Manşet

Bakı dənizçisi: “Arvadımı 4 yerə bölüb dənizə atdım…” (18+)

Bakı dənizçisi: “Arvadımı 4 yerə bölüb dənizə atdım...” (18+)“Cəfəri Zığ körpüsündə gördüm, balıqçıların yanında idi. Tamam dəyişib. Əvvəl tanımadım. Bomj günündə idi. Yaxınlaşdı, “tanıdın” – soruşdu. Səsi də dəyişib, amma gözlərindən yenə də kədər yağırdı. Yazığım gəldi”.

Malik bunları sözarası dedi. Və keçdi yenə də özünün əvvəlki mövzusuna:

– Əmioğlu, nə görübsən e Xəzərdə, çıx qırağa, həyat var e. Kefi kef, pulu da pul…

O, arvadını öldürüb, parçalayıb

Fikrim Cəfərin yanında idi. Bizdən iki kurs yuxarı oxuyurdu. Həmişə də nümunə göstərilirdi, həm dərslərini yaxşı oxumağı, həm də sakit təbiəti ilə müəllimlərin sevimlisi idi. Yaraşıqlı boy-buxunu vardı. Cənubda – Kürqırağı rayonların birində doğulmuşdu. Sonradan Xəzər Dəniz Neft Donanmasında bir yerdə işlədik. Suraxanıda həyət evi vardı, ailə də qurmuşdu. Amma günlərin birində yoxa çıxdı. Sonradan onu televizorda göstərdilər. Prokuror onun haqda danışırdı. Törətdiyi cinayətin detallarını açıqlayır, kriminalistlərin bu cinayəti necə açmasından bəhs edirdi. Veriliş boyu onu göstərdilər. Əli qandallıydı. Hadisəni necə törədib, izi necə itirib, bu haqda sakit səslə danışırdı. Hiss olunurdu ki, hüquq mühafizə orqanlarının əməkdaşları da ona qarşı qəzəbli deyil, hətta halına acıyırdılar da. Verilişin səhəri bütün donanma şokda idi, hər kəs ondan danışırdı: “Cəfər bu boyda cinayəti edə bilməzdi axı, sakit adam idi, hər kəslə mehriban davranar, hörmət sahibi kimi tanınardı”. Amma fakt fakt olaraq qalırdı: O, arvadını öldürüb, parçalayıb, izi itirmək üçün Zığ-2 körpüsünün altına – dənizə atmışdı…

– Bura bax, Cəfər hər gün orda olur?

Maliki İspaniyadan, nəql etdiyi nağıllar dünyasından ayırıb Əhmədliyə, müştəriləri əsasən dənizçilər olan “Aysberq” kafesinə “gətirirəm”. Malik pivəni acgözlüklə başına çəkir:

– Bu nə pivədir e?! Sən mənim oralarda içdiyim pivədən bir bakal iç, xumarlan da özünçün, – sonra sualıma qayıtdı, – nə bilim, yazığım gəldi ona. Başını dikib körpünün altına – dənizə baxırdı. Özü yaxınlaşdı mənə. Əlinin üstündə lövbər döyməsini gördüm, tanıdım. Axı o şəkli mən döymüşdüm…

Qərara gəldim ki, onunla görüşəm. Axır ki, bir dəfə vaxt tapıb körpüyə getdim.

Elə ilk gedişimdə onu nişangaha ala bilmişdim. Malikin dediyi kimi, körpünün məhəccərinə söykənib, gözünü suya dikmiş, siqaretini sümürürdü. Kənarda duran balıqçıları görmürdü, sanki heç balıqçılar da onun fərqində deyildi. Yanında dayandım, baxışlarının izinə düşdüm. Eyni nöqtəyə baxırdı, suyun dibi aydın görünürdü – burda heç bir gizlin, sirr qala bilməzdi…

“Səni unutmaram”

Qoluna toxundum, bir qədər kənara çəkildi, yer verdi sanki. Baxışları, deyəsən, heç də sularda deyildi, sular onun gözlərində film lenti idi sanki…

– Cəfər, necəsən?

Adının qulağına axan səmtə – mənə tərəf döndü. Baxdı. Gözlərinin kədəri qarışdı bəbəklərində, oxuna bilməyən ifadələr əks olundu. Sağ əlinin üstündəki lövbər şəkli də köhnəlmişdi. Damarların və əl sümüyünün üstündə əyilmiş kimi görünürdü. Biləyinə “Səni unutmaram” yazılmışdı.

– Faiq…

– Hə, mənəm.

