Manşet

Putinin Azərbaycanla bağlı sonuncu planı

Putinin Azərbaycanla bağlı sonuncu planıRusiyanın öz iqtisadiyyatını xilas eləmək və dirçəltmək üçün neft ölkələri ilə bağlı 3 ssenarisinin olduğu deyilir; Bakı ilə Moskva arasında “mehriban düşmənçilik” dövrü bitir?..

Azərbaycan uğrunda Qərb-Rusiya geosiyasi mübarizəsi hələ ki, öz məntiqi sonluğuna çatmayıb. Bunu prezident İlham Əliyevin Avropa Birliyinin Riqadakı tərəfdaşlıq sammitinə qatılmaqdan qəfil imtinası, bundan cəmi bir gün sonra isə Rusiya prezidenti Vladimir Putinin I Avropa Yay Oyunlarının açılış mərasiminə qatılmaqla bağlı qərar verməsi bir daha və özünəməxsus şəkildə təsdiqlədi.

Regionun açar ölkəsi kimi Azərbaycan uğurunda savaşın sərtliyi, rəqabətin özəlliyi məntiqli və anlaşılandır: Bakı Putinin Avrasiya layihələrinə qoşulmağa razılıq verərsə, bölgə bütövlükdə Rusiyanın, Avropa Birliyinə qoşularsa – Qərbin çətiri altına düşəcək. Azərbaycan isə Rusiyadan ötrü həm də energetik rəqibdir və bu rəqib, daha doğrusu, “mehriban düşmən”in davranışından yaxın perspektivdə şimal qonşumuzun nə dərəcədə beynəlxalq sanksiyalardan əziyyət çəkəcəyinə əhəmiyyətli təsir edə bilər.

Söhbət öncəliklə Avropanın Rusiyadan qaz asılılığının azalmasından, TAP, TANAP, “Türk axını” layihələrinin taleyindən və xam neftin dünya bazarındakı qiymətindən gedir. Sirr deyil ki, bu qiymətin aşağı həddə qalmasında neft ölkələrinin neft siyasəti də az rol oynamır.

***
Bu arada nüfuzlu “Foreign Policy” nəşri Rusiyanın öz iqtisadi dirçəlişini təmin etmək, neftin zəruri həddədək bahalaşmasına nail olmaq üçün bəzi ciddi addımlar ata biləcəyini proqnoz edib. Nəşr bu versiyalardan biri kimi Moskvanın Azərbaycanda stabilliyi pozması fikrini də irəli sürüb.əə

ABŞ nəşri Ukraynadan sonra Rusiya iqtisadiyyatının uçuruma yuvarlandığını qeyd edərək yazır: “Qərb Rusiyanı küncə sıxmaq üçün neftin qiymətini aşağı saldı. Hansı ki, bu ölkənin iqtisadiyyatının onurğa sütununu məhz neft gəlirləri təşkil edir. Hazırda Rusiyanın xarici borcu 15 faiz olmaqla o qədər də böyük deyil. Lakin ölkədə ümumi daxili məhsul azalıb, ixrac və idxal problemləri yaşanır. Belə olduğu halda Rusiyanın geri çəkiləcəyini düşünmək sadəlövhlük olardı”.

Nəşrin iddiasına görə, Kremlin “beyin mərkəzləri” ölkə iqtisadiyyatının uçurumdan çıxarılmasını neft qiymətlərinin qalxmasında gördüklərindən, neftin dünya bazarında bahalaşmasına nail olmaq üçün bir neçə ssenari hazırlayıb. Bunlar aşağıdakılardır:

1. İranla “Altılıq” ölkələri arasında danışıqları sabotaj etmək. Məlumdur ki, Tehrana qarşı sanksiyalar götürüldükdən sonra İran neft bazarına qayıdacaq ki, bu, “qara qızılı”ın qiymətini daha da aşağı salacaq. “İranla müharibə başlasa, bu, hazırkı məqamda Rusiyanın xeyrinədir. Bu, az ehtimal olunan məsələdir, lakin neftin qiymətinə təsir edəcək əsas amillərdəndir” – yazır nəşr.

