Manşet

Azərbaycanlı ilahiyyatçıdan şok: “Quran müqəddəs deyil, adi kağız parçasıdır”

Azərbaycanlı ilahiyyatçıdan şok: “Quran müqəddəs deyil, adi kağız parçasıdır”Tanınmış ilahiyyatçı Elşad Miri teleqraf.com saytına müsahibə verib. Savash.org oxucular üçün maraqlı olacağını nəzərə alıb müsahibədə yer alan fikirləri diqqətinizə çatdırır:

Dini dar olan dindarlar İslamı VII əsrə məhkum eləyirlər

“İlk gündən insan nədisə indi də eynidi. O insanın hissləri nə idisə, indi də eyni hisslərlə yaşayır. Ola bilər, sadəcə, bizim istifadə elədiyimiz alətlər dəyişib. Min il əvvələ baxanda texnologiyada əlbəttə, xeyli irəliləyiş var. Telefon, diktafon və s. Amma insan hissi həmişə eyni olub. Məsələn, sevgi. Sevgi hissi heç vaxt dəyişməyib. İnsan min il əvvəl necə sevirdisə, indi də elə sevir. Mən din xadimi deyiləm. Amma əfsuslar olsun ki, dini dar olan dindarlar İslamı VII əsrə məhkum eləyirlər. İslam dinini günümüzə gətirib çıxara bilmirlər. Bu da müsəlmanların özlərinin problemidi, dinin problemi deyil”.

Quranın tərcümələrində çox ciddi xətalar var

“Mən insan tanıyıram, Quranın tərcüməsini üç dəfə oxuyandan sonra ateist olub. Bu adamla dəfələrlə görüşdüm. Adam nəyi soruşur, deyirəm, bu, Quranda yoxdu. Bu adam mötərizələrdə olanları Quranda olmuş kimi hesab eləyir. Tərcüməçinin öz fikirlərini Allahın sözü kimi qəbul eləyir. Məsələn, Quranın tərcüməsinin şərhində yazılır ki, macar islamşünası Qoldziyerin mülahizəsinə görə burada darvinizmin əlamətləri var. Təsəvvür eləyin, dinlərin hər biri darvinizmi tamamilə inkar edir, amma sən Qurani-Kərimə şərh yazanda belə bir şey edirsən. Bu kimi hallar çoxdu. Quranın tərcümələrində çox ciddi xətalar var. Məsələn, Məsəd surəsini götürək. Deyir ki, Əbu Ləhəbin əlləri qurusun, qurudu da. Qiyamət günü ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı. O, alovlu atəşlər görəcəkdir. Onun odun daşıyan övrəti də həmçinin. Onun boğazında xurma lifindən hörülmüş ip olacaqdır. Tutalım, mənim övladım bu surəni oxuyur. Soruşmaz ki, ata, Əbu Ləhəb kimdi? Niyə onun haqqında belə surə gəlib? Niyə orda belə şeylər yazılıb? Təbii ki, soruşacaq. Mən övladıma Əbu Ləhəbin kim olduğunu açıqlamalıyam. Amma VII əsr insanı bilirdi ki, Əbu Ləhəb kimdi və peyğəmbərə hansı zülmləri verib. Bəs günümüzün insanlarına bunu necə çatdıracaqsan? Ona görə də Quranın tərcüməsində səhvlərin olduğunu deyə bilərəm. Yazır ki, Əbu Ləhəbin əlləri qurusun. Allah niyə kiminsə əllərinin qurumağını istəsin? Allah niyə belə bir ifadə işlətsin? Əlləri qurudan kimdi? Heç Əbu Ləhəbin əlləri qurumadı. Surənin gəlişindən sonra 10 il yaşadı. Başqa bir tərəfdən, Quranda heç vaxt ad çəkilməz, ancaq ləqəblər deyilər. Bircə Zeyd adından başqa. Məsələn, Əbu Ləhəbin əsl adı Əbdul Uzzadır. Uzza adlı bütün qulu”.

