Manşet

“Azərbaycan Naxçıvana yol istəyirsə…” – Ermənistan TŞ-nın katibi əvəzində bu ərazini istədi

Bakı və İrəvan Rusiyanın rəhbərlik etdiyi İşçi Qrupu çərçivəsində Azərbaycan tərəfinə Ermənistan ərazisindən keçməklə Naxçıvana yol verilməsi imkanını müzakirə edirlər.

Savash.org xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində deyib.

“ “Əgər Azərbaycan ancaq Naxçıvana yol istəyirsə o zaman Xındzoresk (Zəngəzurun indiki Ermənistan ərazisində yerləşən, Gorus rayonuna aid olan Xinzirək kəndi,-red.)-Biçənək (Şahbuz rayonunun Biçənək kəndi,-red.) yolundan istifadə etmək məqsədəuyğundur. Bunun əvəzində biz Xindrozesk-Horadiz yolundan istifadə imkanı əldə edirik. Lakin bu məsələlər hələ müzakirə olunur”

Qriqoryan vurğulayıb ki, söhbət dəhlizdən yox, Azərbaycana yol verilməsindən gedir.

Xatırladaq ki, söhbət hələ sovet dövründə mövcud olan avtomobil yolunun bir hissəsindən gedir. Bu yol Azərbaycanın Füzuli rayonunun Horadiz qəsəbəsindən başlamaqla  (Bəhramtəpə-Horadiz yolu)  və Qubadlıdan keçməklə (Zəngilana daxil olmadan) Laçın şəhərinə, oradan Ermənistanın Gorus rayonunun Tex və Xinzirək kəndlərinə aparır, daha sonra Gorus şəhərinin yaxınlığından keçərək Naxçıvanın Şahbuz rayonuna, Biçənək kəndinə (Biçənək aşırımından keçməklə) birləşir. Daha sonra həmin yolla Şahbuz rayon mərkəzindən  keçməklə Naxçıvan şəhərinə getmək olar.
Başqa sözlə, indiki halda erməni tərəfinin təklif etdiyi bu yoldan istifadə etmək üçün əvvəlcə  Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizi zolağına daxil olmaq, oradan isə Ermənistanın Gorus rayonu ərazisindən keçməklə  Şahbuza getmək lazım gəlir. Azərbaycan isə Zəngəzur dəhlizi olaraq daha əlverişli və qısa marşrut-Mincivan-Ordubad dəmir yolu boyu uzanan və Zəngilanın Ağbənd qəsəbəsini Ordubadla birləşdirən, Nüvədi kəndindən keçən cəmi 40 kilometrlik marşrut təklif edir. Bu marşrut Ermənistanın İranla sərhədi boyu uzanır. Hansı ki, erməni tərəfinin təklif etdiyi marşrut həmin marşruta nisbətən bir neçə dəfə uzundur. Və nəticədə iqtisadi və coğrafi baxımdan sərfəli deyil. Zəngəzur dəhlizi dedikdə isə təkcə Azərbaycanı onun eksklav ərazisi Naxçıvanla birləşdirən yol deyil, eyni zamanda beynəlxalq tranzit əhəmiyyəti daşıyan, İranı və Rusiyanı da Türkiyə ilə birləşdirən marşrutdan söhbət gedir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button