Manşet

Kissincerin “Ukrayna resepti”: siyasətin “Dədə Qorqud”u düzmü söylədi?

Tofiq Zülfüqarov: “Təbii ki, Rusiya zəifləyəcək, amma Ukrayna da məhv olacaq”

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib ki, Avropa Ukraynanı Rusiyanın şərtlərini qəbul etməyə məcbur etməlidir. Sabiq dövlət katibi Qərb mətbuatında müzakirə obyektinə çevrilən sözlərini İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda səsləndirib.

Soyuq müharibə dövründə ABŞ-ın xarici siyasətinin formalaşmasında mühüm rol oynamış Kissincer bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması üçün Ukrayna Rusiyanın şərtlərini qəbul etməlidir.

Kissincer Qərbi Ukraynadakı Rusiya qüvvələrini məğlubiyyətə uğratmaq səylərindən əl çəkməyə çağırıb və bunun Avropanın uzunmüddətli sabitliyi üçün fəlakətli nəticələrə səbəb ola biləcəyini deyib.

Rusiyanın Avropa güc balansındakı yerini unutmasının ölümcül olacağını vurğulayan Kissincer deyib ki, müharibənin daha uzun sürməsinə icazə verilməməlidir. Onun fikrincə, Avropa Ukraynanı danışıqlardakı şərtləri qəbul etməyə məcbur etməlidir: “Danışıqlar öhdəsindən gəlinməyəcək çaşqınlıq və gərginlik yaratmadan, yaxın iki ay ərzində başlamalıdır. İdeal nəticə Ukraynanın neytral dövlət, Rusiya ilə Avropa arasında körpü rolunu oynaması olardı. Rusiya 400 ildir Avropanın əvəzolunmaz bir hissə olub və kritik dövrlərdə Avropa güclər balansının qarantı olub. Avropa liderləri bu uzunmüddətli əlaqələri gözdən qaçırmamalı və Rusiyanı Çinlə davamlı ittifaqa sövq etməməlidirlər”.

Kissincerin “Ukrayna Rusiyanın danışıqlar şərtlərini qəbul etməyə məcbur edilməlidir” sözləri Qərb mediasında geniş əks-səda doğurub.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov onun fikirləri ilə bağlı bunları deyib: “Əvvəlcədən hamı başa düşürdü ki, bu, Qərb və Rusiya arasında olan münaqişədir. Sadəcə olaraq, münaqişə Ukrayna ərazisində baş verir. Burada bəllidir ki, Rusiya uduzub və uduzacaq da. Tarixi baxımdan bu qaçılmazdır. Amma bu heç də o demək deyil ki, Ukrayna burada udmalıdır. Belə deyək ki, bu, Qərb üçün əsas şərt deyil. Bəlkə də Qərb dairələri indi başa düşüblər ki, istənilən hədəflərinə nail olacaqlar. Yavaş-yavaş Rusiyadakı böhran böyüyəcək. Həm də indi vəziyyət o yerə çatıb ki, Qərb bu münaqişədə artıq birbaşa iştirak etmək həddinə gəlib. O təhlükə də yaranıb ki, nüvə silahı istifadə olunsun. Soros da bu fikri söyləyib. Fransa, Almaniya da bu fikirdədir. Bir neçə gün öncə Avropanın nüfuzlu nəşrlərinin birində gedən məqalədə də belə fikirlər yer almışdı. Əslində yekun nəticə bəllidir. Açığı deyim ki, Qərb üçün Ukraynanın dövlət kimi qalıb-qalmaması, yaxud necə qalacağı önəmli deyil. Bu, onlar üçün əsas vəzifə də deyil. Bu açıq-aşkar görünür. Əvvəlcədən əslində bu belə görünürdü. Sadəcə, bəziləri bunu görmürdü, yaxud görmək istəmirdilər. Bir sözlə, hay-küyə getmələrin şahidi olduq. Rusiya uduzacaq, amma Ukraynanın udmasına da heç kəs söz verməyib. Qərb üçün nə fərqi var ki, Donbas kimin əlindədir, yaxud Luqans və Donetsk? İndi Rusiyanı çıxılmaz duruma salıblar. Qərb dünyası üçün əsas olan Putinin hakimiyyətini itirməsidir. Hazırda gündəmdə olan budur.