– Mən uşaqlardan çoxunu görmüşəm, bir-neçə ildir bura gəlirəm, səni heç görmədim. Maliki gördüm, özüm yaxınlaşdım, məni çox gec tanıdı. Sağ olsun, hörmət də etdi mənə…

Malik hörmət etməsini deməmişdi. Eləcə, sözgəlişi Cəfəri gördüm, demişdi… bir az da təəccüb etdim, Malik gördüyü işi, etdiyi hörməti birə-beş artıran adam idi axı…

– Mənə də o dedi ki, burda durubsan… Gəldim səni görüm.

Cəfəri kənara çəkdim.

Geyimi çox zövqsüz, amma təmizdir. Üzü tüklüdür, amma çirkli deyil. Arıqlayıb, çox arıqlayıb. Qoluna girirəm:

– Gedək, bax o ağacın kölgəsində oturaq. Söhbət edək.

Səssizcə ardıma düşür. Dəmir borunun üstündə otururam. Qarşımda çömbəlir:

– Faiq… – deyir və susur.

– Cəfər, həbs olunan, türmə həyatı yaşayan tək sən deyilsən ki, niyə belə sınıbsan? Niyə çöldə olmandan xəbərimiz yoxdur? Niyə dənizə qayıtmadın? – sualları ard-arda düzürəm, hansını münasib bilsə cavablasın.

Mənim o qədər pulum yox idi

– Məni işə götürmədilər. İstədim xaricə gedəm, Dəniz Administrasiyasından diplom və sertifikatları ala bilmədim. İdarə məktub verməli idi, amma idarə heç işə də götürmədi.

– Məktubsuz da ala bilərdik…

– Mənim o qədər pulum yox idi… mənim, ümumiyyətlə, pulum yox idi…

– Cəfər, səndən bir mövzunu danışmanı xahiş etsəm, danışarsan?

– Danışaram, amma bir şərtlə, – bildi nə soruşacam, bunu səsindən, və arıq sinəsindən qopan zəif iniltidən hiss etdim.

– De…

– Mənə kömək elə dənizə dönüm…

– Onu mənsiz özün edəcəksən, başa salacam səni…

– Mən axı bacarmadım. Mən qatiləm axı, baxmayaraq ki, pis işçi olmamışam…

Cəfərə təklif edirəm ki, qalxaq körpüdən yuxarı, kafelərin birində oturaq, çay içək, yemək yeyək. Razılaşmır:

– Sonra məni əraziyə buraxmazlar. Mühafizəçilər kobud adamdır…

Siqaret yandırırıq. Onun verdiyi suallar, maraqlandığı köhnə dənizçilər haqda danışıram. Gözləri yenə də yol çəkir. Arada eləcə: – Sən canın, doğurdan? O, indi rəis müavinidir? Pah atonnan… – deyir.

O, pis yola düşmüşdü…

Axır ki, növbə mənə çatır, soruşuram:

– Mənə olduğu kimi danış, necə oldu arvadını öldürdün?

Cəfər yerini rahatladı, bir daş parçası tapıb üstündə oturdu. Mənə söz vermişdi, danışacaqdı.

– O, pis yola düşmüşdü. Bildim və öldürdüm…

Daha heç nə demir. Çətindir ona. Yardım edirəm:

– Bunları bilirik, təfərrüatı ilə danışsan, yaxşı olardı. Həm də səni qınayanlara öz həqiqətini demiş olarsan.

– Bilirsən də, mən onu sevib almışdım. Suraxanıda olurdular. Anası məni çox istədi, “səni oğlum bilirəm”, – dedi. Toyumuzdan sonra həyətinin yarıdan çoxunu bizə verdi. Ev tikdim. Orada yaşadım. Qazancım pis deyildi, bilirsən, maaşım da yaxşı idi. O məni daş ustasına dəyişdi. Evimi, hasarımı tikən usta vardı. İki fəhləsi ilə həyətdə balaca bir kümə tikib, qalırdılar orda. Həm həyətdə işləyir, həm də yaşayırdılar. Mən dənizdə olurdum, yoldaşım isə anasının yanında. Ustaların çayını, yeməyini hazırlayırdı. Bir uşağım da vardı 3 yaşı keçmişdi. Yaxşı ev tikdim. Köçdük evimizə. Yoldaşım dedi ki, bəs 1 ilə yaxındır bu ustalar bizim həyətdə qalır, indi də ev gəzirlər qalmağa, qoy qalsınlar elə həmin yerdə. Artıq bir ailə kimiyik. Aylıq pul da verərlər. Razılaşdım. Dedim, pulları lazım deyil. Elə həyətdə kişi qaraltısı olsun, ananın işinə yarasınlar…

Susdu. Yenə də siqaret yandırdı. Tələsdirmədim. Başını çevirib körpüyə baxdı.

