Manşet

7 rayona icra başçısı təyinatı niyə yubanır? – “Yeni idarəçilik formasına keçmək istəyirlər – valilik sistemi”

“Bura İngiltərə deyil ki, vəzifəyə ancaq ingilis dilini bilənləri təyin etsinlər. Eyni yerdən, eyni bölgədən olan adamları irəli çəkmək yaxşı hal deyil. Rayonlarda icra başçısı, polis, prokuror və digərləri eyni rayonun adamlarıdır. Azərbaycan bu mağara psixologiyasından qurtulmalıdır”.

“SAVAŞ” xəbər verir ki, bunu sfera.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. O bildirib ki, hazırda Azərbaycanda 7 rayona icra başçılarının təyin olmamasının başqa səbəbləri mövcuddur:

“Düşünürəm ki, yeni varianta keçmək istəyirlər – valilik sistemi. Azərbaycanda idarəetmədə həddən artıq dolaşıqlıq var. İki cür icra hakimiyyəti strukturu ola bilməz. Türkiyədəki kimi prezidentin tabeçiliyində olan əyalət sisteminə keçilməlidir. Ölkəmizdə ola bilər ki, uzağı 10-12 əyalət olsun, valilik təyin olunsun və rayonlar birləşdirilsin. Artıq iqtisadi rayonların sayı da 14-dən 10-a endirilib. 10 əyalət Azərbaycan üçün kifayətdir. Fikrimcə, 7 rayona hələ də icra başçılarının təyin edilməməsinin səbəbi budur”.

Müsahibimiz qeyd edib ki, 7 rayona təyinat olsa belə, heç nə dəyişməyəcək:

“İcra başçılarından bir-ikisi çıxmaq şərtilə, 60-70 faizi özünü doğrultmur. Rayonlarda narazılıq artır. Dövlətə inam itməməlidir. Bu istiqamətdə çox ciddi problemlərimiz var. Azərbaycanda icra başçıları elə bir vəziyyət yaradıb ki,  hökumətə olan inam aşağı səviyyədədir. Nə Nazirlər Kabineti normal işləyir, nə də icra hakimiyyətləri. Artıq qalib dövlətin belə səviyyəsiz icra başçıları olmamalıdır. Bəzilərinin tutulandan sonra ofisiant, tamada, şillə vuran və.s olduqları bəlli olur. Biabırçılıqdır. Həmin adamları qınamıram, onları prezidentə təqdim edənlər məsuliyyət daşımalıdırlar”.

Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Bakı şəhərinin Nizami rayonu, Cəlilabad, Göygöl, Kürdəmir, Şəmkir, Lerik rayonlarına icra başçısı təyin edilməyib.

Günay Rəsulqızı

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button