Manşet

NATO-nun Rusiya üçün şok sürprizi – Putin Ukraynanı unudub bu ölkələrə hücum edəcək?

“Finlandiya sürətlə NATO-ya doğru irəliləyir və beləliklə, Rusiya ABŞ-NATO cəbhəsi qarşısında daha bir məğlubiyyətlə üz-üzədir. “Qış müharibəsi” adlanan SSRİ-Fin savaşı nəticəsində ruslar Finlandiyanın indiyə qədər davam edən “neytral status”una nail olmuşdular. Ukraynaya hücumda da Rusiya eyni ssenarini tətbiq etməyi planlaşdırırdı – Kiyevi Donbas və Krımdan rəsmi imtinaya məcbur etmək və bu ölkənin “neytral statusu”na nail olmaq”.

Bu sözləri siyasi ekspert Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, müharibənin ilk mərhələsində Ukrayna “neytral status”a razı idi, lakin hazırkı mərhələdə daha güclü tərəfə çevrilən rəsmi Kiyevin mövqeyi dəyişib və  indi Ukraynanın “neytral status”a razılaşacağı real görünmür:

“Ukraynada Fin ssenarisini təkrarlamaq istəyən Rusiya əksinə, Finlandiyanı da itirib. Bəs, Finlandiyanın NATO-ya üzvlüyü Rusiya üçün nə deməkdir?

– Şimal Alyansı iki ölkə arasındakı 1300 kilometrlik sərhəd xəttinə nəzarəti ələ keçirir və Rusiyaya qarşı cəbhəni genişləndirir. 

– Finlandiya ilə birlikdə İsveçin də ittifaqa üzvlüyü gündəmdədir: bu reallaşarsa, Rusiyanın Baltik dənizində NATO ilə tam əhatələnəcək. Eyni zamanda, Rusiyanın Arktikada da Şimal Alyansı qarşısında mövqeyi zəifləyəcək.

Finlərdən (75 faiz əhali dəstəkləyir) fərqli olaraq, isveçlilər (50 faiz əhali dəstəkləyir) üzvlük məsələsinə daha ehtiyatlı yanaşır: İsveçrə neytral mövqeyini və qlobal danışıqlara ev sahibliyi statusunu qorumaq haqda da düşünür, hərçənd, NATO-nun Rusiyaya qarşı cəbhəni genişləndirmək planı fonunda bu iki ölkənin quruma eyni vaxtda qəbul edilməsi gözlənilir”.

Ekspert Rusiyanın cavab addımının necə olacağı haqda danışıb:

“Moskva bəyan edir ki, “hərbi-texniki və digər xarakterli cavab addımları atacaq. Digər addımlara xüsusilə, qazın nəqlinin dayandırılması daxildir və məlumatlara görə, Rusiya buna hazırlaşır. Hərçənd Finlandiya rus qazından imtina edəcəyini açıqlamışdı. Buna səbəb idxal edilən qazın ödənişini rublla etmək istəməməsi idi. Rəsmi Helsinki rus qazını tamamilə əvəz edə bilməsə belə, buna hazırlıqlı olduğunu açıqlayır. Bu o deməkdir ki, Finlandiyaya qarşı “qaz kartı” effektli olmayacaq.

Bu prosesdə əsas sual Rusiyanın “hərbi-texniki” addımının nədən ibarət olacağı, daha doğrusu, bunun nə qədər doğru olmasıdır:

– Ukraynada müharibə aparan Moskva üçün cəbhənin genişlənməsi sərfəli deyil.

– Əsas hərbi resurslarını Ukraynaya yönəltməsi Finlandiyaya qarşı hərbi addım imkanlarını məhdudlaşdırır: iddialara görə, Rusiya Finlandiya ilə sərhəddəki qoşunların böyük hissəsini Ukrayna müharibəsinə cəlb edib.

Bu amillər Moskvanın xəbərdarlığının daha çox “strateji çəkindirmə” xarakterli blef olduğu versiyasını ön plana çıxarır. Hərçənd rusların təkcə bleflə kifayətlənəcəyi də inandırıcı deyil. Mümkün versiyalar kiberhücumların təşkili və Belarus-Polşa sərhədində yaradılan miqrant probleminin burada da təkrarlanmasıdır”.

Turan Rzayev

gundem.az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button