Manşet

“Oliqarxgeyt işi” Londona uzanır

“Oliqarxgeyt işi” Londona uzanırƏsas biznesinin İngiltərədə quran Nizami Priyevin Bakıda həbsi yeni iddialara səbəb olub; İş adamlarının Azərbaycanda yaratdığı “KFC” restoranlar şəbəkəsi ilə Ziya Məmmədovu nə birləşdirir?

“Oliqarxqeyt həbsləri” ölkə gündəminin bir nömrəli mövzusu olaraq qalmaqdadır. Məlumatlara görə, həbslər hakimiyyət daxilində ciddi müzakirə mövzusudur. Çünki Beynəlxalq Bankdan küllimiqdarda kreditlərin alınmasında bəzi nazirlərin vasitəçilik etdiyi, dövlətin bankının talan edilməsində dolayı iştirakı, hətta bir neçə oliqarxa “sənə heç kim heç nə edə bilməz” kimi kriminalsayaq vədlər verilməsi üzə çıxıb.

“Oliqarxqeyt həbsləri” ölkə gündəminin bir nömrəli mövzusu olaraq qalmaqdadır. Məlumatlara görə, həbslər hakimiyyət daxilində ciddi müzakirə mövzusudur. Çünki Beynəlxalq Bankdan küllimiqdarda kreditlərin alınmasında bəzi nazirlərin vasitəçilik etdiyi, dövlətin bankının talan edilməsində dolayı iştirakı, hətta bir neçə oliqarxa “sənə heç kim heç nə edə bilməz” kimi kriminalsayaq vədlər verilməsi üzə çıxıb.

Avropa Oyunlarına hazırlıq səbəbindən hələ ki “böyük başlar”a dəyilməyəcəyi deyilir. Amma məlumatlar gəzir ki, bəzi məmur təbəqəsi ciddi təlaş içərisindədir. Çünki bəzi xəbərlərə görə, problemli kreditlər yalnız aysberqin görünən hissəsidir, əslində sızan məlumatlar onu göstərir ki, ortada həm də hakimiyyətə qarşı ciddi bir şəbəkənin ifşası da var və bu, banka borcu qaytarmaqla yekunlaşmayacaq.

Daha bir sensasion məlumat da var ki, bir şəbəkə təkcə ölkə içərisində deyil, xaricdə də ciddi fəaliyyət göstərib. Onların Avropanın siyasi və biznes dairələri ilə gizli əlaqələrini və təmaslarını isə hakimiyyət fiksə edib. Bu xüsusda hələ ki bir paytaxtın – Londonun adı çəkilir. Məlumatlı mənbə “Yeni Müsavat”a deyib ki, İngiltərədə fəaliyyət göstərən iş adamı Nizami Piriyevin Bakıda həbsi bu cür informasiyaların yayılmasına səbəb olub. Nizami Piriyev 2009-cu ildə Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyrin Azərbaycana səfəri ilə gündəmə gəlmişdi.

O zaman Bleyri Azərbaycana gətirən Piriyev onu Qaradağda hazırda fəaliyyəti dayandırılan “AzMeCo” metanol zavoduna aparmış, sabiq baş nazir həmçinin şirkətlə bağlı tədbirdə iştirak etmişdi. Nizami Piriyevin və oğlu Nəsib Piriyevin təsisçisi olduqları “PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir. “PNN Group” “De Beers” və “Hamley’s” brendlərinin tərəfdaşıdır. Nizami Piriyev Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin də qurucularındandır. “PNN Group”un digər sahibi onun oğlu Nəsib Piriyevdir.

Ümumilikdə Piriyevlər ailəsinin orta Asiyada – Özbəkistanda, Qırğızıstanda və Əfqanıstanda neft və qaz zavodları, Özbəkistanda ayaqqabı istehsalı biznesi var. Piriyevlərin Qazaxıstanda 7 televiziya və radiokanalını, nəşriyyat evini birləşdirən media holdinqi olduğu da iddia olunur. Aydındır ki, böyük pullar həm də siyasət deməkdir; o halda Priyevin həbsinin siyasi motivləri olduğuna dair şübhələr əsaslı görünür. Yeri gəlmişkən, “Yeni Müsavat” hələ ötən həftə Nizami Piriyevin borcunu qaytarmadığı və ya buna imkanı olmadığı üçün barəsində 4 ayadək həbs qərarı verilməsinin inandırıcı olmadığını yazmışdı. Daha bir maraqlı fakt budur ki, Nizami Piriyevin Azərbaycanda qurduğu “KFC” restoranlar şəbəkəsini nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun nəzarətində olan AFK MMC idarə edir. Şirkətin rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunur ki, KFC-nin Bakıda 4 restoranı mövcuddur. Bunlar Fəvvarələr meydanında, “Park Bulvar”da, “28 Mal” alış- veriş mərkəzində və “28 May” metrosunun yanında yerləşən tarixi binada yerləşir. (Məlumata bu linkdə baxmaq olar: http://www.meydan.tv/az/site/politics/2557/nazir-o-lunun-transmilli-biznes-b-k-si-ara-d-rma.htm)

