Manşet

“Xeybəri fəth edənlər” təxribatı – İran Azərbaycanla sərhəddəki təlimləri niyə belə adlandırıb?

İran ordusunun quru qoşunları Azərbaycanın işğaldan azad etdiyi Zəngilan, Cəbrayıl əraziləri ilə sərhədlərimizdə genişmiqyaslı hərbi təlimlərə start verəcək. Artıq bölmələr və hərbi texnikalar sərhədə yaxın ərazilərə yerləşdirilir.

Əlbəttə ki, İran müstəqil, suveren ölkədir və öz əraziləri çərçivəsində istədiyi kimi hərbi təlimlər keçirə bilər. Lakin keçiriləcək hərbi təlimlərin İran-Azərbaycan münasibətlərində soyuquğun yaşandığı bir dövrdə keçirilməsi və təlimlərə “Xeybəri fəth edənlər” adının verilməsi heç də təsadüfi deyil.

Birincisi, bir neçə gün öncə İran XİN Səid Xətibzadə Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi Tehranı sərt tənqid etməsi və iradlarına münasibət bildirərək  “İslam Respublikası öz sərhədləri yaxınlığında sionist rejimin (İsrail – red.) varlığına dözməyəcək və təhlükəsizlik tədbiri olaraq lazım bildiyi hər şeyi edir” deyib.

Mahiyyət etibarilə bu çox ciddi və bir o qədər də təhlükəli açıqlamadır. Xətibzadə bununla faktiki olaraq Azərbaycan hakimiyyətini sionist rejim adlandırıb. Rəsmi Tehranın indi də hərbi təlimə “Xeybəri fəth edənlər” adının verməsi bunu bir daha təsdiqləyir.

Məsələ ondadır ki, Xeybər Səudiyyə Ərəbistanının Mədinə şəhərinin şimalında yerləşən bir ərazidir. VI-VII əsrlərdə bu ərazidə Qüdsdən qovulan sefarat yəhudiləri yaşayıblar. İslam tarixində bu qala və qala sakini olan yahudilər uzun müddət Məhəmməd Peyğəmbərə qarşı ətrafdakı tayfalardan ibarət koalisiya yaratdıqları üçün xüsusi yer tutub. 628-ci ildə Məhəmməd peyğəmbərin rəhbərlik etdiyi qüvvələr Xeybərə daxil olaraq bu koalisiyanı məğlub edib. Yəni buradan çıxan nəticə belədir: İran üçün Azərbaycan 21-ci əsrin Xeybər qalasıdır.

Təlimlə bağlı digər diqqət çəkən məqam da zirehli texnika, artilleriya, PUA-lar və radioelektron mübarizə vasitələrinin istifadə ediləcəyidir. Xüsusilə, təlimlərə PUA-ların cəlb edilməsi rəsmi Bakıya verilən növbəti mesajdır. 44 günlük müharibə zamanı savaşın taleyini böyük ölçüdə həll edən İsrail istehsalı “Harop” və Türkiyə istehsalı “Bayraktar” PUA-larını bilən İran təlimlərə PUA-ları cəlb edərək, rəsmi Bakıya qarışındakı ölkənin zəif Ermənistan deyil, İran olduğu mesajını verməyə çalışır.

Rəsmi Tehran Azərbaycanın xarici siyasətindən və regionda baş verən dəyişikliklərdən ciddi narahatdır. Bu mənada düşünürəm, “Xeybəri fəth edənlər” təlimi təkcə hərbi təlim olmayacaq.

Birincisi, İran təlimləri bahanə edərək, şimal-qərb bölgəsi Güney Azərbaycanı – Ərdəbil, Zəncan, Şərqi və Qərbi Azərbaycan ostanlıqlarında Cənubi Azərbaycan fəallarına qarşı növbəti təmizləmə əməliyyatı keçirəcək. Çünki Tehran hakimiyyəti yaxşı bilir ki, Azərbaycanla ehtimal edilən bir gərginliyə reaksiya verəcək ilk qüvvə Cənubi Azərbaycan fəalları və milliyyətçiləri olacaq. Bu mənada bu təhlükənin qarşısı vaxtında alınmalıdır.

İkincisi, təlimlər zamanı ölkə daxilindəki İranmeyilli qüvvələr aktivləşə bilər. Mahiyyət etibarilə bu proses artıq başlayıb. Anım Günü tədbirlərindən birinə qatılan bir qrup çadralı qadının İsrail əleyhinə şüarlar səsləndirməsi və sosial şəbəkə üzərindən müxtəlif növ çağırışların edilməsi bunu bir daha təsdiqləyir.

Üçüncüsü, İran bu təlimlər ilə rəsmi Bakıya gözdağı verməyə, faktiki olaraq öz hərbi qüdrətini göstərərək İsrail-Azərbaycan münasibətlərindən çəkindirməyə səsləyir.

Turan Rzayev

sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button