– Onu öldürdüm, gətirib o körpünün altında dənizə atdım..

– Necə oldu öldürdün?

– Şübhələnmişdim. Evə gəlişimdən xəbərləri olmurdu. Gəmi sahilə gəlcək gedirdim evə. Ustanı həmişə evdə görürdüm, ya da uşağımı gəzdirirdi. Sonra öyrəndim ki, onun qohumları olan fəhlələr artıq başqa ustanın yanında işləyirlər. Bu isə ümumiyyətlə, işə getmir. Ara-sıra iş tapır. Gümrahlaşıb. Sən demə, mənim dənizdən risk edib qazandığımı o qancıq ona yedirirmiş.

Yenə də susur. Əlinə bir xırda daş götürüb uzağa tullayır, bilmək olmur bu daşla o, kimi vurmaq istəyir; öldürdüyü arvadını, yoxsa dost kimi tanıdıb ailənin namusuna göz dikəni.

Nadir yoldaşımın tərəfini saxladı

– Şübhələrin nə zaman gerçəkləşdi?

– Bir dəfə qızım mənə dedi ki, ata, sən Nadir əmidən yaxşı atasan. Gülümsədim. Hələ Nadirə bir az da rəğbətim oyandı, uşağımı əzizləyir deyə. Uşaq dedi ki, Nadir əmi mənə deyir ki, sən mənim qızımsan. Saçını tumarladım, dedim ki, Nadir sənin əmindir, mənim dostumdur. Uşaqla gəzməyə çıxdım, şəhərə aparmışdım. Uşaq mənə dedi ki, ata, niyə sən evə gələndə Nadir əmi aşağı damda yatır, sən olmayanda bizdə? Uşaq sözün düzünü deyər axı, bax onda fikirləşdim ki, nə isə var bunların arasında. Evə gəldikdə qazanıb evə verdiyim pullarla maraqlandım. Arvadıma, “gətir, pulları sayım”, – dedim. Pul xeyli az oldu. Tək qadın, körpə uşaqla bu qədər pulu xərcləyə bilməzdi. Sorğu-suala tutdum. Kobudluq etdi. Əl qaldırdım. Hay-küy saldı. Səsə Nadir də gəldi, qayınanam da. Nadir yoldaşımın tərəfini saxladı, “lazımı olub xərcləyib də, – dedi, – pula görə adam arvadını döyər?” Qayınanam Nadiri qovdu. Sonra qızına təpindi: “Özünü yığışdır, Cəfər kimi adam əlinə düşməz”, – dedi. Yoldaşım isə mənə dedi ki, səni istəmirəm, rədd ol evdən. Nə isə həmin günün səhəri Nadiri evdən qovdum. Yoldaşıma dedim ki, o adamı evə buraxma. Söz-söhbət olur. Kim nə bilir ki, o bizimlə dostdur. İnanırsan, mən ağlıma da gətirə bilməzdim ki, mənə xəyanət edər.

Dənizə qayıtdım. Geri döndükdə uşağı evdə tək gördüm, “ana haradadır? – soruşdum. “Nadir əmi maşınla gəlib apardı, anam, bazara gedirəm”, – dedi.

Onu öldürmək keçdi içimdən

Qayınanamın yanına getdim, bu nə biabırçılıqdır, soruşdum. Dedi, ağlına pis fikir gətirmə, Nadir bu evin oğlu kimidir. Bir həyətdə yaşayırıq, gözüm qızımın üstündədir. Yoldaşım anası ilə bizim aramıza hasar da çəkdirmişdi, tamam ayrı həyət olmuşduq. Bunu niyə etmisiz, soruşdum. Qayınanam, “belə yaxşıdır”, – dedi. Bir azdan yoldaşım gəldi. Nadir həyətə də girmədi. Bir söz demədim. Həmin axşam, onunla xeyli söhbət etdim. Etiraf etdi ki, məni bəyənmir, onun üçün əsl kişi Nadirdir, yaxşısı budur, evdən gedim. O an onu öldürmək keçdi içimdən, tələsmədim. Dedim, yaxşısı budur, sən get, pul da verirəm, qoşul ona, get. Bir şərtlə, yaz ki, Cəfər, səni sevmirəm, mənim sevdiyim Nadirdir. Ona qoşulub gedirəm, halal elə etdiklərini, qızımızı böyüt, mən sənə layiq arvad ola bilmədim. Belə yaz, get. Qızım böyüyəndə ona oxudacam məktubunu, bilsin ki, ayrılmamızda günahkar sənsən.

