Manşet

İlham Əliyevlə şəkil çəkdirdiyinə görə işdən qovuldu – ŞOK

İlham Əliyevlə şəkil çəkdirdiyinə görə işdən qovuldu - ŞOKAleksis Şahtaxtinski: “Mən naxçıvanlı, şahtaxtlıyam…”

ATƏT-in Azərbaycandakı nümayəndəsi Aleksis Şahtaxtinskinin fəaliyyət mandatı dayandırılıb. Bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün twitter hesabında yazıb: “Məlumat aldım ki, ATƏT-in Azərbaycandakı nümayəndəsi Aleksis Şahtaxtinskinin fəaliyyət mandatı dayandırılıb.

Diplomatik dairələrdə bunun əsas səbəbini ABŞ-ın ATƏT-dəki səfirinin mövqeyi ilə izah edirlər. ABŞ-ın ATƏT-dəki səfiri D.Bayer Aleksis Şahtaxtinskiyə irad tutub ki, sən niyə ölkənin başçısı ilə şəkil çəkdirmisən. Belə çıxır ki, Şahtaxtinski səfir Bayerlə şəkil çəkdirsəydi, onun gələcək karyerası çox uğurlu olardı\”.

Maraqlıdır ki, bu hadisə ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri ilə eyni vaxta təsadüf edir. Sputnik.az saytının məlumatına görə, ATƏT-in Bakı ofisi qurumun Azərbaycandakı nümayəndəsi Aleksis Şahtaxtinskinin fəaliyyətini dayandırması ilə bağlı məsələyə şərh verməkdən imtina edib.

Diplomatik mənbələrdən sputnik.az-a verilən məlumatda isə bildirilir ki, cari il mayın 31-də Şahtaxtinckinin müqavilə müddəti başa çatdığından onun geri çağırılması ilə bağlı ATƏT-in Vyana ofisi qərar verib: “Onun fəaliyyətinin dayandırılmasına Azərbaycan prezidenti ilə şəkil çəkdirməsinin səbəb olması barədə söylənilən fikirlər həqiqəti əks etdirmir.”

Aleksis Şahtaxtinski ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi vəzifəsinə ötən ilin martında təyin olunub. Aleksis Şahtaxtinski 1967-ci ildə Strasburq şəhərində dünyaya gəlib. Atası Cahangir-Kamal (Jan) Şahtaxtinski Fransa Dənizçilik Akademiyasının zabiti və eyni zamanda, professoru olub. Anası Livanda fransız ailəsində doğulub. Sorbonna Universitetinin məzunudur. 6 dildə danışır.

O, 1993-cü ildən diplomat kimi fəaliyyətə başlayıb. Aleksis Şahtaxtinski Azərbaycana təyinatından əvvəl Fransa Xarici İşlər Nazirliyinin Siyasətin Planlaşdırılması Mərkəzində fəaliyyət göstərib və Fransanın Avropa məsələləri üzrə nazirinin xüsusi müşaviri vəzifəsində çalışıb. Avropada təhlükəsizlik üzrə 20 ildən çox təcrübəyə malik peşəkar diplomat, Moskvada NATO İnformasiya Ofisinin rəhbəri, Belarus və Tacikistanda müvəqqəti işlər üzrə vəkil, Krakovda (Polşa) Fransanın baş konsulu vəzifələrində çalışıb. A. Şahtaxtinski həmçinin ATƏT-in Bakı Ofisi rəhbərinin müavini olub.

Qeyd edək ki, ATƏT-in Daimi Şurasının 26 iyul 2013-cü il tarixli qərarına əsasən 1 yanvar 2014-cü il tarixindən etibarən ATƏT-in Bakı Ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna transformasiya olunub. “Yeni mandata uyğun olaraq mən hökumət və qeyri-hökumət qurumları, yerli hakimiyyət orqanları, universitetlər, Azərbaycanın elmi-tədqiqat institutları ilə əlaqələr yaradacağam. Komandamın üzvləri ilə birlikdə hər üç ölçüdə (təhlükəsizlik, insan hüquqları, ekologiya- iqtisadi məsələlər) layihələrin reallaşmasında ATƏT prinsip və öhdəliklərinin yerinə yetirilməsinə yardım göstərəcəyik” deyə, o, Bakıya təyinat alarkən bildirmişdi.

Bakıya təyinat almamışdan əvvəl o, Azərbaycanda olub və Naxçıvanda Məhəmməd ağa və Behbud ağa Şahtaxtinskilərin Şahtaxtlı kəndində ev muzeyinin açılışında iştirak edib. Aleksis Şahtaxtinski özü haqda belə deyir: “Əlbəttə ki, mən azərbaycanlıyam, daha dəqiqi, naxçıvanlı, şahtaxtlıyam”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button