Manşet

Paşinyan Putinlə ən çox görüşən dövlət başçısı oldu – İndi nəyə gedir?

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya işgüzar səfərə gedib. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Ermənistanın Baş naziri Rusiya paytaxtında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iştirakçısı olan ölkələrin liderlərinin növbəti sammitində iştirak edəcək. Onun Rusiya prezidenti Vladimir Putinlə ayrıca görüşü də gözlənilir.

Paşinyanın məlum səfəri barədə fikirlərini bölüşən siyasi şərhçi Turab Rzayev bildirib ki, onsuz da Putinin görüşməyə çox adamı yoxdur.

Analitik qeyd edib ki, Putin son bir ildə ən çox Paşinyanla görüşüb:

“Rusiya və Ermənistan rəhbərləri arasında bir ildə 34 görüş baş tutub. Bir tərəfdən Qarabağla bağlı məsələyə görə, digər tərəfdən isə Paşinyanın Qərbə əyilmək meyilləri olduğu üçün mütəmadi olaraq belə görüşlər olurdu. Bunları nəzərə alıb belə qərara gəlmək olar ki, Paşinyanın Moskva səfəri bir neçə məqamla bağlıdır:

Birincisi, Putin sadəcə istəyir ki, xarici ölkə rəhbərləri olsun və onunla görüşsün. Çünki Rusiya izolyasiyadadır və özünü bu izolyasiyadan maksimum dərəcədə kənarda göstərmək istəyir. İkincisi, Paşinyanın Qərbə meyllənməsinin qarşısını almağa çalışır. Çünki Paşinyan neçə dəfə Rusiyadan uzaqlaşıb, qərbə, Brüsselə, Fransaya yaxınlaşmaq istəyib. Üçüncüsü, Putin artıq Ukraynadakı uğursuzluqlardan sonra öz nüfuzunu artırmaq üçün Ermənistanı da hansısa şəkildə ittifaqa yaxın olmağa məcbur etmək istəyir”.

T.Rzayev vurğulayıb ki, bizim üçün əsas və maraqlı olan Qarabağ məsələsidir. Belə ki, Brüssel aktiv olandan sonra Avropa İttifaqı (Aİ) son dövrlər Azərbaycanla-Ermənistan arasında sülh danışıqlarının aparılmasına təzyiq edirdi və açıq şəkildə bölgədəki instiativi ələ almışdı:

“Ola bilsin ki, Paşinyan da burada rol oynayırdı və Avropanın Azərbaycanla-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını həyata keçirməsini istəyirdi. Putin Paşinyanı çağırmaqla ölkələr arasında sülhə maneə olmaq istəyəcəksə, çalışıb Paşinyanın qarşısına elə şərtlər qoyacaq ki, o, Azərbaycanla sülh müqaviləsi imzalaya bilməyəcək. Ya da ola bilsin ki, Putin özü diqtə elədiyi şərtlərlə iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına çalışacaq. Bununla da əslində əsas instiativi Avropadan Rusiyaya keçirəcək, bölgədə Aİ-nın deyil, Rusiyanın əsas oyunçu olduğunu nümayiş etdirməyə çalışacaq. Səfər də məhz bununla bağlıdır.

İstənilən halda Putin vəziyyətin getdikcə gərginləşdiyini bilir. Rusiyanın beynəlxalq vəziyyəti çox da hamar deyil. Putin Paşinyan kimi “sürüşkən” siyasi mövqeyi olan, tez-tez Rusiyanı qoyub Avropa ilə yaxınlaşmağa çalışan bir şəxsi Moskvaya çağırmaqla ona nəzarət etmək, müəyyən xəbərdarlıqlar edərək onun Ukraynadakı uğursuzluqdan sonra Rusiyadan uzaqlaşmamasını, uzaqlaşarsa, Rusiyanın Paşinyana göstərəcəyi təzyiqləri xatırladacaq”.

Yeganə

gundem.az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button