Manşet

“Belə baxanda, Ermənistan ərazisindəki anklavlar nəyimizə lazımdır?” – Zərdüşt Əlizadə ilə MÜSAHİBƏ

Gündəm.az-ın suallarını politoloq Zərdüşt Əlizadə cavablandırıb. 

Müsahibəni təqdim edirik.

– Zərdüşt bəy, bir neçə gündür ki, Ermənistan müxalifəti paytaxt İrəvanda aksiyalar keçirir. İdeyaları, proqramları aydın olmasa da, əsas tələb kimi Paşinyanın istefasını irəli sürürlər. Bu ölkədəki prosesləri yaxından izləyən şəxs kimi necə düşünürsünüz, erməni müxalifəti nə istəyir?

– Doğru qeyd etdiniz ki, erməni müxalifətinin proqramı, hətta Paşinyanın yerinə gətirəcəkləri liderləri belə yoxdur. Onların tələbləri çox bəsitdir – Paşinyan getsin, biz gələk. Paşinyanın da istefasını guya ona görə istəyirlər ki, Azərbaycan və Türkiyə ilə sülh danışıqları aparır, sərhədlər müəyyən ediləcək, Qarabağdakı ermənilərə müstəqillik verə bilməyəcək və s. Görünən odur ki, erməni müxalifəti açıq-aydın Rusiyanın sifarişini yerinə yetirir. Rusiya istəmir ki,  Ermənistan Türkiyə və Azərbaycanla barışıq əldə etsin. İstəyir ki, Qarabağ münaqişəsi qalsın və rus sülhməramlılar orada movcudluğunu saxlasın.  Bununla Kreml Azərbaycan və Ermənistanı özündən asılı vəziyyətə salmaq istəyir. Bu gün İrəvanda Paşinyana qarşı çıxanlar əvvəlki hökumətlərdə təmsil olunmuş məmurlar və onların qohum-əqrəbalarıdır. Paşinyan Qarabağ adlı münaqişədən canını qurtarmaq istəyir. Çalışır ki, Qarabağ klanı İrəvanda mərkəzi meydanlarda, siyasətdə at oynada bilməsin. Erməni müxalifəti Paşinyanı Qarabağı Azərbaycana satmaqda ittiham edir. Guya özləri hakimiyyətə gəlsə, Qarabağı ala biləcəklər. Sual olunur, siz Qarabağı necə qaytaracaqsınız? Ordunuz yox, pulunuz yox, Qərbdən dəstəyiniz yox, xalq sizə güvənmir. Bir də Rusiya var, onun da başı Ukrayna müharibəsinə qarışıb. Ermənistanda hələ də Qarabağın itirilməsi ilə razılaşmayan zümrə var, amma onların da gücü yoxdur. Qisasçılıq hissi ilə alışıb-yanan bəzi ermənilər Qarabağda onları nə gözlədiyinin fərqində deyillər. Düşünürələr ki, 1992-93-cü ildə böyük bir ərazini almışdılar, indi də ala bilərlər. Xəyallar alımində yaşayan xəstə ermənilər anlamırlar ki, onlar bununla Ermənistanı bədbəxtliyə sürükləyirlər. Çox yaxşı haldır ki, Ermənistanda ağıllı insanlar daha Sərkisyan, Köçəryan kimi quldurların sözlərinə inanmır. Ermənistan müxalifəti Paşinyanı iki halda hakimiyyətdən devirə bilər. Birincisi, sui-qəsd planıdır. Bu ermənilərin ən çox sevdiyi fənddir. Onların siyasi qətllər, terror aktları törətmək kimi təcrübələri var. İkinci variant, hərbi çevrilişdir. Ola bilsin ki, Rusiya bu prosesə dəstək versin, amma ABŞ, digər Qərb dövlətləri bu variantlara görə Ermənistanı sərt şəkildə cəzalandıra bilər.

– Ermənistan hökuməti Azərbaycanın 5 bəndlik sülh təklifinə 6 bəndlik sülh təklifi ilə cavab verib. Ermənistanın alternativ təklif irəli sürməsinin arxasında hansı məqamlar dayanır?