Necə olur ki, Allah kitab göndərsin, özü də insanların başa düşməməyi üçün? Bu, necə ola bilər?

“Quranı müasir dövrümüzlə əlaqələndirə bilmək üçün əlavə nə qədər şeylər oxuyuram. Elə olur ki, başqa müsəlman ölkələrində tanıdğım alimlərə zəng edirəm, onlardan məsləhətlər alıram. Elə olur ki, təyyarəyə oturub gedirəm, həmin məsələni yerində araşdırmağa çalışıram. Çalışıram və inanıram ki, gözəl bir nəticə alınacaq. Bütün bu şeyləri hər dəfə xırda-xırda gündəmə gətirəndə aləm bir-birinə dəyir. Çünki bu gün islam dünyası kopyalamaq üzərində qurulub. Deyirlər, keçmişdə nə cür idisə indi də elə olsun. Yeni bir fikir yoxdu, islahat yoxdu. Mən isə Qurana əsaslanaraq oradakı ifadələri günümüzlə əlaqələndirirəm. Qeyd etdiyim ifadələri isə özümdən demirəm, danışdıqlarımın hamısını Quranla əsaslandırıram. Buna görə mənə kafir deyirlər, bidət əhli adlandırırlar və s.

Quran müqəddəs kitab deyil. Quran kitabının üstünə nə yazılıb? – Qurani-Kərim. Tövratın üzərinə nə yazılıb? – Müqəddəs kitab. Deməli, müqəddəs kitab Tövratdı, Quran deyil. Çünki müqəddəs kitab sözü kitabın adıdı. Kitabın adı sadəcə, Qurandır, vəssalam. Ümumiyyətlə, Allahdan başqa müqəddəs heç kim və heç nə yoxdu. Mən sənin Çin dilini bilmədiyini bilirəm. Və götürüb sənə Çin dilində mesajlar yazıram. Sən də oxuyursan, deyirsən, axı Elşad bilir ki, mən Çin dilini bilmirəm. Bəs bu mesajları mənə niyə yazır? Mən sənə mesaj yazıramsa, deməli, bir-birimizi başa düşmək üçün yazıram. Gəl filan saatda filan yerdə görüşək və s. Bəs necə olur ki, Allah kitab göndərsin, özü də insanların başa düşməməyi üçün? Bu, necə ola bilər? Əstəğfirullah, Allah insana ötəri yanaşır? İnsanların başa düşməməsi üçün kitab göndərir? Təsəvvür elə ki, yol hərəkət qaydaları qoyurlar, amma o qaydaları başa düşmək üçün heç bir kitab yoxdu. Bilmirsən ox işarəsi nədi-filan. Necə ola bilər bu? Qurani-Kərimin 11-ci surəsinin 1-ci ayəsində deyilir ki, Allah bütün bunları müfəssəl izah edilmiş bir kitabda yazır. Yəni Allah bu kitabı müfəssəl izah eləyib. Bəs sən nə axtarırsan? Sadəcə, bunları gözəl bilmək lazımdır ki, bir-biri ilə əlaqələndirib gözəl anlıyasan. Məsələ bundadı.

Gəl, götürüb Quranın bir səhifəsini yandıraq, görək, yanır, yoxsa, yanmır, əlbəttə, yanacaq

“Saytlar yazır ki, ev yandı, amma Quran yanmadı. İnsanlar deyir, Quran müqəddəsdi, ona görə yanmayıb. Boş söhbətdi. İstənilən açılmayan kitabın içi yanmır. Vərəqlərin arasına oksigen girmirsə, o kitab yanmır. Amma demirsən, Quran möcüzədi? Gəl, götürüb Quranın bir səhifəsini yandıraq, görək, yanır, yoxsa, yanmır. Əlbəttə, yanacaq. Möcüzədisə yanmasın da. Axı niyə yanmasın ki? Quran kitabı da adi kağızdandı. Və yaxud Quranı ilk dəfə yandıran elə müsəlmanları özləri olub. Hətta müsəlmanlar bir-birləri ilə savaşanda əyinlərindəki dərinin üzərinə Quran ayələrini qoyurdular ki, qarşı tərəf bunları vurmasın. Hiylə işlədirdilər. Qurandan bu cür istifadə edirdilər”.

