Manşet

Türkmənbaşıya əsər yazan azərbaycanlı bəstəkar: “Sifarişlə yazmışam…”

Türkmənbaşıya əsər yazan azərbaycanlı bəstəkar: “Sifarişlə yazmışam...”Bəstəkar Rauf Əliyev Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktorudur. 1975-ci ildən bu vəzifədən çalışan bəstəkar Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Elə həmin ildən kinostudiyada işləməyə başlayıb. O, bu müddət ərzində 40-a yaxın bədii, sənədli və animasiya filmlərinə musiqi yazıb…

Amma Rauf Əliyevi son günlər gündəmə gətirən səbəb bunlar deyil. Onu günün adamına çevirən səbəb başqadır – Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədova həsr etdiyi “Türkmənnamə” kantatası.

Maraqlıdır, Türkmənbaşıya əsər ithaf etmək zərurəti haradan meydana çıxdı? Bu əsər sifariş idimi? Belədirsə, kimin sifarişi idi? Təşəbbüs kimdən gəlmişdi? Berdımuhammedovun əsərə münasibəti necə oldu?

Rauf Əliyev virtualaz.org saytının bu və digər suallarını cavablandırdı, bir çox mətləblərə özü aydınlıq gətirdi.

– Türkmənistan prezidentinə musiqi əsəri həsr etməyiniz təəccüb doğurdu və birmənalı qarşılanmadı. Çoxunu da maraqlandıran bu oldu ki, azərbaycanlı bəstəkar niyə türkmən prezidentə əsər həsr edir? Bu ideya necə yarandı?

– TÜRKSOY adlı təşkilat var. Bu, türkdilli xalqların birgə mədəniyyət təşkilatıdır. TÜRKSOY Azərbaycanın və onun görkəmli sənətkarlarının tanıdılması istiqamətində çoxlu işlər görüb. Fransa, Almaniya və digər Avropa ölkələrində Üzeyir Hacıbəyovun “Koroğlu” operası onun xətti ilə tamaşaya qoyulub. Bizim də bu təşkilatla sıx əlaqələrimiz var, müxtəlif türk ölkələrində keçirilən festivallarda mənim də əsərlərim səslənir. Bu ilin əvvəlində TÜRKSOY-un baş katibi Düsen Kaseinovdan mənə təklif gəldi. O bildirdi ki, Türkmənistanın Marı şəhərində musiqi festivalı keçiriləcək. Festival günləri də həm Türkmənistan Mədəniyyət günlərinə, həm də ölkə başçısı Qurbanqulu Berdımuhəmmədovun doğum günü ərəfəsinə təsadüf edir. Təşkilat mənə sifariş etdi ki, Türkmənistana aid əsər yazım. Yəni mən bu musiqi əsərini sifarişlə yazmışam.

– Bundan əvvəl Türkmənistan prezidenti ilə şəxsi tanışlığınız, yaxud da Türkmənistana hər hansısa bağlılığınız var idimi? Əsəri necə yazdınız?

– Sifarişi alandan sonra əsəri həvəslə yazmağa hazırlaşdım və türkmən xalq musiqisi nümunələrinə qulaq asmağa başladım. Eyni zamanda da Türkmənistan prezidentindən söhbət getdiyinə görə onu da internetdə araşdırdım. Sözsüz ki, onun dövlət başçısı kimi də uğurları var. Amma mənə ən xoş gələn o oldu ki, prezident özü bir neçə musiqi alətində ifa edir və mahnı oxuyur. Bəstəkarda fikir yaranmalıdır ki, əsəri yaratsın. Məndə həqiqətən həmin insana qarşı hörmət və müsbət fikirlər yarandı, sonra da aprel ayında “Türkmənnamə” adlı əsəri yazmağa başladım.

– Sonra da yazdığınız kantata festivalda səsləndi…

– Kantata məsələsinə də aydınlıq gətirmək lazımdır. Çünki onu səhv təqdim ediblər, mənim yazdığım əsər kantata deyil, insturmental musiqidir. Festivalın proqramında da əsər kantata kimi qeyd olunmayıb. Sadəcə “Rauf Əliyev, “Türkmənnamə”, Azərbaycan” sözləri qeyd olunub. Kantata xor və vokalın simfonik orkestrlə vəhdətini təşkil edən musiqiyə deyilir. Əsərin həcmi isə 4 dəqiqədir. Bu əsər türkmən xalqı və onun prezidenti Qurbanqulu Berdımuhəmmədova həsr olunub. Ona görə də onun içində türkmən xalq musiqisinin melodiyası var və bir hissəsində türkmənlərin “Qonurbaş” muğamı səslənir. Türkmənlər də bunu çox gözəl qarşıladı.

– Türkmənistan prezidentinin reaksiyası necə oldu?

– Prezident özü həmin tədbirdə iştirak etməsə də ölkənin hökumət üzvləri, o cümlədən mədəniyyət naziri orada idi. Sonda məni səhnəyə dəvət edib təqdim etdilər ki, bu konsertdə premyera səslənib, yeni əsər təqdim olunub. Yazdığım musiqi çox yaxşı qarşılandı. Yəqin ki, bu barədə prezidentə də məlumat verilib.

– Festivala sizdən başqa azərbaycanlı sənətkar qatılmışdımı?

