“Qapanma qərarı gözləniləndir, görsək ki…” – Deputat sərt karantinin anonsunu verdi

Son bir həftədə ölkə üzrə koronavirusa yoluxmada ciddi artım müşahidə edilir. Ötən gün bu rəqəm 3000-dən artıq olaraq qeydə alındı.
Maraqlıdır, yoluxma sayının ciddi şəkildə artmasının səbəbi nədir və bəzi şəxslər tərəfindən karantin rejiminin sərtləşdirilməsi ilə bağlı fikirlərin səsləndirilməsi nə dərəcədə reallığa uyğundur?
Məsələ ilə bağlı Sfera.az-a danışan deputat Ceyhun Məmmədov insanların son dövrlərdə karantin qaydalarını önəmsəmədiyini deyib:
“Son vaxtlar koronavirusa yoluxmada ciddi artımın olduğunu biz də müşahidə edirik. Yoluxmada artımın başlıca səbəbi vətəndaşların mövcud karantin qaydalarına riayət etməməsidir. Azərbaycan dövləti artıq bir neçə ildir ki, koronavirusla mübarizədə ciddi tədbirlər görür, addımlar atır. Odur ki, vətəndaşlardan mövcud qaydalara dəqiqliklə əməl etmələri tələb olunur”.
Deputat qapanmaların ola biləcəyinə də diqqət çəkib:
“Əgər görsək ki, koronavirus daha geniş şəkildə yayılır, o zaman karantin rejiminin sərtləşdirilməsi ilə məsələyə baxıla və yeni qərarlar verilə bilər. Zərurət olsa, qapanma ilə bağlı addımlar gözləniləndir. Dövlət də çalışır ki, vətəndaşın sağlamlığının qorunması istiqamətində qərarlar qəbul etsin. Vətəndaşlarımız maksimum qaydada sosial məsafəni gözləməli, karantin qaydalarına riayət etməlidir ki, qapanma tədbirləri görülməsin”.
Əzizə Zeynal