2. Neft istehsalı olan kiçik ölkələrdə stabilliyi pozmaq. Bu yolla da qiymətlərə təsir etmək mümkündür. Bu sıraya Venesuela, İraq, Nigeriya, Əlcəzair, Azərbaycan, Qazaxıstan və Meksika daxildir. “Bu, sonuncu versiyadır, lakin həmişə gündəmdə qalır. Rusiya bu ölkələrdə stabilliyi pozmaq istəyə bilər” – vurğulayır müəllif və əlavə edir: “Digər ssenari Bakı-Subsa boru kəməri və Bakı-Ceyhan kəmərinin hədəfə alınmasıdır. Rusiya Gürcüstana müdaxilə etmək təcrübəsinə sahibdir. Yəni Moskva Gürcüstana girərək bu kəmərlərin axınını dayandıra və qiymətləri qaldıra bilər”.

3. Hörmüz boğazının bağlanması, yaxud İŞİD-i Səudiyyə Ərəbistanına qarşı qaldırmaq. “Variantlar arasında əsas neft ixracatçılarından olan Səudiyyə Ərəbistanında vəziyyəti nəzarətdən çıxarmaq və Hörmüz boğazını qısa müddətə olsa da bağlamaq ssenarisi də var. Bu, çətin görünsə də, Moskva müxtəlif yollarla bu niyyətə düşə bilər. Misal üçün, Yəməndəki şiə azlığının narazılığından istifadə edər. Çünki Rusiya separatizmi qızışdırmaq ənənələrinə malikdir. O, Dağlıq Qarabağda, Cənubi Osetiya və Abxaziyada, eləcə də Ukraynada üsyançıları silahlandırıb” – yekunlaşdırır “Foreign Policy”.

***
Sadalananlar, təbii ki, jurnalın versiyalarıdır. Ancaq o da var ki, Putin hələ ki, konkret olaraq Azərbaycanla bağlı son planını işə salmayıb. Hələ ki, Moskva Azərbaycanı ələ alması və öz orbitindən uzağa getməməsi üçün müvafiq addımlar atır, bəzi reveranslar edir. Bakı ilə silah satışı sahəsində əlaqələrin inkişaf etdirilməsi (bu silahlar əslində Azərbaycan ordusunu Rusiya hərbi zavodlarından, Rusiyadan asılı edir), Putinin Avropa Oyunlarının açılışında iştirak üçün Bakıya səfər etmək qərarı verməsi Kremlin ölkəmizə ayırdığı ciddi “diqqət və qayğının” əyani göstəricisidir.

Üstəlik, bu günlərdə məlum oldu ki, Azərbaycanla Rusiya sentyabr ayında Xəzər dənizində ilk dəfə olaraq birgə hərbi təlimlər keçirəcək. Rəsmi məlumatlara görə, təlimlər zamanı hərbçilər “dənizdə gəmiçiliyin və beynəlxalq dəniz fəaliyyətinin təhlükəsizliyini təmin edilməsi üçün” Xəzər donanmasının və Azərbaycanın gəmiləri arasında qarşılıqlı əlaqələri məşq edəcək, dəniz və hərbi hədəflərə birgə artilleriya atışları və digər ortaq manevrlər həyata keçiriləcək.
Aydındır ki, bu təlimlər Qərbə Xəzərdə “əzələ nümayiş” etdirmək üçün daha çox Rusiyaya gərəkdir. Bu, həm də o anlama gəlir ki, Kreml dənizdə “kənar” hərbi amillərin mövcudluğuna imkan vermək fikrində deyil. Demək, transxəzər neft-qaz kəmərlərinə nəzarət də Moskvanın əlində qala bilər.

Hər halda, Bakının qəti olaraq Qərb seçimi etməməsi üçün Kremlin strateji hədəfi kənardan belə görünür. Təəssürat həm də belədir ki, hələlik Rusiya Azərbaycanla bağlı ən son planını işə salmayıb. Bu planın mahiyyəti isə dəqiqliklə, yəqin ki, yalnız KQB zabiti Putinin özünə məlumdur.

***
İstənilən halda, Rusiya liderinin Bakıya qarşıdakı işgüzar səfəri, bu səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentləri ilə gözlənilən görüşləri bir sıra aktual məsələlərlə ilgili “i”-lərin üzərinə nöqtələr qoya bilər. Belə görünür, “mehriban düşmənlər”in kövrək müttəfiqlik dövrünün bitməsinə bir şey qalmayıb. Bundan sonra hansı mərhələ gələcək: Azərbaycanla Rusiyanın əsl müttəfiqliyi, yoxsa…

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button