– Azərbaycanlı müğənni Afaq Abbasova iştirak edirdi. O, Üzeyir Hacıbəyovun əsərlərindən birini səsləndirdi. Bəstəkar kimi isə yalnız mən iştirak edirdim. Ümumiyyətlə, festivalda cəmi 3 bəstəkar var idi – Qazaxıstan, Qırğızıstan və Azərbaycan nümayəndələri.

– Onlar da türkmən xalqına, yaxud da prezidentə əsər həsr etmişdi?

– Yox, təkcə mən idim. Mən sifarişlə yazılan əsərə normal baxıram, amma istənilən halda bəstəkarın mövzuya öz münasibəti də olmalıdır. Onu da qeyd edim ki, bu əsər mənim ölkə başçısına ithaf etdiyim ilk əsər deyil. Ötən il də Azərbaycanın ümummilli liderimiz Heydər Əliyevə ballada həsr etmişəm. Mədəniyyət və Turizm Nazirliyi bu əsəri məndən aldı və başqa bəstəkarlarla bir yerdə siyahıya daxil edildi. Bu əsər də ithafdır, amma nəyə görəsə Türkmənistan prezidentinə ithaf etdiyim əsər birmənalı qarşılanmadı.

– Sizin özünüzə irad bildirən, yazdığınız əsərə görə qınayanlar oldumu?

– Yox, özümə heç bir mənfi söz deyən olmayıb.

– Amma sosial şəbəkələrdə və mətbuatda birmənalı qarşılanmayıb. Qınaqlar çoxdur…

– Bilirəm, özüm də gördüm. Düşünürəm ki, hər adamın öz fikri var, buna normal baxıram. Nə deyirlər desinlər, mənim üçün heç bir əhəmiyyəti yoxdur.

– Sifarişin qarşılığında onu yerinə yetirənə müəyyən zəhməthaqqı, necə deyərlər, qonorar da verirlər. O da ola prezident sifarişi…

– Bəli. Mən ümumiyyətlə heç bir əsəri sifarişsiz yazmıram. Müqavilə varsa, hansısa əsəri yazıram. İstəyir film olsun, istəyir başqa şey üçün. Mən peşəkar bəstəkaram. Bu, mənim sənətimdir və mən bu sənətlə yaşayıram. Ona görə də sifariş olunan əsərə pul verilməlidir , amma nə qədər olduğunu deyə bilmərəm. Bu, TÜRKSOY-un sifarişidir və xərcləri də o ödəyir. Bəziləri belə düşünürdü ki, mənə Türkmənistan dövləti nəsə verir.

– Heydər Əliyevə həsr etdiyiniz ballada da sifariş idimi?

– Yox, hərdən olur ki, öz istəyimlə yazıram. Onu çox həvəslə yazıb təqdim etdim, simfonik orkestr də ifa etdi.

– Bəs Türkmənistan hökuməti sizə təşəkkür etdimi? Yaxud da minnətdarlıq əvəzi hədiyyə aldınızmı?

– Hələ ki, yox. Təkcə TÜRKSOY təşəkkürnamə kağızı verib, vəssalam.

– Türkmənistanı sizə doğmalaşdıran nədir?

– Türkmən xalqı çox gözəl xalqdır, onların dili də bizim dilimizə ən yaxın dildir.

– Bu festivala qədər Türkmənistanda olmuşdunuzmu?

– Yox, heç vaxt olmamışdım. Amma Aşqabadda yaşayan qohumlarımın sayəsində türkmənlərin həyatından xəbərdar idim.

– Festivaldakı çıxışınızda demisiniz ki, əsəri müdrik və istedadlı insan Qurbanqulu Berdıməhəmmədova ithaf edirsiniz. Onun müdrikliyini, istedadını nədə görürsünüz?

– Qeyd etdiyim kimi, əsəri yazmadan əvvəl prezidentlə bağlı məlumatlara çox baxdım, haqqında oxudum. Onun kitablarını, orada yazdığı müdrik fikirləri oxudum. İnanıram ki, onları özü yazıb. Həmçinin türkmən xalqının da öz liderinə münasibəti göz qabağındadır.

– Hansı kitablarını oxumuşunuz?

– İndi adlarını demək çətindir, amma kitabları var. Türkmən musiqi alətlərinə aid kitab yazıb, o kitab indi mənim evimdədir. Bu, mənə çox xoş təsir etdi. Yəni mən bu əsəri elə-belə həsr etmədim. O insan haqqında çox yüksək fikirdə olduğum üçün yazdım.

– Əks təqdirdə yazmayacaqdınız?

– Əlbəttə. Burada heç bir problem yoxdur. Əksi olsaydı, əsər yenə türkmən xalqına həsr olunacaqdı, amma əlavə sözlər yazılmayacaqdı.

– Əsəri yazanda bunu neqativ qarşılayanların olacağını gözləyirdinizmi?

– Yox, heç indi də fikirləşmirəm. Mənim fikrim var, əsər yazıramsa, başqalarının fikri məni maraqlandırmır. Mən TÜRKSOY-un başqa sifarişini də yerinə yetirmişəm. “Ulu çöl” adlanan 10 dəqiqəlik əsərim Qazaxıstana həsr olunub. Artıq bunu TÜRSOY-a təhvil vermişəm və həmin əsər bu il payızda Qazaxıstanda keçiriləcək tədbirdə səslənəcək. Həmin əsərdə də Qazaxıstan xalq melodiyasından istifadə etmişəm.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button