Manşet

Məhkəməsinə gedənlər Leyla Yunusu tanımadılar: \”Bu arıq, qırmızı paltarlı qadın kimdi?\” – FOTO+VİDEO

Məhkəməsinə gedənlər Leyla Yunusu tanımadılar: "Bu arıq, qırmızı paltarlı qadın kimdi?" - FOTO+VİDEOMirvari Qəhrəmanlı: “Mən onu çox güclü sanırdım, belə olmaz…”

Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun ilkin məhkəmə prosesində diqqəti daha çox çəkən hər ikisinin durumu idi. Xüsusən də L.Yunusun xəstə, qoca, ağsaçlı görüntüsü onu tanıyanları şoka saldı. Hətta prosesdə iştirak edən jurnalistlər onu uzun müddət tanımadıqlarını, “bu qadın kimdir ki, onun prosesinə gəlmişik” deyə təəccübləndiklərini danışırlar. Məhkəmənin arxa qapısından çəkilən video da izləyənlər üçün gerçək şok idi. Demək, öncə nəzarətçilər A.Yunusu pilləkənlərlə aşağı düşürürlər. Onun ardınca qırmızı paltarda, arıq bir qadın da gəlir. Amma izləyənlər L.Yunusu görmək istəyir. Baxmayaraq ki, elə gördükləri L.Yunus olub.

Hər zaman baxımlı, irəliləyən yaşına rəğmən şarmlı, cazibəli görünməyi başaran Leyla xanımın birdən-birə bu qədər çökməsinin səbəbi ancaq türmə həyatı ola bilərmi? Yoxsa, xəstəlik, mənəvi depressiya…?

L.Yunusun yaxın rəfiqəsi, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı musavat.com-a açıqlamasında bu mənzərəni şərh etdi. Müsahibimiz öncə yada saldı ki, L.Yunus xəstədir: “Əvvəllər onda hepatit C olduğu, gözlərinin operasiya olunduğu haqda bilmirdim. Leyla öz xəstəliyini bildirən deyildi. Bu haqda danışmağı xoşlamır. Ancaq onun qadın xəstəliyindən cərrahiyə əməliyyatı keçirdiyini bilirdim. Yəni bu çoxdan, səhv etmirəmsə 1995-ci ildə olmuşdu”.

Müsahibimiz L.Yunusun son görüntüsünü də şərh etdi. Dedi ki, rəfiqəsi hər zaman baxımlı qadın olub: “Heç vaxt səhmansız adam qabağına çıxmaz idi. Niyə keçmiş zamanda deyirəm? İndi özünə qarşı bu sayğısızlığı xoşuma gəlmədi. Olmaz! Qadın hər yerdə qadındır. Gülər Əhmədova yadınızdadır? Leylanın evdə brend paltarları var. Kifayət qədər. Sadəcə onu bu halda göstərən həm qapalı xəstəxana şəraitində yaşaması, həm də özünə qarşı sayğısızlığıdır. Düz eləmir. Sadəcə özünü qaydaya salsa həmişəki Leyla olacaq. İnsan, xüsusən qadın özünü sevməlidir. Heç inanmırdım ki, Leyla belə düşgünləşər. Çox güclü sanırdım onu. Çox… Sınmaq olmaz!”

Müsahibimizdən yaxın dostlarının L.Yunusu ziyarət edib-etmədiklərini də soruşduq. Sualımıza “hansı dostlar” deyə sualla cavab verən M.Qəhrəmanlı ümumi mənzərəni də şərh etdi: “Leylanın qohumları çox azdır. Ölkədə dostları var. Biri mən. Necə axtarmaq olar? Başqa ölkədə deyil ki? Yanına yemək aparmağa yalnız bir nəfərə icazə verilir. Görüşə icazə yoxdur. Başqa nə etmək olar? Yazığın əri də türmədə. Onun da Bakıda qardaşı var. Təəssüf ki, yanına getmir”.

M.Qəhrəmanlıdan L.Yunusun məhkəməsində iştirak edib-etməyəcəyini də soruşduq. Dedi ki, hazırda Praqadadır: “Yəqin eşitmişdiz. Çox ağır xəstə idim. İndi həkimə gəlmişəm. İnşallah iyulun 31-də qayıdıram. Əlbəttə iştirak edəcəm. Mən həm də bu işdə şahidəm. İmkan olsa orda da sözümü deyəcəm… Haqqını müdafiə edən adam yazıqlaşmaz. İstəmirəm hamı ona yazıq kimi baxsın! O bunu anlamır? Olmaz.”

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button