Manşet

Kiprdə tutulan azərbaycanlı killer İranla İsraili üz-üzə qoydu – Onu kim göndərib?

Kiprdə sentyabrın 27-də tutulan, bu ölkədə israilli biznesmenləri öldürmək üçün göndərilən azərbaycanlı killer ətrafında müəmma davam edir. Rusiya pasportu daşıyan 38 yaşlı muzdlu qatil bu günə qədər polisin heç bir sualına cavab verməyib. Ötən gün məhkəmə onun həbs müddətini uzadıb və araşdırma davam edir.

İsrail hökuməti və müdafiə naziri bundan əvvəl bəyan etmişdi ki, killer Kiprə İranın xüsusi xidmət orqanları tərəfindən göndərilib, onun məqsədi israilli iş adamlarını öldürmək olub. Killerin hədəfində olanlardan biri də Kiprdə və Londonda yaşayan israilli milyarder, 5.6 milyard dollar sərvətə malik olan Tedi Saqidir.

İran isə bu işdə əlinin olduğunu inkar edir. “Jerusalem Post” nəşrinin yazdığına görə, İranın Kiprdəki səfirliyi əhvalatdan xeyli keçmiş-ötən gün ilk dəfə iddialara cavab verib. Bu iddiaları “sionist rejimin İranın ünvanına yönəlmiş növbəti əsassız ittihamı” adlandırıb.

“Bu rejim həmişə İslam Respublikasının ünvanına bu cür əsassız ittihamlar irəli sürür və hər hansı sübut olmadan İrana qarşı mənfi atmosfer formalaşdırmağa çalışır”,-səfirliyin bəyanatında deyilir.

“Fars” agentliyi isə qeyd edir ki, bir tərəfdən İsrail mediası killerin milyarder Tedi Saqinin rusiyalı ortağı tərəfindən borc məsələsinə görə onu öldürmək üçün göndərildiyini yazır, digər tərəfdən isə İsrail hökuməti İrana qarşı belə ittihamlar irəli sürür.

Kipr polisi də hələlik hücum planının arxasında İranın dayandığını təsdiq etmir. Polisin son məlumatına görə, killer öz hədəflərini vurandan sonra elektrosamokatla adanın türk hissəsinə qaçmağı planlaşdırmışdı. Killerin adanın yunan hissəsində qaldığı yer təsbit edilməyib, bu baxımdan ehtimal edilir ki, o adanın şimal hissəsində qalıb. İndi polis killerin telefon məlumatları əsasında onunla əlbir olan şəxsləri müəyyən etməyə çalışır, bu şəxslərin adanın türk hissəsində olduqları təxmin edilir.

İsrail mətbuatı Kiprdəki bu qəsd planının İranın Azərbaycanla münasibətlərində gərginliyin yaşandığı vaxta təsadüf etdiyini xatırladır. Və bildirir ki, İran Azərbaycanı İsraillə münasibətlərinə görə sıxışdırmağa çalışır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button