“Ola bilsin, 4 və 5-ci doza vaksin vurulsun” – ATU-nun professoru

“Xəstə maska taxırsa, onun ətraf mühitə virus yayma ehtimalı aşağı olur. Eyni zamanda qarşı tərəf də maskadan istifadə edirsə, onun yoluxması ehtimalı sıfıra bərabərdir. Ölkəmizdə ilk tətbiq olunan peyvənd Çin istehsalı olan “Sinovac”dır. Bunun yan təsirləri nisbətən azdır. Bu peyvəndi hər kəs asanlıqla qəbul edə bilir. Bizdə bu vaksindən sonra geniş tətbiq olunan Amerika və Avropa ölkələrinin istehsalı olan “Pfizer” vaksinidir. Bunlarla yanaşı, Rusiya istehsalı olan “Sputnik V” vaksini də istifadə edilir. Bu peyvəndlərin hansından istifadə etmək insanların öz seçimidir”.
Bunu Azərbaycan Tibb Universitetinin professoru Sədrəddin Atakişizadə deyib.
O bildirib ki, hava-damcı infeksiyasının yayılmasının qarşısını almaq üçün lazımi sosial məsafəni gözləsək, infeksiyanın xəstədən sağlam insana keçmə ehtimalı kəskin şəkildə aşağı düşər:
İnsanlar bəzən deyirlər ki, vaksinasiya olundum, amma xəstələndim. Peyvənd insanları yüz faiz xəstəlikdən qorumur. Amma peyvənd olunanlar arasında ölüm faizi yox dərəcəsindədir, ağırlaşma hallarına da çox az rast gəlinir. Bu gün koronavirusdan reanimasiyaya düşən xəstələrin əksəriyyəti vaksinasiyadan keçməyən insanlardır”.
Mütəxəssis qeyd edib ki, xəstəlik keçirmək və peyvənd olunmaqla orqanizmdə immunitet yaranır:
“Birincisi, təbii immunitetdir ki, xəstəlikdən sonra yaranır. Orqanizmdə antigenlər, anticisimlər və s. əmələ gəlir. Buna nümunə üçün qızılca xəstəliyini göstərmək olar. Belə ki, qızılcanı keçirən və ya vaksinini qəbul edən şəxslərdə həyati immunitet yaranır. Onların ömürlərinin sonunadək əlavə peyvənd olunmağa ehtiyacları qalmır. İkincisi isə süni yaranan immunitetdir ki, o da vaksinasiyanın hesabına əmələ gəlir. Süni yaranan immunitetlərin davamlılıq müddəti bəzən 6 ay, bəzənsə 1 ilədək çəkir. Bu müddət ərzində vaksin olunan şəxsin immunitetində zəifləmə prosesi gedir. Əlavə dozanın qəbuluna ehtiyac yaranır. Elə koronavirusda olduğu kimi. Ona görə də pandemiya davam edərsə, yoluxmaların sayında azalmalar olmazsa, iki doza qəbul edənlər 6 aydan sonra 3-cü dozanı da qəbul etməyə məcburdurlar. Hətta ola bilər ki, pandemiya bitənə qədər 4-cü, 5-ci dozaların qəbuluna da zərurət yaransın”.
Günay Rəsulqızı
sfera.az