Manşet

Hüseynqulu Bağırovdan prezidentə şikayət olundu – İLGİNC TƏFƏRRÜAT

Hüseynqulu Bağırovdan prezidentə şikayət olundu – İLGİNC TƏFƏRRÜAT“MÖVQEYİMDƏN GERİ ÇƏKİLMƏYİMƏ YALNIZ ÖLÜMÜM SƏBƏB OLA BİLƏR”

Heç bir əsas olmadan işdən uzaqlaşdırıldığını iddia edən Respublika Ekoloji Elmi-Texniki İnformasiya və Metodologiya Mərkəzinin (“Ekomərkəz” ) sabiq əməkdaşı Fikrət Həmid oğlu Ağayev başına gələnlərlə bağlı Savash.org-a ilginc müraciət ünvanlayıb. Saytımız vasitəsilə ölkə prezidenti İlham Əliyevə müraciət edən şikayətçi qanunsuz şəkildə işdən azad olunduğuna görə Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovdan narazılığını ifadə edib. Həmin müraciəti olduğu kimi dərc edir və qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazır olduğumuzu bəyan edirik. Beləliklə…

“HÖRMƏTLİ CƏNAB PREZİDENT!

Mən, Fikrət Həmid oğlu Ağayev 19 may 1999-cu il tarixindən Respublika Ekoloji Elmi-Texniki İnformasiya və Metodologiya Mərkəzində (“Ekomərkəz” ) əvvəl kadrlar üzrə müfəttiş, daha sonra isə müqavilələr üzrə müfəttiş vəzifəsində işləmişəm. 2000-ci ildən YAP-ın üzvüyəm. İşlədiyim 13 il 6 ay ərzində özümü nümunəvi bir işçi kimi göstərmişəm. İşlədiyim müddət ərzində verilən tapşırıqları vicdanla yerinə yetirmişəm. “Ekomərkəz” haqqında 1956-ü saylı 04.08.2002-ci il tarixli Əsasnamənin tələblərindən kənara çıxmamışam. Mənə tapşırılan heç bir işdə nöqsanlarım olmayıb və çalışdığım müddətdə rəhbərlik tərəfindən nə rəsmi xəbərdarlıq nə də töhmət almamışam “Ekomərkəz”-in qanuni mənafeyinə heç bir xələl gətirməmişəm.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASINA, AZƏRBAYCAN RESPUBLİKASININ QANUNLARINA məhəl qoymayaraq, hörmət etməyərək məni pensiya yaşıma cəmi 2 il qalmış, heç bir dəlil sübut olmadan böhtan və iftira yolu ilə adımı, sanımı, namusumu, qeyrətimi, cəmiyyətdəki nüfuzumu nəzərə almayaraq Əmək Məcəlləsinin 70 Ç maddəsini tətbiq etməklə 20.11.2012-ci il tarixli 775 saylı qanunsuz və əsassız əmri ilə işdən azad edib.
Həmin nazirliyin mənə qarşı şər böhtanla əsaslandırılmış inzibati akt qəbul etməsi AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYASI və QANUNLARI ilə qorunan hüquqlarımın pozulmasına gətirib çıxarmışdır.
Əmr “EKOMƏRKƏZİN” direktorunun mənim haqqımda Nazirə yazdığı heç bir əsası olmayan və şəxsiyyətimi alçaldan şər- böhtan və iftira ilə dolu xidməti məruzənin əsasında verilib.(Xidməti məruzə bu günə kimi araşdırılmayıb). (Bu məntiqlə istənilən böhtançı böhtan yaza bilər və şərlənən vətəndaş işdən qovula bilər, həbsə atıla bilər, mülkiyyəti müsadirə oluna bilər və s. Elə deyilmi?)
Həmin əmrdə guya mənim barəmdə şikayətlər daxil olduğu, mənə dəfələrlə xəbərdarlıq edilməsi, qanunsuz olaraq subyekt rəhbərlərindən tələblər etməyim göstərilmişdir. Halbuki, bunlar hamısı əsassızdır, böhtandır və uydurmadır.
