Manşet

KTMT İrəvana girəcək, Paşinyanı devirəcək və… – Qazaxıstan ssenarisi Ermənistan səhnəsində?

“Ermənistanda bir neçə gündür davam edən aksiyalara Rusiyanın münasibət bildirməsi gözlənilən idi. Bu, hər şeydən əvvəl Moskvaya yönələn şübhələri yayındırmaq üçündür. Çünki Ermənistanda baş verənlərin “dirijoru” məhz Kremldir”.

Bu sözləri siyasi şərhçi Kənan Novruzov Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun “Rusiya Ermənistanda vəziyyətin sabitləşməsində maraqlıdır” sözlərini şərh edərkən deyib.

O, bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanda daxili sabitliyi pozaraq Baş nazir Nikol Paşinyanı cəzalandırmağı düşünür:

“Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması Rusiyanın ürəyincə deyil. Həmçinin xatırlatmaq yerinə düşər ki, liderlərin Moskva görüşü də uğursuz keçmişdi. Putin Paşinyandan istədiyini ala bilməmiş, Ermənistanı Qərbdən “qoparmağı” bacarmamışdı. Odur ki, bir çox ekspertlər fikirləşir ki, Rusiya Ermənistan daxilində xaos yaratmaqla Paşinyanı özünə tabe etmək istəyir. Bu mənada Moskvanın şübhələri öz üzərindən yayındırmaq cəhdləri başa düşüləndir. Çünki Ukraynadakı müharibəyə görə Kreml onsuz da dünyadan təcrid olunub. Rusiyaya əlavə problemlər, yəqin ki, lazım deyil”.

Ekspertin sözlrəinə görə, son günlər KTMT-nin Ermənistana müdaxilə ehtimalı gündəmə gəlib:

“Əslində bu, istisna deyil. Əgər həm mitinqlərin “dirijoru”, həm də sözügedən qurumun aparıcı üzvü Rusiyadırsa, deməli, KTMT-nin Ermənistana girməyi Nikol Paşinyan hakimiyyəti üçün  yaxşı nəsə vəd etmir. Xatırlamaq yerinə düşər ki, bir neçə ay əvvəl Qazaxıstanda oxşar hadisələr olmuşdu: əvvəlcə aksiyalar başlamış, ardınca KTMT- nin sülhməramlı kontingenti Qazaxıstana girmiş, ardınca isə Nursultan Nazarbayev hakimiyyətdən uzaqlaşdırılmış, hakimiyyət Kasım- Jomərd Tokayevin əlində cəmləşmişdi. Buna bənzər ssenarinin təkrarlanması ehtimalı var. Amma bu ehtimalın reallaşmaq əmsalı yüksək dəyərləndirilmir. Paşinyan hər nə qədər Qərbpərəst siyasətçi olsa da, indiki halda Ermənistanda hakimiyyət dəyişikliyi region üçün əlavə problemlər deməkdir.

Putinin indi bu problemlərlə məşğul olmağa vaxtı yoxdur. Hərçənd Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasına başqa cür mane ola bilmədiyini görən Kreml rəhbəri bəlkə də buna gedər. Ermənistandakı aksiyaların nə ilə nəticələnməsindən asılı olmayaraq Peskovun səsləndirdiyi fikirlər təsadüfi deyil. Yəqin ki, Ermənistanla bağlı Rusiyanın xüsusi planı var və biz növbəti günlərdə həmin planın nədən ibarət olduğunu daha yaxşı görəcəyik”.

Turan Rzayev

gundem.az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button