Manşet

Əhməd Məsudun silahdaşı ilə MÜSAHİBƏ: “Dağlara çəkilib vuruşuruq, “Taliban”a qalib gələcəyik”

Əfqanıstandakı mövcud durum, Pəncşir mübarizəsi ilə bağlı əfqan vətəndaşı Vahid Rahimi ilə müsahibəni təqdim edirik

– Hər kəsi düşündürən bir sual var. Əfqan xalqı nə üçün “Taliban”a qarşı çıxmır? Toplum niyə vahid şəkildə mübarizə aparmır?

Çünki insanlar müharibədən yorulublar, daha döyüşmək üçün gücləri, həvəsləri yoxdur. Həm də əksəriyyət uşaqlarının gələcəyi ilə bağlı narahatdır, istəmirlər ki, onlar çətin duruma düşsün.

– Bəs, nə üçün Əfqanıstanı tərk etmirsiniz? Axı xeyli sayda insan artıq başqa ölkələrə üz tutub.

İndi Əfqanıstandan çıxmaq çox çətin məsələdir. “Taliban” qüvvələri sərhədi bağlayıb, çıxış imkanı yox dərəcəsindədir. Əfqanıstanın yaxşı qonşuları yoxdur, belə vəziyyətin yaranmasında onlar maraqlıdır.

– Hansı ölkələrdən söhbət gedir?

Pakistan və İran. “Taliban” üzvlərinin əksəriyyəti pakistanlılardır. Həm İrandan, həm də Pakistandan “Taliban”a ciddi şəkildə yardım gəlir. Ümumiyyətlə, İran “Taliban” üçün əsas hərbi yardım mənbəyidir.

– Bir neçə gün öncə əfqan qadınlar “Taliban”a qarşı etiraz aksiyası təşkil etdi. Etirazçılara qarşı onların münasibəti necə oldu?

Taliban sistemində qadınlara yer yoxdur, qadınlar buna görə etiraz edir. Əfqan qadınları bəzi kişilərdən fərqli olaraq çox cəsurdur. Etirazçı qadınlardan heç birinə zor tətbiq edilməyib, lakin hamısına ciddi xəbərdarlıq etdilər. Əfqan qadınlarının tək arzusu əvvəlki həyata qayıtmaq, qorxmadan küçədə hərəkət etmək və işə getməkdir.

– Necə düşünürsünüz, Pəncşir mübarizəsində qalib gələn tərəf kim olacaq?

– Düşünürəm ki, pəncşirlilər qalib gələcək. Çünki onlardan heç biri “Taliban”ı sevmir və qəbul etmək fikrində də deyillər. Bundan əlavə Pəncşir camaatı çox döyüşkən və cəsurdur.

Pəncşirə digər bölgələrdən kömək gəlir?

Hazırda heç bir ölkə onlara dəstək vermir və döyüşçülər Pəncşir, Kapisa və Pərvan əyalətlərindəndir. Əfqanıstanda yalnız bu üç əyalət “Taliban”ın qarşısında dayanır. Tacik, özbək kimi kiçik etnik qruplar da “Taliban”ı sevmir, onlara müqavimət göstərir. Puştun xalqı digər qruplara qarşı çıxıb, “Taliban”ı müdafiə edir. Buna görə mübarizə aparmaq çətinləşir.

Pəncşirdə nə qədər insan var?

– 5 min döyüşçü,

– Bəs, qadınlar və uşaqlar? Yoxsa qadınlar da döyüşür?

– Xeyr, qadınları və uşaqları kəndə yerləşdirmişik. Həm də, mübarizə dağlarda gedir.

– Hərbi texnikanı necə əldə edirsiniz? Hərbi güc tükənmir?

– Hazırda Pəncşirə haradansa hərbi texnika gəlmir, əlimizdə olanlardan istifadə edirik. Lakin təbii olaraq hərbi gücümüz tükənə bilər, çünki burada bir gün belə döyüşsüz keçmir.

– “Taliban” hakimiyyətə gəldikdən sonra Pəncşir nə qədər itki verib?

Dediyim kimi, yalnız 3 əyalətdə döyüş davam edir. Buna görə də itki azdır. İndiyədək bu mübarizədə təxminən 10 nəfər ölüb. Lakin “Taliban”ın itkisi böyükdür, indiyədək 1000-ə yaxın şəxsi öldürə bilmişik.

– Lideriniz Əhməd Məsudun taliblərdən əsas tələbi nədir? Onu necə xarakterizə edirsiniz?

Əhməd Məsud çox vicdanlı və xeyirxah insandır. O əvvəlcə döyüşmək istəmədi, dialoqa getməyə çalışdı, amma “Taliban” danışmaqdan imtina etdi. O, bütün Əfqanıstan naminə, Əfqanıstanın azadlığı və çiçəklənməsi üçün mübarizə aparır. Əhməd Məsudun əsas şərtləri bunlardır: Əfqanıstanda hakim mövqedə əfqanlar qərarlaşmalıdır, qadınların əvvəlki kimi hökumətdə payı olmalıdır və “Taliban”ın Pəncşirdə bazası olmamalıdır.

– Sizcə, “Taliban” bu şərtlərdən hansısa biri ilə razılaşa bilər?

– Xeyr, düşünmürəm ki, taliblər bu şərtləri qəbul etsin.

– Belə deyirlər ki, taliblər hətta dinc əhaliyə, yəni, onlara qarşı çıxmayan şəxslərə də səbəbsiz yerə hücum edib, öldürürlər. Bu doğrudur?

– Bəli. Üç gün əvvəl 18 nəfəri heç bir günahı olmadığı halda öldürdülər, 20 nəfər yaralandı. Bilmirəm onlar niyə belə edir, amma burada yaşamaq gün-gündən çox çətinləşir…

– Əfqanıstanda bu cür gərgin durum nə qədər davam edə bilər? Sizcə yekunda xalq “Taliban”ı qəbul edəcək?

Hazırkı situasiyaya baxsaq, vəziyyətin uzun müddət gərginlik olacağını demək mümkündür. Əsas etiraz Pəncşirdədir, onlar da mübarizədən çəkinmək istəmirlər.

– Düzdür ki, “Taliban” qüvvələri insanları hətta televizora baxmağa da qoymur?

Bəli, yayılan görüntülər doğrudur. Onlar əhalinin televizora baxmasını istəmir, buna ciddi şəkildə qarşıdırlar. Lakin səbəbini biz də bilmirik, ağılsız qərardır.

– Bir əfqan vətəndaşı olaraq insan haqqlarının gələcəyi ilə bağlı nə düşünürsünüz?

Əfqanıstanda rejim tamamilə “Taliban”ın əlinə keçərsə, onlar ümumiyyətlə insan haqqları barədə düşünməyəcəklər, əvvəl qurduqları hökumət kimi yenə də insanlara zülm etməyə davam edəcəklər. Belə deyim, Taliban puştun xalqından başqa hər kəsi sıxışdırmaqda davam edəcək.

Əzizə Zeynal

Sfera.az

 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button