Gözləməzdim, inandı, dediklərimi yazdı. Dedim tarixi 3 gün sonraya qoy. Mən dənizə çıxandan sonra get…

Arvadıma dedim ki, səni öldürəcəm

Səhəri getdim gəmiyə. Qayınanama dedim ki, daha gəlməyəcəm, qızın mənə üz vermir. 3 gündən sonra gecə evə gəldim, xəlvət keçdim otağa, uşaq yatmışdı. Yoldaşım isə səsə oyandı. Gəldiyimi gördükdə dedim hamamı hazırla, çimirəm. Hazırladı, onu da saldım hamama. Arvadıma dedim, səni öldürəcəm. İnanmadı, “səndə o kişilik olmaz”, – dedi. Mən isə onu öldürdüm. Cəsədini iki yerə parçaladım. Su axıdıb qanı yudum. İkiyə parçaladığım bədəni daha 4 yerə parçalayıb selefona bükdüm, özümlə gəmidən gətirdiyim su keçirməz kisələrə doldurdum. Sonra evə keçib, yazdığı məktubu stolun üstünə qoydum. Paltarlarını bir çamadana yığdım, evdəki pulların çox hissəsini götürdüm, qızıllarının isə hamısını. Görüntü yaratdım ki, evdən qaçıb. Artıq saat 4 olardı. Gedib aeroport yolundan bir taksi saxlatdım. Tanımasınlar deyə, kənar adam olmalı idi. Çamadanı və kisələri baqaja qoydum. Gəldim Zığ körpüsünə. Hər iki kisəni ağır vintillərə bağlayıb atdım dənizə…

Qayınanam dedi ki, qoşulub qaçıb…

Cəfər çiynindən ağır bir yükü yerə qoyubmuş kimi dərindən nəfəs aldı:

– Bunların hamısını istintaqa danışmışdım, – dedi.

– Cəfər, bəs bu sirr necə oldu açıldı?

– Özümün marağım oldu… Yox, mən aldandım həm də… Bilirsən, mən gəmidən xəbərsiz çıxmışdım, maşın şöbəsində iş vardı, təmir edirdim guya. Getdim və gəmiyə girişimi də kimsə görmədi. O zaman körpülər indiki kimi mühafizə olunmurdu axı. 5-6 gündən sonra evə getdim. Qızım nənəsinin yanında idi. Arvadımı soruşdum, qayınanam dedi ki, qoşulub qaçıb, bizi biabır edib, məktub yazıb. Alıb oxudum. Dedim nə edək? Polisə verək? Qayınanam dedi ki, qonşulara demişəm rayona qonaq gedib, gözləyək qayıtsın, boşan, ondan sənə arvad olmaz. Bu ev isə sənindir, nəvəmindir. İstəsən ailə qurarsan, istəməsən də narahat olma, uşağı özüm böyüdərəm. Evdə hay-küy salıb getdim. Təxminən, bir həftə sonra Nadiri görüb qayınanam, deyib, bəs qızı neynəyibsən? Bu da deyib ki, xəbərim yoxdur:

– Qızın mənimlə 3 həftəyə yaxındır ki, görüşmür, görməmişəm.

O zaman qayınanam mənim ardımca gəlib idarəyə, gəmidən məni çağırdılar, düşdüm. Arvad Nadirin qızdan xəbərsiz olduğunu dedi. Birlikdə getdik polisə, hadisəni danışdıq, ərizə ilə müraciət etdik.

Arvadın mənə maşın aldı

Nadiri tutdular, istintaq isə gedirdi. 2-3 aydan sonra onu buraxdılar. Məni tapdı. Etiraf etdi ki, aralarında münasibət olub, amma onunla qoşulub qaçmayıb.

– Arvadın dedi ki, gedək, Cəfərə də demişəm, hətta məktub da yazdırıb mənə. Razı olmadım. Bu mənim sənin qarşında yumaq istədiyim günahdır. Bilirəm ki, onu sən öldürübsən. Mən polisə, ona məktub yazdırman haqda heç nə demədim. Çalış, sirrini saxlaya biləsən, istəsən maşını da satım, pulunu verim, onu arvadın alıb mənə. Pul verib 8-ci km. bazarında yer götürmüşəm, alverim də gedirdi. Gedib işimi bərpa edəcəm.

– Sən nə dedin?

– Heç nə, dedim sən kişi deyilsən, o da dedi ki, biz hər ikimiz oğraşıq.

– Bəs necə oldu, bilindi?

