Manşet

Avropadakı diplomatımızın hakimiyyəti qəzəbləndirən Facebook statusunda nə yazılmışdı?

Avropadakı diplomatımızın hakimiyyəti qəzəbləndirən Facebook statusunda nə yazılmışdı?Arif Məmmədovun “3 gün Azərbaycanda qaldım, mən qocaldım” sözlərinə YAP-çı deputatdan sərt cavab: “Azərbaycan haqqında belə söz deyirsə, o, yalnız erməni ola bilər”

İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbəri vəzifəsində çalışan Arif Məmmədovun sosial şəbəkədə yazdığı iddia edilən status ciddi qalmaqal yaradıb. A. Məmmədov facebook sosial şəbəkəsindəki səhifəsində yazdığı statusunda Binəqədi rayonunda binada baş verən yanğını nəzərdə tutaraq bunun hər bir azərbaycanlının kədəri və faciəsi olduğunu yazıb. Onun statusunda baş verən hadisəyə görə məmurların ünvanında kəskin ittihamlar da qeyd edilib. O, səhifəsində “3 gün Azərbaycanda qaldım, mən qocaldım” sözlərini də yazıb.

Arif Məmmədov kimdir?

Arif Məmmədov 1964-cü il sentyabrın 22-də anadan olub. 1983-1988-ci illərdə Moskva Hərbi Xarici Dillər İnstitutunda təhsil alıb. 2000-ci ilin may ayından 2006-cı ilin noyabr ayınadək Brüsseldə Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri işləyib. 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi olub. 2012-ci ilin sentyabrında prezident onun Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. 2013-cü ilin iyun ayından etibarən Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri və bu təşkilatın ilk səfiridir.

O, 2008-2012-ci illərdə Avropa Verqeland Mərkəzinin Direktorlar Şurasının üzvü olub. Osloda əsaslanan bu təşkilat mədəniyyətlərarası bilik, insan hüquqları və demokratik vətəndaşlıq mərkəzi kimi fəaliyyət göstərir.

“Uzun müddət Azərbaycanın Avropa İttifaqında nümayəndəliyinin rəhbəri, Avropa Şurası yanında daimi nümayəndəsi, indi isə İslam Əməkdaşlıq Təşkilatı yanında nümayəndəsi Arif Məmmədov Azərbaycan xalqına qarşı hörmətsizlik edib. Buna görə də o, dərhal tutduğu vəzifədən geri çağırılmalı və ona verilən bütün diplomatik titullar alınmalıdır”.

Bunu “Trend”ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, qanında, canında azərbaycanlı qanı olan bir insan bu cür həqarətlə azərbaycanlıları, öz ölkəsini, öz millətini təhqir edə bilməz: “Bu adamın qanında erməni qanı var. O deyir ki, ”3 gün Azərbaycanda qaldım, mən qocaldım\”. 20 il Azərbaycanın dövlət vəsaiti hesabına, Azərbaycan vətəndaşlarının verdiyi vergilər hesabına 100 min avrodan bahalı maşında gəzən, uşaqlarını bahalı məktəblərdə oxutduran, ailəlikcə müxtəlif istirahət mərkəzlərində dincələn və Azərbaycan Respublikasından əmək haqqı alan bu adam Azərbaycan haqqında belə söz deyirsə, o, yalnız erməni ola bilər\”.

Deputat deyib ki, bu cür adamın diplomatik vəzifədə çalışması Avropa Şurası, Avropa Parlamenti tərəfindən anti-Azərbaycan bəyanatlarının yayılmasının başında kimin durduğunu bəlli edir: “Bu adam özü Azərbaycan haqqında bu cür düşündüyü halda Avropa İttifaqında, Avropa Şurasında Azərbaycan haqqında hansı təbliğatı apara bilər? Avropadan gələn bütün insanlar, turistlər, beynəlxalq tədbirlərdə iştirak etmək üçün gələn dövlət adamları, prezidentlər Azərbaycanın nə qədər inkişaf etdiyini, Bakının, Azərbaycanın regionlarının nə qədər gözəlləşdiyini qeyd etdikləri halda, Azərbaycanın səfiri burada 3 gün yaşayanda qocalması barədə bəyanat yayır. Azərbaycanın sosial-iqtisadi inkişafını, Azərbaycanda tikilmiş üç mindən artıq məktəbi, 500-dən artıq xəstəxananı, yüzlərlə uşaq bağçasını, yeni tikilən yolları, körpüləri ya bunun gözü görmür, ya da görmək istəmir, çünki qanında erməni qanı var”.

S.Novruzov daha irəli gedərək deyib ki, A.Məmmədovun Azərbaycan haqqında çıxışı Zori Balayanın çıxışı ilə eynidir: “Bu düşüncənin sahibi ancaq erməni ola bilər. Buna görə də o, dərhal geri çağırılmalı, tutduğu vəzifədən azad edilməli və ona verilmiş bütün diplomatik rütbələr əlindən alınmalıdır”.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Arif Məmmədov tərəfindən sosial şəbəkələrdə yazılmış statusla bağlı KİV-də gedən məlumatları şərh edib.

“Biz məlumatla tanış olduq. Xarici İşlər Nazirliyinin daxili prosedurlarına uyğun olaraq, məsələ tam şəkildə araşdırılacaq. Məlumat öz təsdiqini taparsa, bu, diplomat adına və adi etik qaydalara yaraşan hal deyil, qəbuledilməzdir, məsuliyyətsiz və qeyri-peşəkar davranışdır” deyə, H. Hacıyev bildirib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button