Manşet

Həkim-kordioloqun qətlinin sirri açıldı: \”Demişdim ki, qızdan əl çək, o mənlikdi…\”

Həkim-kordioloqun qətlinin sirri açıldı: "Demişdim ki, qızdan əl çək, o mənlikdi..."“İçəri girib həkimi paltarsız görəndə beynim çöndü”.

Bakı Apellyasiya Məhkəməsində Koroğlu Məmmədov, Yasin Ərəbov və Türkan Ağayevanın CM-nin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 181.3.2 (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, 2013-cü il mayın 18-də Koroğlu Məmmədov Xətai rayonu, “Əhmədli” metrosunun yaxınlığında M.Hadi küçəsində yerləşən “Elit” kafesində tanış olduğu və bir neçə gün ər-arvad münasibətində yaşadığı Türkan Ağayeva ilə cinayət əlaqəsinə girərək, külli miqdarda əmlak əldə etmək məqsədi ilə T.Ağayevanın tanışı Cavid Həmişəyevi (1977-ci il təv.) öldürərək onun üzərində olan pulları, sonuncuya məxsus “Mersedes ML-350” markalı avtomobili ələ keçirmək barədə razılığa gəliblər.

Koroğlu cinayəti həyata keçirmək üçün Türkanla birlikdə mayın 23-də Cavid Həmişəyevin yüngül əxlaqlı qadınlarla görüşməsi üçün kirayələdiyi Bakı şəhəri Həsən Əliyev küç, ev 92, mənzil 8-ə gələrək mənzilin quruluşuna baxıblar. Bundan sonra Məmmədov bibisi oğlu Yasin Ərəbova da bu barədə danışaraq cinayəti birlikdə törətmələri barədə razılığa gəliblər.

Cinayəti həyata keçirmək məqsədi ilə Türkan Cavidə zəng edib görüşmək istədiyini deyib. Ayın 25-də günorta saatlarında Məmmədov və Ərəbov bıçaqla silahlanaraq Ağayeva ilə birlikdə həmin ünvana yollanıblar. Türkan mənzilə qalxıb özündə olan açarla qapını açaraq evə daxil olub. Yataq otağında onu gözləyən Cavidə yuyunmaq üçün hamama girəcəyini deyib və vanna otağına keçib mobil telefonla Koroğluya qapını açıq qoyduğunu bildirib.

Onun zəngindən sonra Koroğlu ilə Yasin mənzilə keçərək yataq otağında olan Cavidə bədəninin müxtəlif nahiyələrindən 29 bıçaq zərbəsi vuraraq, onu qətlə yetiriblər. Mərhumun şalvarının cibində olan 70 manatı və küçədə saxladığı avtomobilində olan 600 manatı, sonuncuya məxsus 500 manat dəyərində mobil telefonu, 100 manat dəyərində qızıl üzüyü, 200 manat dəyərində saatını və mərhuma məxsus 25.000 manat dəyərində olan avtomaşını ələ keçirərək, hadisə yerini tərk еdiblər.

Həmin gün daxil olan məlumat əsasında hadisə yerinə Nərimanov RPİ və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib. İlkin olaraq CM-nin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb, sonra isə istintaqın davam etdirilməsi Bakı ş. prokurorluğuna həvalə edilib. Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində mərhumun avtomobili gecə saat 2 radələrində “20 yanvar” metrostansiyasının yaxınlığında saxlanılıb və şübhəli şəxslər tutularaq, istintaqa təqdim olunublar. Həmişəyevin qətlə yetirilməsində istifadə olunan 2 ədəd bıçaq Buzovna qəsəbəsində, Ç.Mustafayev küçəsi, dalan 10 ünvanda yerləşən zibil yeşiklərindən aşkar edilib.

Məhkəmə prosesində Koroğlu Məmmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, mərhumun qətlində nə Türkanın, nə də ki Yasinin günahı olduğunu deyib:

”Onu mən öldürmüşəm. Bunların heç birinin günahı yoxdur. Türkanla mayın 17-də tanış olmuşdum. Elə həmin gün də onu yaşadığım evə, valideynlərimin yanına gətirdim. O, mənə hər şeyi danışdı. Uşağı olduğunu danışmışdı.

Mən ona küçə qızı kimi baxmamışam. Niyyətim ciddi idi, sevirdim onu. Yaxşı fikirlərimiz var idi, alınmadı. Türkanın telefonunu əlindən almışdım, nömrəsini qırmışdım. Amma görürdüm ki, bunu sıxan nəsə var. Rəhmətlik həkimlə bağlı idi. Hardansa Türkanın nömrəsini tapmışdı, yenə zəng vururdu. Cavid Azərbaycanda üç həkimdən biri idi. Həmin gün oraya onunla söhbət etməyə getmişdim ki, Türkandan əl çəksin.

Həkimin Türkana ev tutduğunu da bilirdim, qapını açıq qoymağı ona mən tapşırmışdım. İçəri girib həkimi paltarsız görəndə beynim çöndü. əvvəl əlimdəki bıçaqla ayağından vurdum. Dedim ki, əl çək, bu qız mənlikdir. Sonra ardıcıl zərbələr endirdim. Yasın içəri girib məni görəndə “sən nə etmisən” deyərək ağlamağa başladı. Bu cinayət işi üzrə istintaq düzgün aparılmayıb, çünki ittihamda yazılanların hamısı yalandır. Ölümə görə özümü təqsirli bilirəm, amma heç kimi qarət etməmişəm. Əgər mən professional oğru olsaydım maşını ora-bura sürməzdim”.

Yasin Ərəbov ittiham üzrə özünü qismən təqsirli bilərək, Koroğlunun cinayət törədəcəyindən xəbərsiz olduğunu göstərib:

“Əgər bilsəydim ki, Məmmədov belə bir iş tutacaq, ora getməzdim, hadisə yerinə təsadüfən getmişəm. Özümü yalnız cinayəti bilib gizlətməkdə təqsirli bilirəm. Həkimi tanımamışam, onunla heç bir ədavətim olmayıb.

Türkan Ağayeva özünü pis hiss etdiyini deyərək ifadə vermək istəmədiyini bildirib.

Şahid qismində dindirilmiş Zaməddin Həmişəyev məhkəmədən təqsirləndirilən şəxslərə ömürlük cəza verilməsini xahiş edib. O bildirib ki, “bir həkimi öldürmək minlərlə insanı öldürməkdir. Qoy özləri etiraf etsinlər, açıb həqiqəti desinlər, görək bu qətlin sifarişçisi kimdir. Qətlin sifarişçisi Cavidin həyat yoldaşıdır və onun qardaşıdır, bu cinayətin planı 6-7 ay olar ki, hazırlanıb. Bu, sifarişli qətldir. Axı hansı axmaq adamı öldürər, sonra da onun maşını ilə şəhərdə gəzər?”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Məmmədov və Y.Ərəbov 15, T.Ağayeva isə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

Hökmdən dövlət ittihamçısı apellyasiya protesti, təqsirləndirilən və zərərçəkən tərəf isə apellyasiya şikayətləri veriblər.

Bakı Apellyasiya Məhkəməsi cinayət işini araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button