Manşet

Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyasına başlayır – Soçi bəyanatının tam mətni

Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün Soçidə keçirilmiş üçtərəfli danışıqlarının yekunu olaraq imzalanmış birgə bəyanatın tam mətnini təqdim edirik:

-Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin 2021-ci il noyabrın 26-da Soçi şəhərində görüşdük və Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların və atəşin tam dayandırılmasına dair 2020-ci il 9 noyabr Bəyanatının, habelə regionda bütün nəqliyyat və iqtisadi əlaqələrin açılması barədə 2021-ci il 11 yanvar tarixli Bəyanatın həyata keçirilməsinin gedişini müzakirə etdik.

2020-ci il 9 noyabr və 2021-ci il 11 noyabr bəyanatlarının bütün bəndlərinin bundan sonrakı ardıcıl və dönmədən yerinə yetirilməsinə sadiqliyimizi Cənubi Qafqazın stabilliyi, təhlükəsizliyi və iqtisadi inkişafının təmin edilməsi maraqları çərçivəsində təsdiq etdik. 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarından irəli gələn qalan vəzifələrin tezliklə həll edilməsi üçün birgə səyləri fəallaşdırmağı razılaşdırdıq.

Rusiya sülhməramlı kontingentinin regionda vəziyyətin sabitləşməsində və təhlükəsizliyin təmin edilməsində mühüm töhfəsini qeyd etdik.

Azərbaycan-Ermənistan sərhədində stabilliyin və təhlükəsizliyin səviyyəsinin artırılmasına dair addımlar atmaq və işi Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədlərinin delimitasiyasına dair ikitərəfli Komissiyanın yaradılmasına, daha sonra sərhədlərin Rusiya Federasiyasının tərəflərin sorğusu əsasında göstərcəyi konsultativ dəstəklə demarkasiyasına aparmağı qərarlaşdırdıq.

2021-ci il 11 yanvar Bəyanatına uyğun olaraq təsis edilmiş, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirlərinin müavinlərinin, Rusiya Federasiyasının Hökumət Sədrinin müavininin həmsədrlik etdiyi  Üçtərəfli işçi qrupunun regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair fəaliyyətini yüksək qiymətləndirdik. Regionun iqtisadi potensialının açılması məqsədi ilə tezliklə konkret layihələrin işə salınmasının zəruriliyini qeyd etdik.

Rusiya Federasiyası bundan sonra da Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad atmosferinin yaradılması, habelə regionda normal qonşuluq münasibətlərinin qurulması maraqları çərçivəsində bütün zəruri dəstəyi göstərəcək.

P.S.Tərcümə virtualaz.org redaksiyası tərəfindən edilib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button