Quranı götürüb gəlinin qarnının üstünə qoyurlar ki, uşaq doğsun. Quran ginekoloji bir kitab deyil ki…

“Bu gün Quranı qəşəng bahalı bir parçaya bağlayıb evin ən yuxarı yerinə qoyurlar. Axı Quran bu şeylər üçün gəlməyib. Quran sənin başının ucunda olan bir kitab olmalıdı ki, tez-tez oxuyasan, görəsən ki, nə yazıblar. Təsəvvür elə ki, telefonuna mesaj gəlib. Açıb o mesajı oxuyursan. Qardaş, Allah da bizə 6236 dənə sms göndərib. Açıb bu smsləri oxuyaq, görək nə yazılıb. Allah bu insanları yaradıb özbaşına buraxmayıb. Bir kitab da verib ki, oxuyun və həyatınızı düzgün istiqamətləndirin. Allah deməyib ki, bu kitabı bahalı bir parçaya bük qoy evin yuxarı bir yerinə. Yaxud da Quranı götürüb gəlinin qarnının üstünə qoyurlar ki, uşaq doğsun. Quran ginekoloji bir kitab deyil ki… Bu yaxında umrə ziyarətinə getmişdim. Gördüm, qadın qızının paltarını gətirib Kəbəyə sürtür. Soruşdum, niyə belə eləyirsən? Deyir, qızım qayıdanda doğsun. Mən başa düşmürəm, Kəbə qadın xəstəxanası-zaddı, yoxsa ginekologiya mərkəzidi? Bu, nə təfəkkürdü? Axı dinə niyə belə yanaşırsınız? Ocaqlar, pirlər, seyidlər… Biri özündən şey çıxar ki, məsələn, filankəs ağanın cəddi. Qardaş, ağanın cəddi olsaydı, əvvəlcə özünü düzəldərdi də, bəs ömür boyu niyə əyri qalırdı?”

Quranın bir ayəsini qəbul eləməyən kafirdi

“Mənim Quranda qəbul eləmədiyim heç bir cəhət yoxdu. Mən uzun illər ilahiyyat oxumuşam. Orta məktəbdə də, universitetdə də, magistraturada da. İlahiyyatdan universitetdə dərs də demişəm. Və çox sonralar Quranı həqiqətən sevməyə başlamışam. Başa düşdüm ki, Quran əzbərləmək üçün göndərilməyib, dərk edib yaşamaq üçün göndərilib. Mən kiməm ki, Quranı qəbul eləməyim? Dinimizə görə Quranın bir ayəsini qəbul eləməyən kafirdi. Kafir Allahın yaratdığı haqqın üstünü örtən deməkdi. Mən çox insanlarla görüşmüşəm. Xarici ölkələrdə də, öz ölkəmizin ateistləri ilə də. Düzü, Azərbaycanda düz-əməlli atesit yoxdu, sözüm onda deyil. Görüşdüyüm insanlar nə dəlil, nə sübut gətirməyə çalışırlarsa hamısına cavab verib izah eləyirəm. Çaşıb qalırlar ki, biz belə bilmirdik axı. Deyirlər, filankəsin kitabında niyə belə yazıblar bəs? Deyirəm, ay qardaş, axı sən niyə filan kitabı Quran ayəsindən yaxşı qəbul eləyirsən? Axı Quranda deyilən hər bir şeyin izahı da verilib”.

