyyəti işçilərin üzərinə qoyur, işəgötürəndə yalnız prosesə nəzarət etmək öhdəliyi yaradır. Başqa sözlə, istəməyənlər peyvənd vurdurmaya bilər, amma işə çıxa bilməyəcək.

Sentyabr ayı yaxınlaşdıqca, məlum olur ki, bu tələblər işçilərlə bərabər işəgötürənlərə də qarşı tətbiq olunacaq. Bununla bağlı işəgötürənlərə qeyri-rəsmi xəbərdarlıq edilməsinə dair məlumatlar da var.

Nazirlər Kabinetinin bu qərarının icrasına nəzarət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunub. Qurumdan işəgötürənlərə bildirilib ki, sentyabrın 1-nə kimi işçilərə birinci doza vurulmasa, müəssisənin fəaliyyətinə də icazə verilməyəcək.

Bu tələb nə dərəcədə doğrudur? İndiki halda vaksinasiya prosesi necə idarə edilməlidir ki, bu, müəssisələrin fəaliyyətində çətinlik yaratmasın?

İqtisadçı-ekspert Nazim Bəydəmir hökumətin belə tədbirləri rellaşdıracağına inanmır. Onun fikrincə, özəl şirkətlərin bağlanması və ya fəaliyyətinin müvəqqəti dayandırılması yalnız təsisçilərin, yaxud məhkəmənin qərarı ilə ola bilər.

N.Bəydəmirli hesab edir ki, insanların vaksinasiyası istənilən halda könüllü olmalıdır. O yalnız bu məqsədlə müxtəlif tədbirlərin görülməsinin məqbul olduğunu dedi: “Bu məqsədlə maarifləndirici, təbliğat xarakterli işlər genişləndirilməlidir. İnsanları inandırmaq lazımdır ki, vaksinasiya faydalıdır və karantindən çıxmağın başqa yolu yoxdur.

Vaksinasiya kimi tədbirlər məcburiləşdirildikcə, ölkədə korrupsiya, rüşvət halları artır, nəticədə saxta COVİD pasportu daşıyanlar çoxalır.

Könüllü vaksin vurduranların sayının az olmasının səbəbi insanlarda rəsmi qurumlara olan inamın zəifləməsi ilə bağlıdır. Ötən il bir neçə dəfə qapanma oldu, amma yoluxma azalmadı. Etimadsızlıq mühiti yaranıb. İnsanlar deyilənlərin əksini düşünürlər, o cümlədən vaksinasiyanın əhəmiyyətli olmasına inanmırlar. Bunun da günahı rəsmi dövlət qurumlarındadır”.

N.Bəydəmirli düşünür ki, vaksinasiyanın kütləviləşməsi, insanların könüllü şəkildə prosesə qoşulması üçün təşviqedici tədbirlər də görülə bilər. O qeyd edib ki, istənilən təşviqedici tədbir səmərəlidir və eyni xarakterli addımların vaksinasiya prosesində atılması da əhəmiyyətli olardı.

İqtisadçı-ekspert Natiq Cəfərli də hesab edir ki, vaksinləşmə könüllü olduğundan məcburedici tədbirlərin genişləndirilməsi qəbuledilməzdir. Onun sözlərinə görə peyvəndləmədə hər bir şəxs fərdi məsuliyyət daşıyır və buna görə digər şəxslərin, o cümlədən işəgötürənlərin məcbur edilməsi yolverilməzdir.

N.Cəfərli düşünür ki, peyvənd vurulmasına marağı yaratmaq üçün stimullaşdırıcı tədbirlər görülməlidir. O stimullaşdırıcı tədbir kimi pul mükafatı və ya müvəqqəti kommunal güzəştlərin verilməsini əlverişli hesab edir. N.Cəfərli xatırlatdı ki, ABŞ-da bu təcrübədən istifadə edilib və burada vaksinasiya prosesinin sürətlənməsi müşahidə olunub.

Vasif

sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button