***
Şübhələrin niyə London üzərində cəmləşdiyi barədə də bir çox iddialar mövcuddur. London dünyanın böyük pullarının dövr etdiyi maliyyə mərkəzi olmaqla bərabər, həm də varlı “mühacirlərin” toplaşdığı paytaxt statusundadır. Burada bir neçə ölkədən, xüsusən də keçmiş SSRİ respublikalarından və Azərbaycandan “qovulmuş” bir çox oliqarxlar məskunlaşıb. Bu səbəbdən də London “çevriliş planları” üçün ideal məkan hesab olunur. Oliqarxların, konkret olaraq Nizami Priyevin həbsinin bu kim planlarla nə dərəcədə bağlılığı olduğu barədə dəqiq bilgi yoxdur. Amma ehtimal edilir ki, Nizami Piriyev “oliqarxqeyt işi”ndə açar fiqur ola bilər.

Hakimiyyətdəki bir qrupa yaxın olan Hafiz Hacıyevin belə bir həssas məqamda danışması da “oliqarxqeyt işi” ilə bağlı Avropa Oyunlarından sonra yeni bir həbs dalğasının başlayacağına işarədir. H.Hacıyev deyib ki, növbəti həbslər böyük sensasiyaya səbəb olacaq: “Siyahıda bir neçə nazir var. Hansı ki, övladları Vaşinqtonda 10 milyona qədər vəsait xərcləyib, dədələrinin təbliği ilə məşğuldurlar. Xaricdən stenoqramlar gəlməlidir, Konqres, Senat üzvlərinə ”kifayət qədər pulumuz var, dədəmi müdafiə edin\”, – deyən “gül bala”ların hamısı ifşa olunmalıdır. Qərbdən ölkəmizə edilən təzyiqlərin səbəbkarları burda yüksək kreslolarda oturanlardır. Onların da hamısının övladları bu gün xaricdədir, hansı ki, ölkənin vəsaitini göylərə sovururlar…\” (modern.az).

Hafiz Hacıyev bildirib ki, Cahangir Hacıyevdən soruşulacaq ki, bu pulları kredit olaraq verəndə hansı nazirin xahişini yerinə yetirib. “Bax, o zaman hər şey aydınlaşacaq. Düşünürəm ki, həbs dalğaları daha da genişlənəcək. İndi onların əksəriyyəti Azərbaycandan qaçmaq istəyir”, deyə, H. Hacıyev bildirib. H. Hacıyevin “Vaşinqtonda 10 milyona qədər vəsait xərcləyib, dədələrinin təbliği ilə məşğuldurlar” desə də, ad çəkməyib. Vaşinqtonda Azərbaycanın lobbiçiliyi üçün fəaliyyətlə məşğul olanların siyahısı geniş deyil, bu işlə bir neçə deyil, yalnız bir nazirin oğlu məşğuldur. Həmin nazir oğlunun da təşkil etdiyi tədbirlərdə Konqres və Senat üzvləri də iştirak edir. H.Hacıyev ad çəkmədiyi üçün “Yeni Müsavat”da onun yerinə bu işi görmək fikrində deyil. Zənnimizcə, söhbətin kimlərdən getdiyi oxuculara aydındır. Həmin adamların adının “oliqarxqeyt işində” gündəmə gətirilməsi də təsadüfə oxşamır. Yeri gəlmişkən, həmin nazirin oğlunun amerikalı milyarderlə birgə tikdirdiyi hotelin açılışı naməlum səbəblərdən ləngiyir…

Qalmaqallı açıqlamaları ilə tanınan H.Hacıyev ictimai rəydə ciddi siyasətçi kimi qəbul edilmir. Amma nəzərə almaq lazımdır ki, son üç prezident seçkilərində H.Hacıyevin adı prezidentliyə namizədlər bülletenində olub…

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button