Manşet

Basdırılan meyit Nərminin deyilmiş? – Sensasion iddialar, prokurorluqdan açıqlama

Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi keçirilib.

Prosesdə şahid qismində mərhum Nərminin nənəsi Leybə Quliyeva və əmisi Arif Quliyev dindiriliblər.

A.Quliyev ifadəsində qardaşının evi ilə onların evi arasında təxminən 700 metr məsafə olduğunu, hadisə günü Nərminin gödəkçə gətirdiyini, tez də qayıdıb getdiyini deyib: “Dedi ki, “kurtkanı” atam göndərib. Torba göndərəcəkdim, baxdım ağırdı, apara bilməz. Ona görə dedim ki, bacınla gələr aparasan. Nərmin getdikdən təxminən bir saatdan sonra böyük bacısı gəlib dedi ki, bacım evə gəlib çıxmayıb”.

Mərhumun əmisi deyib ki, hadisə günü axşam qardaşı Şərif onlara gəlib, birlikdə qonşu kəndə qohumlarının “ciyər axşamına” gediblər. Təxminən saat 20:00-da geri qayıdıblar. Bir saatdan sonra isə kəndə Nərminin yoxa çıxması xəbəri yayılıb.

A.Quliyev deyib ki, Nərmin onlara gələndə əynində cins şalvar, ağ idman ayaqqabısı, qırmızı boğazlı köynək və gödəkçə olub.

Tərəflərin suallarını cavablandırarkən məlum olub ki, Nərmin itkin düşdükdən sonra hüquq-mühafizə orqanları kəndə əhliləşdirilmiş itlər gətirib. İtlər A.Quliyevin, onunla eyni həyətdə yaşayan anasının və qonşusunun evinə girib.

Cinayət işinin materiallarındakı ifadələrdən aydın olur ki, yandırılmış meyit tapılandan sonra yas mərasimində mərhumun anası Aynurə İsmayılova  o vaxtkı polis rəisi Şirzad Abdullayevin yaxasından tutub, uşağın ölümünə görə onu ittiham edib.

Təqsirləndirilən İ.Süleymanovun qardaşı Adil Süleymanov mərhum Nərminin yaxınlarının məhkəmədə səmimi ifadə vermədiklərini deyib: “Həqiqətin üzə çıxmasını istəmirlər, çox şeyi gizlədirlər. Cinayətin günahsız bir insanın üstündə qalmasına yardım edirlər. Uşağın anası dindiriləndə deyirdi ki, Nərmin yoxa çıxmamışdan əvvəl əynində yubka, ağ kalqotka olub. Əmisi isə deyir, cins şalvar olub. Ona görə ki, yandırılmış meyitin əynində cins şalvar olub”,-Adil Süleymanov bildirib.

Onun sözlərinə görə, iş materiallarında daha ciddi ziddiyyətli məqamlar var. Belə ki,  N.Quliyevanın qan qrupu ilə yandırılmış vəziyyətdə tapılan meyitin qan qrupu fərqlidir: “İş materiallarında tibbi sənədlər və ekspertiza rəyi var. Uşağın şəxsiyyət vəsiqəsində, tibb tarixçəsində başqa qan qrupudur, meyitlə bağlı ekspert rəyində başqa. Nərminin qan qrupu 4, basdırılan meyitin qan qrupu isə 2 -dir”.

“İş materiallarında meyitin ölçüləri olmalıydı, ekspert mütləq bunu yazmalıydı. Amma meyitin boyunun uzunluğu yoxdur. Amma işdəki fotoşəkillərdən görünür ki, həmin meyitin ölçüsü Nərminə – 10 yaşlı uşağa uyğun deyil, xeyli uzundur. Fotoşəkil əsasında kompüter vasitəsilə aparılan mütəxəssis tədqiqatı da bunu ortaya qoyub”, – Süleymanov belə deyir.

Qan qrupları arasındakı ziddiyyət, meyitin boyunun ölçüsü barədə dediklərini vəkil Əlibaba Rzayev də təsdiqləyib. Müdafiəçi bildirib ki, məhkəmədə sənədlərin tədqiqi mərhələsində bu məsələləri qaldırıb ziddiyyətlərə aydınlıq gətirməyə çalışacaqlar.

Məhkəmə prosesi oktyabrın 27-də davam edəcək.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Azyaşlının qətlində təqsirləndirilən İ.Süleymanov özünü təqsirli bilməyib, məhkəmənin ilk günündən etibarən bu işə aidiyyəti olmadığını deyib. Onun ailə üzvləri də İ.Süleymanovun günahsız olduğunu bildiriblər.

***

Baş prokurorluq 2019-cu ildə Tovuzda itkin düşən azyaşlının qan qrupunun sonradan tapılan meyitdəki qan qrupu ilə fərqli olduğu barədə deyilənləri təkzib edib. Məlumatda deyilir ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qətlə yetirilmiş azyaşlı Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə əsassız məlumatlar yayılıb.

Məlumatda bildirilib ki, istintaq zamanı məhkəmə-tibb, məhkəmə-genetik ekspertizaları təyin edilib və zəruri istintaq hərəkətləri keçirilib: “Odur ki, iş materiallarında hər hansı bir ziddiyyətli hallar mövcud deyil”.

 

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button