Manşet

Ocaq Nejat kimdir? – Bakıya nə vaxt, hansı məqsədlə gəlmişdi və niyə yola salındı?

İran İslam Respublikasının ali dini rəhbəri Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaq Nejat Azərbaycanı tərk edib. Ocaq Nejatın Azərbaycanı tərk etməsi faktını İranın Azərbaycandakı səfirliyi də təsdiqləyib. Onun Azərbaycanı tərk etməsi özlüyündə bir sıra suallar da yaradır. Ocaq Nejat Azərbaycanı niyə tərk etdi və onun ölkəni tərk etməsi niyə bu qədər səs-küyə səbəb olub?

Seyid Əli Əkbər Ocaq Nejat 1991-ci ildə, o dövrün İran dövlət başçısı Haşimi Rəfsəncaninin sərəncamı ilə Azərbaycan Respublikasına dini təbliğatçı kimi göndərilib. 1996-cı ilə qədər bir müddət Seyyid Əli Xameneinin Azərbaycandakı ovaxtkı nümayəndəsi Ayətullah Səbri Həmədaninin müavini kimi çalışıb. 1996-cı ildən isə, ali dini liderin Azərbaycan üzrə nümayəndəsi vəzifəsinə təyin olunur. Eyni zamanda bir müddət İran Mədəniyyət Mərkəzinin rəhbəri vəzifəsini tutub.

Ocaq Nejatın İran Mədəniyyət Mərkəzinin rəhbəri sifəti ilə eyni zamanda diplomatik statusa malik olması sözün əsl mənasında onun əl qolunu açıb. 1996-cı ildən bu günə qədər ətrafında geniş bir kütlə toplayan Ocaq Nejad Azərbaycanda inanclı təbəqə arasında böyük nüfuz sahibinə çevrilməyi bacarıb. Xüsusilə, onun müxtəlif vaxtlarda dərc etdiyi kitablar və etdiyi moizələri ölkədə iranmeyilli qüvvələrin sayını da kifayət qədər artırıb.

Ocaq Nejat savadlı ruhani olmaqla yanaşı, istedadlı natiq və təbliğçidir. Bu səbəbdən də onun çıxışları, moizələri böyük maraqla qarşılanır. Ocaq Nejatın qeyri-rəsmi daha bir funksiyası isə Azərbaycanda ticarətlə məşğul olmaq istəyən iranmeyilli şəxslərə xüsusi imkanlar yaratmaq idi. Söhbət ticarətlə məşğul olan inanclı şəxslərin İran mallarını daha ucuz əldə edib, rahat şəkildə satmasından gedir. Nəticə etibarilə deyə bilərik ki, Ocaq Nejat təkcə İranın ölkəmizdəki dini təbliğatçı deyil, həm görən “gözü”, həm də eşidən “qulağı” idi…

Rəsmi Bakı onsuz da illərdir, bu şəxsi ölkədən uzaqlaşdırmaq, rəsmi Tehranın Azərbaycandakı inancı kəsim üzərindəki nəzarətini neytrallaşdırmaq istəyirdi.

Hazırda tərəflər arasında gərginliyin yüksək olduğunu da nəzərə alsaq, rəsmi Bakının Tehrana ciddi bir mesaj verməsi gözlənilirdi. Bu Azərbaycanın İrandakı səfirinin geri çağırılması da ola bilərdi, İranın Bakıdakı səfirinin ölkədən xaric edilməsi. Səfirin geri çağırılması faktiki olaraq İran-Azərbaycan münasibətlərinin dondurulması demək olacaqdı. Rəsmi Bakı bunu istəmir. Çünki Azərbaycan regionda 6-lıq platformanın yaradılmasında maraqlıdır.

Görünür, elə buna görə də üçüncü yol tapıldı – Ocaq Nejatın ölkəsinə yola salınması. Rəsmi Bakı bu addımı ilə həm də 3 məqsəd güdə bilər:

Birincisi, bu addım Tehrana verilmiş açıq bir mesajdır. Bakı bununla İrandan çəkinmədiyini, əksinə qarşısındakı Azərbaycanın 2000 ci illərin Azərbaycanı olmadığını əyani şəkildə göstərmiş oldu.

İkincisi, Azərbaycan Ocaq Nejatı ölkəsinə yola salaraq İranın ölkədəki xüsusi təhlükəli təriqətçi kəsimi üzərindəki təsirini minimuma endirmiş oldu. Bu həm də İranın “şiə hilalı” planına mühüm zərbə oldu. Çünki “şiə hilalı” planı çərçivəsində Azərbaycanda olan bəlli qruplaşmalar rəsmi Tehran üçün sosial baza funksiyası daşıyırdı.

Üçüncüsü, rəsmi Bakı bu addımla özünün İrana deyil, İranın ona ehtiyacı olduğunu göstərmiş oldu. Bakı bu günə qədər Qərbin və ya ABŞ-ın iqtisadi, siyasi təzyiqlərinə qoşulmayıb. Digər tərəfdən, rəsmi Bakı ABŞ-ın bir neçə dəfə İran əleyhinə yaratmaq istədiyi koalisiyaya da qoşulmayıb. Bu gün Azərbaycan İran üçün həm də Qərbə açılan qapıdır. Rusiya ilə ticarətdə də Azərbaycan İran üçün həyati əhəmiyyət kəsb edir.

Görünür, rəsmi Bakı daha təsirli təzyiq mexqanizmlərini işə salmazdan öncə Tehranın bu reallıqları anlamasına son fürsət tanıyıb.

Turan Rzayev

sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button