– Ermənistanın 6 bəndlik təklifinin 5-i Azərbaycanın təkliflərilə üst-üstə düşür. 6-cı təkilfləri ATƏT-in Misnk qrupunun fəaliyyətinin bərpa edilməsilə bağlıdır. Bu gün Paşinyan Ermənistan xalqına deyə bilmir ki, “Artsax”dan imtina etmək lazımdır. Paşinyan bunu desə, onu öldürərlər və ya ölümünə sevinənlər çox olar. Paşinyan Putinlə görüşdən sonra Qarabağ erməniləri barədə daha korrektəli danışır və sülh danışıqlarından ehtiyat edir. Amma əgər qətlə yetirilməsə, devrilməsə, Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa edəcək. Mən Azərbaycan hökumətinin yerinə olsam, ATƏT-ə yarım səhifəlik bir müraciət ünvanlayaram. Orada qeyd edərəm ki, hörmətli ATƏT, siz 27 ildir ki, Dağlıq Qarabağ münaqişəsinin həllilə məşğul olmusuz, sülh üçün addımlar atsmısız və s. Çox sağ olun, təşəkkür edirik. Amma sizin cəhdlər fayda vermədi. Biz hesab edirik ki, Minsk qrupunun fəaliyyətinə daha ehtiyac yoxdur. Özümüz Ermənistanla dil tapıb yerdə qalan problemləri həll edəcəyik. Yarım səhifəlik müraciətlə Minsk qrupunun fatihəsi oxunur. Vəssəlam. Əgər tərəflərdən biri istəmirsə Minsk qrupu fəaliyyətini davam etdirə bilməz.

– Azərbaycanın xarici işlər naziri Xələf Xələfov deyib ki,  Qazaxın 7 kəndi, Kərki və digər məsələlər delimitasiya kontekstində həllini tapmalıdır. Necə hesab edirsiniz, Ermənistan o əraziləri Azərbaycana qaytaracaqmı?

– Bu məsələ ilk gündən aktual olaraq qalır. Məsələ burasındadır ki, həm Azərbaycanın Ermənistanda, həm də onların bizdə əraziləri var. Ermənistan tərəfi gördü ki, bizim onlarda olan ərazilərimizin sahəsi daha böyükdür və daha strateji əhəmiyyət daşıyır. Qazaxın 7 kəndi Azərbaycana qaytarılsa, Ermənistanın Gürcüstanla əlaqələri kəsiləcək. Necə ki, Gorus-Qafan yolu Azərbaycan ərazisindən keçir. Gürcüstana da yol Azərbaycandan keçəcək. Ona görə də Paşinyan təklif etdi ki, qaytarılacaq ərazilərin sahəsi eyni ölçüdə olsun. Başa-baş dəyişmə. Belə baxanda, Ermənistan ərazisindəki anklavlar nəyimizə lazımdır? Yaxud, Ermənistanın hanısa kəndinin bizdə olmasının nə əhəmiyyəti var? Azərbaycan indi bununla razılaşmır. Görünür, Ermənistana daha çox təzyiq etmək üçün bu imkanlardan istifadə edirik. Burada dövlətin maraqları, diplomatik oyun məsələləri var. Hələlik şərait bizə sərf edir. Təzyiq edən tərəf bizik, hüquqi üstünlük bizdədir.

– Bir müddət öncə İranın Ermənistandakı səfiri Abbad Badaxşan Zuhuri bildirdi ki, Zəngəzur dəhlizi İran üçün qəbuledilməzdir. İran niyə bu dəhlizə qarşı çıxır?

– Ermənistan razı olandan sonra İran nə edə bilər? İki ölkə arasındakı anlaşmanı üçüncü bir dövlətin pozması beynəlxalq hüquqa da, diplomatiyaya da ziddir. Zəngəzur dəhlizi məsələsi təkcə Azərbaycan-Ermənistan məsələsi deyil. Burada Rusiya və Türkiyənin də maraqları var. Əgər dəhliz açılsa, Rusiya onun əsas nəzarətçilərindən biri olacaq. İndi İran səfiri ölkəsinin bölgədə çox vacib oyunçu olduğunu gözə soxmaq üçün belə bir açıqlama verib. Çox yersiz və məntiqsiz yanaşmadır. Ermənistan Azərbaycan ərazisindən keçib Rusiyaya gedəcək, Azərbaycan da Ermənistandan keçib Naxçıvana, oradan da Türkiyəyə gedəcək. Hər iki tərəf yoldan istifadə haqqı ödəyəcək.

Söhbətləşdi: Nurlan

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button