Manşet

Şeyxin Tərtərə helikopterlə qəfil səfərinin şok təfərrüatları

Şeyxin Tərtərə helikopterlə qəfil səfərinin şok təfərrüatlarıHakimiyyət bu rayondan Suriyaya döyüşməyə gedənlərin sayının artmasından narahat olduğu üçün QMİ sədrini təlimatlandırıb; Paşazadənin yerli İH başçısı və ruhanilərlə görüşdüyü deyilir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iyunun 10-da Tərtərə səfər edib. Yerli mənbələrdən aldığımız məlumata görə, Şeyx Tərtərə tək getməyib, onu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, eləcə də QMİ və QDİDK sədrlərinin müavinləri, tanınmış şərqşünas-alim Vasim Məmmədəliyev müşayiət edib. O da bildirilir ki, Şeyxülislam Tərtərə helikopterlə gəlib.

Tərtərdə yerli icra başçısı ilə görüşən Şeyxülislam daha sonra ruhanilərlə bir araya gəlib və Tərtər Cümə məscidinə baş çəkib. Bizə verilən məlumata görə, Şeyx baxımsız qalan məsciddə günorta namazı qılıb, daha sonra məscidin otaqlarına baxış keçirib, binanın uçulub dağılmasından narahatlığını bildirib. Şeyx bildirib ki, öz şəxsi hesabından Tərtər məscidinin təmirinə 10 min manat ayırır. Eyni zamanda DQİDK sədrinə dövlətin müvafiq fondundan pul ayırmağı təklif edib. M.Qurbanlı Şeyxin təklifini dəstəkləyib, Tərtər məscidinin təmirinə yardım ediləcəyini bildirib. Mənbə bildirir ki, Şeyx Tərtərdə görüşlərdən sonra Bərdəyə yola düşüb.

Qeyd edək ki, Tərtər rayonundan son illərdə çoxlu sayda sakin Suriyaya gedərək radikal qruplara qoşulub. Mətbuatın yazdığına görə, son 3 ildə rayondan bir neçə nəfər Suriyada gedən döyüşlərdə öldürülüb, yaxud da yaralanaraq Türkiyəyə aparılıb. Hazırda Suriyada gedən döyüşlərdə onlarla rayon sakininin olduğu güman edilir. Tərtərdə 90-cı illərdə vəhhabilik geniş yayılıb və yerli əhali arasında tərəfdar toplaya bilib. Sonrakı illərdə də rayonda vəhhabilər, radikal islamçılar xeyli fəal olublar. Ancaq Suriyada başlayan iç savaş və bu savaşda çoxlu sayda azərbaycanlıların öldürülməsindən sonra hakimiyyət orqanlarının respublika səviyyəli tədbirləri Tərtərdə də həyata keçirilib. Hüquq-mühafizə orqanları Tərtərdə radikal qrupların üzvü olan bir neçə nəfəri həbs edib, eyni zamanda rayonda radikal qrupları dəstəkləyən, onlara yardım edən şəxslər son aylarda nəzarətə götürülüb. Məhz bu cür xəbərlərin yayılmasından sonra Şeyxülislamın Tərtərə səfər etməsi rayonla bağlı hakimiyyətin narahatlığının hələ də qaldığını göstərir.

Rayondan verilən məlumata görə, son bir ildə hüquq-mühafizə orqanları Tərtərdə radikal qrupların üzvləri, onlara maliyyə dəstəyi verən, himayə edən şəxsləri nəzarətə alıb. Mətbuatda hətta hakimiyyət orqanlarında təmsil olunan bəzi şəxslərin belə qrupları dəstəkləməsi ilə bağlı xəbərlərin yayılmasından sonra hakimiyyət orqanları rayonda fəal vəhhabilər və onların nüfuzlu himayədarlarını nəzarətə götürüb.

Görünür ki, Şeyxin səfəri dini vəziyyətlə yerində tanış olmaq, dini icmaların, ruhanilərin problemlərini dinləmək və müvafiq addımları planlamaq məqsədli olub. DQİDK sədrinin də Şeyxi müşayiət etməsi bununla əlaqələndirilir. Bu isə onu deməyə əsas verir ki, yaxın zamanlarda hakimiyyət orqanları Tərtərdə radikal qrupların dayaqlarını məhv etmək üçün genişmiqyaslı fəaliyyətə keçəcək.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button