Manşet

Azərbaycan Ermənistanla ərazi mübadiləsinə gedəcəkmi? – Anklavlar mübahisəsi

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüssel görüşünün yekunlarına dair mətbuata açıqlamasında “yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcək. Sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlər həll ediləcək” deyib.

Artıq Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” müvafiq sərəncam da imzalayıb.

Məlumat üçün bildirək ki, tərəflər arasında anklavlar və eksklavlar (ölkəsinin əsas ərazisindən aralda olan və digər dövlətlər  tərəfindən əhatə olunan qeyri-suveren region. Belə ərazi məxsus olduğu ölkənin eksklavı hesab edilir, məxsus olmadığı lakin onun ərazisi ilə əhatə olunmuş ölkə üçün isə anklav sayılır) hələ də mübahisə mövzusudur. Prosesin hansı prinsiplər əsasında aparılacağı isə sual yaradır.

Maraqlıdır, sərhədlərin delimitasiyası “hamının hamıya” yəni anklav və eksklavların qarşılqlı şəkildə dəyişdirilməsi yolu ilə aparıla bilərmi?

Mövzu ilə bağlı Gundem.az açıqlama verən  Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib ki, delimitasiya və demarkasiya prosesi hazırda tərəflər arasında həllini gözləyən əsas problem deyil:

“Hazırda əsas problem delimitasiya prosesində hansı xəritələrin əsas götürülməsidir. Azərbaycan tərəfi açıq şəkildə bildirib ki, Ermənistan qeyd-şərtsiz ərazi iddialarından əl çəkməlidir. Əks təqdirdə Azərbaycan da Zəngəzura haqq iddia edəcək. Yəni delimitasiya prosesinin 1918-ci ilin xəritəsi əsasında aparılmasını istəyəcək. Hesab edirəm ki, indiki məqamda əsas məsələ budur.

Amma indi tərəflər arasında prosesin anklav, eksklavların qarşılıqlı şəkildə qaytarılması yolu ilə aparılmasına dair də fikirlər səslənir. Bu məsələnin hazırda aktual olduğunu düşünmürəm. Çünki Rəsmi İrəvanın Azərbaycana ərazi iddiaları hələ də davam edir. Ermənistan tərəfi anklav, eksklav problemlərinin həllinə çalışmır, birbaşa Qarabağa ərazi iddiası edir”.

Politoloq Qabil Hüseynli isə düşünür ki, delimitasiya prosesinin birdəfəlik yekunlaşmasında anklav və eksklavların qaytarılması zəruridir:

“Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi proses çəçivəsində Azərbaycana qaytarılmalıdır. Sərhəd Komissiyalarının ilk birgə iclasında bu məsələ gündəmə gəlməsə belə sonrakı görüşlərdə müzakirə predmenti olacaq. Rəsmi Bakının qeyd olunan ərazilərdən imtina etməsi real deyil.

Ermənistana gəldikdə isə Ermənistanın anklav və eksklav tələbi doğru deyil. Mövcud Ermənistan əraziləri onsuz da Azərbaycanın tarixi torpaqları hesabına indiki halına çatıb. Digər tərəfdən, rəsmi İrəvan ərazi iddialarından əl çəkməsə, Bakı delimitasiya prosesinin 1920-ci illərin xəritələri əsasında aparılmasını istəyəcək. Bu zaman Ermənistan nəinki anklav, eksklav sözünü dilinə gətirə bilməyəcək, Zəngəzuru itirmək qorxusuna da qapılacaq. Bu, hər nə qədər maksimalist yanaşma kimi görünsə də, reallıqdır. Anklav və eksklavların taleyi hamının hamıya prinsipi ilə həll edilə bilməz”.

Turan Rzayev

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button