Manşet

Hacıbala Abutalıbovla yanan binanın sakinləri arasında qarşıdurma: Mer xəsarətin addımlığından döndü – VİDEO

Hacıbala Abutalıbovla yanan binanın sakinləri arasında qarşıdurma: Mer xəsarətin addımlığından döndü - VİDEOYanan binanın qəzəbli sakinləri ilə BŞİH rəhbəri və polislər arasında dartışma, Bakı meri əraziyə çıxmağına peşman oldu

Aldığımız məlumata görə bu dəqiqələrdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yanan bina olan ərazidədir. O, yanğının başvermə səbəbləri və digər məsələlərlə maraqlanır. Hadisə yerində olan jurnalist Aysel Əlizadənin verdiyi məlumata görə, BŞİH rəhbərini polislər mühafizə edir. H.Abutalıbovla yanan binanın bir qrup sakini arasında qarşıdurma da olub. A.Əlizadənin bildirdiyinə görə, bir qrup sakin BŞİH rəhbərindən kömək istəyib. Onlar deyiblər ki, qalmağa yerləri yoxdu, saatlardır çöldə ac-susuzdular.

Zərərçəkənlər H.Abutalıbova yaxınlaşmaq istəyərkən bir neçə dəqiqəlik qarşıdurma baş verib. Aysel Əlizadə bildirir ki, polislər əhali ilə maksimum səbirli və mədəni davranmağa üstünlük verir. Amma bu davranış bəzi hallarda pozulur. Həmkarımızın dediyinə görə, qəzəbli insanların H.Abutalıbova çox yaxınlaşmasına imkan verilmədiyi üçün xırda dartışmalar yaşanır.

A.Əlizadə onu da bildirdi ki, yanan binanın yaxınlığındakı evlərin sakinləri də ayaqdadırlar. Onlar yaşadıqları binaların penaplast üzlüklərinin sökməsini tələb edirlər. Bildirirlər ki, bu üzlüklər dəyişdirilsin. Yoxsa onların evləri yana, övladları həlak ola bilər. Əks təqdirdə üzlüyü özləri sökə bilər. Həmkarımız bildirdi ki, əhalidə yersiz aqressiya, idarə olunmaz qəzəb müşahidə olunmur: “Əksinə, mən sakinlərdə sadəcə həyatlarından dolayı narahatlıq müşahidə etdim. Onlar nəyisə dağıtmağa, sındırmağa yox, gözlənilən növbəti faciənin qarşısının alınması üçün aidiyyatı qurumların başçılarının diqqətini problemə çəkməyə çalışırlar”.

A.Əlizadə bildirdi ki, H.Abutalıbovu Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, rayondan deputat olan Hacı Madər və digər vəzifəli şəxslər müşayiət edir.

Sakinlərdən birinin musavat.com-a verdiyi xəbərdə isə bildirilir ki, H.Abutalıbov yanan binanın həyətində olarkən yuxarıdan üstünə şüşə qırıqları düşüb. BŞİH rəhbəri cəld tərpənib kənara çəkilməsəymiş xəsarət ala bilərmiş.(musavat.com)

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button