Manşet

Sahil Babayevin müəmmalı ortaqları – Bütün tenderləri niyə bu iki şirkət qazanır?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi və Dünya Bankının birgə həyata keçirdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsi üzrə elan olunan tenderləri əsasən iki şirkət qazanır. Həmin şirkətlərin adı “Az Nest” Qapalı Sәhmdar Cәmiyyәti (QSC) və “Aqri Kon” QSC-dir.

Dəyəri 170 milyon manat olan “Azərbaycanda məşğulluğa dəstək” layihəsinin məqsədi özünüməşğulluq proqramının genişləndirilməsidir. Layihənin icra müddəti 5 ildir və 2020-2025-ci illəri əhatə edir.

Açıqlanan rəsmi məlumatlara əsasən, adıçəkilən şirkətlər 2019-cu ildən 2021-ci ilin sonuna qədər Dövlət Məşğulluq Agentliyi ilə ümumilikdə 10 müqavilə bağlayıb. Agentlik “Az Nest” QSC ilə 6 müqavilə imzalayıb. Bu müqavilələrin ümumi dəyəri 30,9 milyon manatdır.

“Aqri Kon” QSC ilə isə 4 müqavilə bağlanıb. Bu müqavilələrin ümumi dəyəri 113,74 milyon manat təşkil edib. Sonuncu müqavilə 2021-ci ilin mayında bağlanıb və dəyəri 40,4 milyon manat olub. Bu müqavilədə “Aqri Kon” QSC “Agro Best” QSC ilə birgə iştriak edib.

Maraqlıdır, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin bu şirkətlərə “xüsusi münasibəti”nin sirri nədir? Ümumiyyətlə şübhəli tenderlərin şəriksiz qalibi olan həmin şirkətlər haqda hansı əlçatan informasiyalar var?

2019-2021-ci illər ərzində Dövlət Məşğulluq Agentliyindən 144,64 milyon manatlıq tender udan bu şirkətlərin başqa hansı fəaliyyətinin olduğu barədə açıq internet resurlarda heç bir məlumat yoxdur.

Amma “Az Nest” QSC və “Aqri Kon” QSC ilə bağlı maraqlı fakt ondan ibarətdir ki, onlar eyni tarixdə və eyni nizamnamə kapitalı ilə təsis edilib.

“AZ Nest” QSC (VÖEN 1005400781 ) 2018-ci ilin iyunun 28-də dövlət qeydiyyatına alınıb. Şirkətin qanunu təmsilçisi Ramazanov Elvin Zakir oğludur. “AZ Nest” QSC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev, ev 64, Məhəllə 987-dir. Şirkətin nizamnamə kapitalı 2 010 manatdır.  “AZ Nest” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna alınıb.

“Aqri Kon” QSC (1404267161) də 2018-ci ilin iyunun 28-də təsis edilib. Şirkətin qanunu təmsilçisi Vəliyev Şirxan Nəsir oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, ev 121, mənzil 1-dir. Bu şirkətin də nizamnamə kapitalı 2 010 manatdır və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna alınıb.

Daha bir maraqlı nüans isə ondan ibarətdir ki, hər iki müəssisə – həm “Aznest”, həm də “Aqri Kon” şirkətləri Sahil Babayev nazir təyin olunduqdan cəmi 2 ay sonra yaranıb. Bu günə qədər saytları, işlək telefonları, ofisləri olmayan, telefon nömrələri ard-arda gizlədilən “Aznest” və “Aqri Kon” şirkətlərinin açıq mənbələrdə 160 milyon manatdan çox tender udduğu qeyd olunur.

Təqdim etdiyimiz sənəddən də göründüyü kimi, açıq mənbələrdə bütün tenderlər qeyd edilməyib. Məsələn, 3 saylı Psixonevroloji müəssisənin təmirinə nə az, nə çox, 27.6 milyon manat ayrılıb. Ancaq bu məlumat elektron satınalmalar portalında yoxdur. Belə tenderləri, nazir müavininin “Ekvita”sı, “Ekvita” işçisinin “Global Legal” şirkətlərini də əlavə etsək, Sahil Babayev təxminən 250 milyon manatdan çox vəsaiti bu şirkətlərə verib.

“AqriKon” QSC-nin saytı yoxdur. Facebookdakı səhifəsini hazırda 4(!) nəfər izləyir. Son post 2019-cu ildə yenilənib. Şirkətin nömrəsi GetContactda “Aznest” nömrəsi gizlədildiyi gün gizlədilib.

Amma məsələ budur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qədər sıx əməkdaşlıq etdikləri, 160 milyon manatdan çox tender verdikləri şirkətlərin rəhbərlərini cəmiyyətə təqdim etməlidirlər. Onların ofislərini çəkib, ictimaiyyətə məlumat verməlidirlər. Təsisçi mətbuat konfransı keçirməlidir, bu tenderləri necə udmaqları barədə açıqlama verilməlidir.

Vasif

Sfera.az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button