Manşet

Elçibəyin qardaşı həbs olunan sahibkarla bağlı açıqlama verdi: “Məsələ o cür olmayıb…”

Elçibəyin qardaşı həbs olunan sahibkarla bağlı açıqlama verdi: “Məsələ o cür olmayıb...”“Belə kiçik məsələlərə görə Heydər Əliyev və Əbülfəz Elçibəyin adlarının hallandırılması yolverilməzdir”

Ötən gün bir sıra xəbər portallarında eks-prezident, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevlə bağlı yayılmış xəbər qarşı tərəfin kəskin etirazına səbəb olub.

Xatırladaq ki, həmin məlumatda iş adamı Ələkbər Huseynovun guya Almurad Əliyevə pul atdığına görə həbs olunmasından bəhs olunurdu. Qeyd edilirdi ki, iş adamı Ə.Hüseynov Bakıda hündür mərtəbəli bina inşa edən sahibkarlardan biridir və guya o, mərhum prezident Heydər Əliyev tərəfindən Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevə hədiyyə edilmiş torpaq sahəsini Müzəffər Məmmədlinin (Almurad Əliyevin qohumu) etibarından sui-istifadə edərək alıb və ona vəd edilmiş əmlakları bir neçə adama satıb.

Barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanan Ələkbər Huseynov bir müddət istintaqdan yayınmağa nail olsa da, mayın 20-də Yasamal Rayon Polis İdarəsi tərəfindən saxlanılıb.

Bu gün isə baş verənlərlə bağlı Savash.org-un əməkdaşına açıqlama verən Almurad Əliyev yayılmış informasiyanın əslində kifayət qədər təhrif olunduğunu bildirib. Hazırda həbs olunan sahibkarın tikinti apardığı ərzinin sözügedən yazıda iddia olunduğunun əksinə olaraq ona aid olmadığını bildirən Almurad Əliyev medianı bu kimi məsələlərdə tələskənliyə yol verməməyə çağırıb:

“Bəyan edirəm ki, sözügedən və tikinti aparılan ərazi mənə aid deyil ve rəhmətlik Heydər Əliyev həmin ərazidə mənə hansısa torpaq hədiyyə etməyib. Mətbuatdan isə xahişim budur ki, belə kiçik məsələlərdə Heydər Əliyev, Əbülfəz Elçibəy və mənim adımdan sui istifadə edilməsin. Hər hansı mətbu orqan və ya xəbər portalının bu kimi məqaləni hazırlayarkən qarşı tərəfin mövqeyini öyrənməməsi isə təəssüf doğurur”.

Həbs olunan sahibkarla problem yaşayan Zəfər Məmmədlinin isə onun qohumu olmadığını söyləyən Almurad Əliyev baş verənlərə tam aydınlıq gətirib: “Zəfər Məmmədli yazıda iddia olunduğu kimi heç də mənim qohumum deyil, sadəcə olaraq biz onunla ailəvi dostuq. O, uzun müddət Elçibəy ailəsi və bizlə çox yaxın dostluq münasibətində olub. Mübahisəli torpaq da məhz ona məxsus idi və o bir neçə il idi ki, iş adamı Ələkbər Huseynovla problemləri vardı. Sonda isə hamının bildiyi kimi, işə hüquq-mühafizə orqanları müdaxilə edib, sahibkar saxlanılıb. Zərərçəkmiş Zəfər Məmmədli baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Sadəcə olaraq, mən Zəfər bəyin yaxını olaraq dövlət strukturlarından məsələyə obyektiv yanaşılmasını xahiş etmişəm”.

Almurad Əliyev məsələnin mətbuatda təhrif olunaraq yayılmasından təəssüfləndiyini də dilə gətirib: “İndi yazırlar ki, filan iş adamı Elçibəyin qardaşına atıb və s. Axı bu söhbətlər nəyə lazımdı? Hər hansı iş adamı ilə heç bir problemim olmayıb və inanmıram ki, hansısa iş adamı şəxsən mənə və ümumiyyətlə Elçibəy ailəsi ilə bağlı belə bir addım ata. Hətta belə bir hal baş verərsə belə, biz belə cılız və kiçik məsələdən ötrü kimisə məhkəməyə vermərik, tutdurmarıq”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button