– İki ildən sonra sirrin üstü açıldı. İki il nələr çəkdim, bilməzsən. Qızım anasını soruşurdu, qayınanam mənə pis münasibət bəsləyirdi. Neçə dəfə əlində Quran gəldi, and içdi, həqiqət nədirsə de, dedi, kimsə bilməz. Xəbərim yoxdur, dedim. Yata bilmirdim gecələr, təlaş içində oyanırdım.

Yaxşı ki, sən məni öldürdün…

– Heç yuxuna gəlirdi?

– Həmişə yuxuma gəlirdi. Bəzən yatmırdım, gözlərimi qapayıb onunla söhbət edirdim, mənə deyirdi ki, sən yaxşı adamsan, Cəfər, nə yaxşı ki, sən məni öldürdün, özünü bu ləkədən xilas etdin. Onu həmişə qınadım, yazığım da gəlirdi arada…

– Niyə?

– Ona bu cür xoş idi. O, belə yaşamaq istəmişdi, uşağımı da götürüb gərək çıxaydım evdən…

– Amma sən ləkədən qurtuldun…

– Yox, kim bilirdi ki, mən namusumu təmizləmişəm. Mən qorxaq idim, Nadiri öldürə bilmədim, amma fikrim var idi. Əgər o da yoxa çıxsaydı, məndən şübhələnəcəkdilər. Hər kəs mənə əskik adam kimi baxırdı. Arvadım məni atıb getmişdi. Mən isə gəzirdim. Kürəyimə baxışların iynə kimi sancıldığını hiss edirdim. Heç nə unudulmur axı, məni görənlər arvadından xəbəri olmayan birisi kimi görürdü.

Heç olmasa, o qadını öldürsəydin…

– Axır bu sirr açıldı axı…

– Günlərin bir günü gənc, yaraşıqlı bir qızla yol-yoldaşı oldum. Şəhərə qədər avtobusda yanaşı oturduq. Necə oldusa, diqqətimi çəkdi. Bir neçə gündən sonra yenə də təsadüfən rastlaşdıq. Və sonra bir-neçə dəfə. Mən onu tanıyırdım, o isə başıaşağı idi. Axır ki, bir dəfə onunla söhbət etmək istədim, sizi tanıyıram dedim, təəccübləndi. Dedim, bəs filan vaxtı təsadüfən filan yerə bir getmişik və sair. Dedi hə, necə oldu yadında qaldım? Dedim, ilk gündən diqqətimi çəkibsən. Məndən çox kiçik idi yaşda. O zaman mənim 30 yaşım vardı. O isə xeyli gənc görünürdü. Tələbə olduğunu dedi. Nə isə, ev telefonunu istədim. Verdi… Beləcə, sevdim onu. Zaman keçdikcə məni özümə qaytarırdı. Ona bir zamanlar ailəli, bir qızımın olduğun, onu qayınanamın saxladığını dedim. Soruşdu ki, yoldaşın haradır bəs, rəhmətə gedib? Dedim, yox, o mənə xəyanət edib, qoşulub qaçıb başqası ilə, hətta məktub da yazıb qoyub. Hər şeyi danışdım. Dedim ki, onsuz da, boşanacaqdım ondan, bilirdim ki, başqası ilə gəzir. Həmin gün beləcə söhbət etdik. Sonralar nə qədər görüşə çağırdım gəlmədi. Axır bir dəfə razı saldım, görüşdük. Mənə dedi ki, sən onu vaxtında boşasaydın, yaxud tərk edib getsəydin, sənə ərə gələrdim. Amma sənin arvadın səni dəyişib, xəyanət edib, sən isə imkan vermisən məşuquna qoşulub qaçsın da… Səndən ər olmaz. Sonra əsəbi halda dedi ki, heç olmasa, o qadını öldürsəydin, sənin qətiyyətli kişi olduğunu bilərdim, səninlə mənimki tutmaz. Mən isə onu itirmək istəmirdim. Artıq 1 ilə yaxın idi ki, görüşürdük. Ona həqiqəti danışdım. Arvadımı necə öldürməyimi, necə gətirib dənizdə “basdırmağımı”, hər şeyi olduğu kimi… İnanmıram, dedi, and içdim, yerini də göstərə bilərəm, dedim. Dedi, onda qalsın sabah göstərərsən, bu gün gecdir.

Həmin axşam məni polislər gəmidən götürdü. Səhər tezdən danışdırmaq üçün müstəntiqin otağına apardılar. Müstəntiq dünən mənə ərə gəlməyə razılıq verən qız idi… Mən otağa gircək ayağa qalxdı:

– Gedək, arvadını basdırdığın yerə…

Faiq Balabəyli
axar.az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button