Manşet

“Oliqarxgeyt” işi – Avropa Oyunlarından sonra yeni həbslər olacaq

“Oliqarxgeyt” işi – Avropa Oyunlarından sonra yeni həbslər olacaq Beynəlxalq Bankdan götürülən kreditlərin tam qaytarılması üçün borclu sahibkarların əmlakları siyahıya alınıb; sərbəst buraxılanların isə yenidən məsuliyyətə cəlb olunacaqları deyilir

“Oliqarxgeyt” işində tutularaq sonradan azad edilən sahibkarlar barədə yenidən həbs-qətimkan tədbiri seçiləcək. Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, Avropa Oyunlarından sonra kreditləri qaytarmayacaqları təqdirdə onlar yenidən məsuliyyətə cəlb ediləcəklər. Xatırladaq ki, Beynəlxalq Bankdan yüz milyonlarla kredit alan və geri qaytarmayan onlarla sahibkar həbs olunub, onlardan 17 nəfəri krediti qaytardıqlarından sərbəst buraxılıblar.

Ölkədən çıxan bəzi borclu sahibkarların geri qaytarılması üçün də hüquqi addımlar atılır, onlara məxsus olan və ölkə ərazisindəki əmlakları da müəyyən olunaraq siyahıya alınır. Məxfi şəkildə aparılan siyahıya alınma nəticəsində oliqarxların bir çox gizlinləri də ortaya çıxıb. Onların bəzilərinin katibələrinə, hətta xanımların qoca valideynlərinə də əmlak aldığı məlum olub…

“Reytinq” qəzetinin yaydığı məlumata görə, “Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədovun yeni problemi yaranıb. Hafiz Məmmədov indi də Sahibkarlığa Kömək Milli Fondu(SKMF) ilə çəkişir. Məlumatda deyilir ki, illər əvvəl Hafiz Məmmədov fonddan böyük məbləğdə kredit alıb. Artıq müflisləşən iş adamı həmin krediti ödəyə bilmir. Buna görə də tərəflər arasında gərginlik yaranıb: “Vəziyyət o qədər kritik xarakter alıb ki, artıq SKMF Hafiz Məmmədovun oğlanlarının nəzarətində olan ”Bank of Azeribaijan\” ASC-ni məhkəməyə vermək məcburiyyətində qalıb\”.

Məlumatda o da qeyd olunur ki, SKMF-nin “Bank of Azeribaijan”a qarşı iddiasına 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb. Lakin məhkəmənin qərarı mübahisəyə son qoya bilməyib. Qərardan apelyasiya şikayəti verilib: “Şikayət bir neçə gün əvvəl Bakı Apelyasiya Məhkəməsində hakim Vidadi Məmmədovun sədrliyi ilə araşdırılıb. Hakim bankın hesablarına yönələn sanksiya və digər tələbləri rədd etsə də, borcun ödənilməsi barədə tələbləri qismən də olsa təmin edib. Bu qərarın tərəfləri nə dərəcədə qane etdiyi yaxın həftələrdə bilinəcək”.

Hafiz Məmmədov hazırda ölkədə deyil. Buna görə də “oliqarxgeyt” araşdırmalarından kənarda qala bilib. Onun barəsində həbs-qətimkan tədbiri seçilməsi barədə məlumatlar var. İş adamı Beynəlxalq Bankdan çox böyük məbləğdə, bəzi məlumatlara görə, 300 milyon manat kredit götürüb və qaytarmayıb. Beynəlxalq Bankın onu məhkəməyə verməsi də kreditin geri ödənməsinə gətirib çıxarmayıb. Devalvasiyadan sonra işə Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsinin qarışması da nəticəni dəyişməyib. Hazırda Londonda yaşayan Hafiz Məmmədov ölkədən çıxdığını təsdiqləsə də, qaçmadığını iddia edir, geri qayıdacağını deyir.

Xatırladaq ki, Beynəlxalq Bankın vaxtı keçmiş kreditlərinə görə barəsində həbs-qətimkan tədbiri seçilmiş iş adamlarının əksəriyyəti qısa müddətdən sonra azadlığa buraxılıb. Bundan sonra müxtəlif dövlət qurumları, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bəzi sahibkarları məhkəmə verərək əmlaklarını tələb etməyə başlayıb.

ƏMDK-nın illər əvvəl tikilən torpağa görə indi məhkəməyə müraciət etməsi əlbəttə ki, təsadüfi deyil. Bu, bütövlükdə “oliqarxgeyt” işinə cəlb olunaraq saxlanılan və sərbəst buraxılan bütün sahibkarlara yönələn addımdır və səhmlərinin yarıdan çoxunun dövlətə məxsus olan Beynəlxalq Bankdan böyük məbləğlərdə kredit götürərək qaytarmayan sahibkarlara bütün əmlaklarının əllərindən çıxa biləcəyinə işarədir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button