Biz Quranı ölü üçün oxunan kitab halına gətirmişik

“Quran tam kitab halında göydən düşməyib. Quran vəhydir. Vəhy Allahla peyğəmbər arasında olan ünsiyyət vasitəsidir. Vəhyin müxtəlif formaları olur. Peyğəmbərə vəhy gəlib, onun da qırxdan çox vəhy katibləri olub, həmin insanlara bu kitabı yazdırıb. Yazandan sonra təzədən peyğəmbərə oxuyublar, səhvlər varsa təzədən düzəldiblər, redaktə eləyiblər, vəssalam. Bu kitab hazır formada göydən düşməyib. Allah tərəfindən mələk vasitəsilə Peyğəmbərinə göndərilib.

Quran insan həyatına həsr olunmuş bir kitabdı. Yəni insan həyatının ilk anından qocalıb ölənə kimi Quranla ünsiyyət qurub ordan nəsə öyrənə bilər. Quranda başqa əsərlər kimi sujet, kulminasiya yoxdu. Peyğəmbər vəfat eləyəndən sonra Quranı cildləyirlər, vəssalam. Qurtardı. Sonra dünyada islam ölkələri artıqca o kitabın kserokopiyasını çıxarıb bir-bir göndəriblər. İndi də dünyaının bir çox yerlərində həmin nüxsələr durur. Misrda, Konstantinopolda, Hindistanda… Biz bu kitabı açırıq, oxuyuruq, sonra üfürürük və bağlayırıq. Vəssalam, getdi filankəsin ruhuna. Biz Quranı ölü üçün oxunan kitab halına gətirmişik. Qardaş, biz bu kitabdan uzaqlaşmışıq”.

“İŞİD-in elədiklərinin heç birinin islama dəxli yoxdu”

Avropa insanların uydurduğu, təhrif olunmuş xristanlıqdan xilas olmağın yolunu tutdu. Xristianlıq katoliklər, prosovlar, və protestantlara ayrıldı. Protestanlığın yüzlərlə qolu vardı, heç biri də bir-birini qəbul eləmirdi, papa öz kralını təyin eləyirdi və s. Avropa bunlardan ayrıldı. Əfsuslar olsun ki, bu gün müsəlmanlar Allahın endirdiyi dini yox, insanların uydurduqları dini yaşayırlar. Biz rəvayətlərin arxasınca gedirik, ona görə də geridə qalmışıq və insanlarımızın məsələrə bədbin baxdıqlarının şahidi oluruq. İŞİD-in elədiklərinin heç birinin islama dəxli yoxdu. Sadəcə, islama təqdim olunan formasını İŞİD həyata keçirir. Yaxud da, müəyyən dövrlərdə islamla əlaqədar rəvayətləri tətbiq eləyirlər. İslam yeganə dindi ki, adı sülh deməkdi. Bir dinin adı əmin-amanlıq deməkdisə səndən aman istəyən insanı necə öldürə bilərsən? Yaxud da peyğəmbərin dövründə din uğrunda döyüşlərdə ölən insanların sayı 200-300-ü keçmir. Bəs birinci və ikinci dünya müharibələrində ölən insanların sayı nə qədərdi? Əlbəttə, bu say milyonlarla ölçülür. Bunudamı müsəlmanlar eləyib? Niyə biz bu ölkələrin birinə terror ölkəsi demirik? Amma müsəlman ölkələri haqqında terror imici yaradıblar. Bunlar hamısı düşünülmüş planlardı. İslam dini heç bir halda insan ölümünü istəmir. Quranda bu barədə surə də var. Deyir, bir insanı öldürmək bütün bəşəri öldürməyə bərabərdi. Bir insanı xilas eləmək bütün bəşəri xilas eləmək kimidi. Dinimizdə intiqam yox, qisas məsələsi var. İxtiyarım çatmır ki, o, mənim atamı öldürübsə, mən də onun atasını öldürüm. Məhkəmə qurulur. Məhkəməyə bir xeyli də ara verilir ki, bəlkə mənim emosiyalarım, hirsim soyuyar. Bundan sonra şahidlərin iştirak ilə o adama ölüm hökmü verilir. Amma Allah deyir ki, bağışlasanız, sizin üçün daha yaxşıdı.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button