Manşet

“Rusiya nə Azərbaycana, nə də Ermənistana güvənir…” – Xankəndi Moskvanın son ümididir

“Azərbaycan böyük sülh sazişinin bağlanmasını istəyir və 3 məsələnin eyni müqavilədə olmasında israr edir: kommunikasiyaların açılması, sərhədlərin dəqiqləşdirilməsi, Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların ölkəmizə inteqrasiya edilməsi üçün fəaliyyət planının təsdiqi”.

Bu sözləri ReAL üzvü Natiq Cəfərli erməni silahlı qüvvələrinin sərhəddəki təxribatları barədə şərhində qeyd edib.

“Ermənistan istəyir ki, kommunikasiyalar açılsın, amma “Zəngəzur dəhlizi” sözü rəsmi sənədlərdə təsbit edilməsin, ikinci, sərhədlər dəqiqləşdirilsin, amma 26 illik işğalın yaratdığı reallıqlar da nəzərə alınsın, üçüncü, Xankəndi və ətrafında yaşayan erməni icmasının statusu ayrıca danışıqlar mövzusu olsun, bu məsələ sülh sazişinə salınmasın”, – ekspert bildirib.

N.Cəfərlinin sözlərinə görə Rusiyanın istəyi bunlardır:

“1) Kommunikasiyalar açılsın, öz hərbi bazalarının təminatını Azərbaycan üzərindən dəmir yolları vasitəsi ilə asan, ucuz və sürətli həyata keçirsin – Kreml üçün həmin yolun necə adlandırılmasının elə də böyük əhəmiyyəti yoxdur, əsas odur ki, tez açılsın;

2) Sərhədlərin dəqiqləşdirilməsində də Kreml maraqlıdır, amma sərhədləri çəkəcək qələmin öz əlində olmasını istəyir ki, hər iki ölkə onun bütün tələblərini yerinə yetirmək üçün yarışsın;

3) Xankəndi və ətrafında yaşayan erməni icmasını özünə bağlamaq, status məsələsini diri tutaraq Azərbaycanın başı üzərindən “Damokl qılıncını” əskik etməyərək rəsmi Bakını nəzarətdən kənar addımlardan çəkindirmək – bunun üçün isə Xankəndi məsələsini sülh müqaviləsinə salmadan ayrıca danışıqlar mövzusuna çevirmək istəyir.

Görünən odur ki, kommunikasiya məsələsinin həlli hər 3 tərəfin marağındadır, deməli, ən birinci bu məsələ həll oluna bilər – sadəcə, Azərbaycan və Ermənistan bu məsələdə üstün olmaması üçün yollar Kremlin şərtləri ilə açılacaq.

Sərhədlərin dəqiqləşdirilməsi məsələsi də həll oluna bilər – Rusiya bütün sərhədboyu öz qoşunlarını yerləşdirəcək, Ermənistanda olan ordu sayını artıracaq, bununla da İrəvanın Qərbə doğru istənilən addımları bloklanacaq”.

Ekspertin fikrincə, həm Ermənistan, həm də Rusiya Xankəndi və ətrafında yaşayan erməni icması ilə bağlı məsələləri uzatmağa, sülh sazişindən kənara çıxartmağa çalışır:

“Amma Ermənistan və Rusiyanın Xankəndiyə baxışları fərqlidir – rəsmi İrəvan bu problemi siyasi və iqtisadi olaraq tamamən öz üzərindən atmağa, Moskvaya yükləməyə çalışır. 2022-ci ildə Ermənistan büdcəsinin az qala 10%-i, təqribən 290 mln. dollar Xankədiyə verilməlidir. İrəvan bunu istəmir, xərci də, məsuliyyəti də Moskvaya yükləməyə çalışaraq, bu məsələdən kənara çəkilməyi düşünür. Rusiya isə nə Ermənistana, nə də Azərbaycana sonuna qədər güvənir, günün birində İrəvanla Bakı anlaşa bilər, buna görə də öz “rusməramləlarının” Xankədi və ətrafında qalmasını təmin etmək üçün bu gün de-fakto tanıdığı qondarma rejimi, elə bir vəziyyət yarananda de-yure tanıya bilər və o qondarma rejimin “dəvəti”, erməni icmasının “ricası” ilə daim orda qalmağı düşünür. Yəni, özləri üçün hüquqi baza yaradırlar, Xankəndi və ətrafında yaşayan erməniləri iqtisadi və təhlükəsizlik məsələsində özlərindən asılı vəziyyətə salırlar – bu gün Xankəndi və ətrafında yaşayan ermənilərin böyük bir qismi Rusiyadan dolanır.

Xankəndi məsələsində Kremlin və Bakının fikirlərinin heç vaxt üst-üstə düşməyəcək. Son günlər sərhəddə baş verən toqquşmalarda 7 şəhidimiz, 10 yaralımız var – Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara acil şəfalar nəsib etsin! Təəssüf ki, hətta sülh sazişi imzalansa belə, hələ uzun müddət döyüşə tam hazır vəziyyətdə olmalı, itkiləri gözə almalıyıq. Coğrafiyamız bizi İsrail kimi bir ölkə qurmağa məcbur edir, bunu bacarmalıyıq, başqa yol yoxdur”.

 

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button