Mənim bir gün ərzində işdən qovulmağım, Ekomərkəzlə Mərkəzi Aparatın əvvəlcədən planlı şəkildə düşünülmüş, razılaşdırılmış və hazırlanmış qərəzli bir aksiyası idi. Ekomərkəzin direktorunun heç bir əsası olmayan yalan ifadələrlə dolu böhtan xarakterli, şəxsiyyətimi alçaldan xidməti məruzə yazması və nazirliyin bu xidməti məruzəni araşdırıb yoxlamaması və əksinə, tez-tələsik əmr hazırlaması buna sübutdur. Əmrdə göstərilən dəlillərin heç bir sübutu yoxdur və heç bir sənəddə öz əksini tapmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məqsədi mənim şəxsiyyətimi, şərəf və ləyaqətimi alçaltmaq, həyatımı iflic edib kollektivdə gözdən salmaq, cəmiyyətdən təcrid edib səfil mühitinə sürükləmək olub.
Hansı dövlət qanunlarında, hansı əxlaq kitablarında, hansı dövlətin konstitusiyasında insanın taleyi ilə oynamaq, onu rəzil etmək yazılıb? Heç birində!
Bunu yalnız ambisiyalarının qurbanı olmuş şəxslər edə bilər.
Mənim işimlə bağlı məhkəmə prosesində hüququn aliliyinə riayət edilməmiş,müstəqil olmayan qərəzli və ədalətsiz qərar qəbul edilmişdir.
1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim Müseyib Bayramov) heç bir dəlil, sübut olmadan iddiamı təmin etməyən qərar çıxarması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibai-İqtisadi Kollegiyasının bu qərarı qüvvədə saxlaması hüquqlarımın pozulmasının davam etdiyinin göstəricisidir.
Şərlənərək işdən qovulmuş vətəndaşın şikayətinin məhkəmələr tərəfindən təmin olunmaması DÖVLƏTİN QANUNLARINA qarşı çıxmaq deyilmi?
Dövlətə hörmət, insanlara şəfqət və qanunlara məhəl qoymayan, ambisiyalı şəxslərin ədalətsizliyi, böhtan və ifitira atmaları, şəxsiyyət, şərəf və namus alçaltmağı, gözdən salmağı, rüsvay etməyi, insanlar arasındakı hörməti heçə endirməyi, öz həyat devizi, böyük amalı, həyati borcu bilmiş şəxslərə heç bir bəraət yoxdur.
İşdən, çalışmaqdan, fəaliyyətdən və quruculuqdan gözəl nə ola bilər. Bunların olmaması fəlakətdir, faciədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz əsassız və qanunsuz əmri ilə mənim işləyib çalışmaq HÜQUQUMU , işləyib çalışmaq SƏLAHİYYƏTİMİ və işləyib çalışmaq AZADLIĞIMI əlimdən aldı.
İki ildən çoxdur ki, depressiyadayam.
HÖRMƏTLİ CƏNAB PREZİDENT! Yazdıqlarımı nəzərə alaraq xahiş edirəm mənə qarşı törədilmiş haqsızlıqla bağlı araşdırılma aparılsın.
EKOMƏRKƏZİN direktorunun xidməti məruzəsi araşdırılsın, həmçinin həmin xidməti məruzədə göstərilən böhtan xarakterli iddiaların mənbəyi və o cümlədən mənə isnad edilən ciddi nöqsanların mənbəyi araşdırılsın.

P.S. EKOMƏRKƏZİN direktoruna yazdığı xidməti məruzə bu günə kimi nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, nə də məhkəmə orqanları tərəfindən araşdırılmayıb.

P.P,S. İlahi ədalət… ETSN-nin 23.01.2014-cü il əmri ilə “Ekomərkəz” ləğv edildi. Böhtan və iftira ilə dolu xidməti məruzə yazaraq işdən azad olunmağıma səbəb olmuş direktor isə pensiyaya göndərildi…

Hörmətlə: Azərbaycan Əsilzadələr
Məclisinin üzvü Ağayev Fikrət”

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button