İndi bu xəstəlikdən, yaxud da hansı səbəbdən olacaq, bu başqa məsələdir. Digər məsələ ondan ibarətdir ki, Qərb bu sanksiyalarla göstərmək istəyir ki, Rusiya ondan asılıdır. Hətta Putindən sonra belə bu sanksiyaları dayandırmayıb niyyətlərinə çatmağa çalışacaqlar. İndiki vəziyyətdə Qərb üçün Ukraynanın bu savaşdan necə çıxacağı, müharibədən sonrakı taleyi əsas şərt deyil. Bunu açıq şəkildə münasibətlərində ifadə edirlər. Bunlar bir həqiqətdir. Reallıq hissini itirməyək. İnsanları qınamaq olmaz, siyasət anlayışları çoxlarında zəifdir. Bir adam bir şeyi eşidəndə düşünür ki, bu həqiqətdir, ya yox? Bir qisim Rusiya, bir qisim də Ukrayna-Qərb təbliğatına inanır. Təbliğat da axı reallıq deyil. Kissincer ”İdeal nəticə Ukraynanın neytral dövlət, Rusiya ilə Avropa arasında körpü rolunu oynaması olardı” deməklə əslində Qərbin deyəcəyini deyib. Yəni lazım olan səviyyədə səndən istifadə edəcəyik, əsgərlərin, xalqın döyüşəcək, qalib biz olacağıq. Kissincer dünyanı idarə edən qurumların təmsilçisidir. Onun məsləhətləri hər yerdə qəbul olunur. Görürsünüz, müharibə başlayandan nə Sorosun, nə də bunun səsi çıxıb. “Dərin dövlət” kimi anlayışlar təbii bir şeydir. Üzdə olan qurumlar görürük ki, bəzi məqamlarda işləmir. BMT kimi qurumları misal çəkə bilərik. Adları var, işləri yoxdur. Kissincer qocadır, nə bilim başı-filan işləmir deyə bilərik, amma Davos Forumunu təşkil edənlərin də başları işləmir? Sözü deyəndə fikirləşmək lazımdır”.

Sabiq nazir Rusiya-Çin yaxınlığının daha da möhkəmlənməsindən Avropa ölkələrinin xof keçirdiklərini istisna etmir: “Burada geopolitik sistemli baxış da var. Əgər balans pozulurdusa, o zaman bir misal çəkək. Monqol tatarlarının Avropaya hücumunu kimlər dayandırıb? Tarixi bilənlər bunun Rusiya olduğunu bilirlər. O zaman Rusiyanın potensialı buna tam çatırdı, Avropadan fərqli olaraq. II Dünya müharibəsini götürək. Hitlerin Qərbə hücumunu götürək, Sovet İttifaqının qoşulması ilə onu məhv etdilər. İndi də gündəmdə çox böyük bir qarşıdurma var. Burada Rusiyanın gələcəkdə hansı rolu oynayacağı çox önəmli məsələdir. Bəlkə ən önəmli savaşlardan biri gedir. Nüvə silahı ilə dünyanı məhv edə biləcək üç dövlət var – Çin, Rusiya və Amerika. İndiki mərhələdə Rusiyanı zəiflədib özünə tabe etmək Ukrayna üzərindən Amerikanın vəzifəsi idi. Bir daha deyirəm ki, Rusiyanın məğlubiyyəti, yaxud zəiflədilməsi heç də Ukraynanın qələbəsi deyil. Ukraynadan gen-bol istifadə edən Qərb həm də deyir ki, gələcək üçün bizə Rusiya lazımdır. Bir də onu başa düşürlər ki, Putinin günləri artıq bitib. Putin öz siyasi nüfuzunu geri qaytara bilməz. Təbii və siyasi səbəblərə görə o, səhnədən gedəcək. Kissincer tərəfindən gələcək Rusiya ilə danışıqların anonsu verilib. Müharibədən sonra çox məsələlər gündəmə gələcək. Tamamilə fərqli durum yaranacaq. Bir çox ölkələr, iqtisadi və digər məsələlərlə bağlı ittifaq yaradıb, birləşmə yaratmaları mümkündür. Necə ki, Türkiyə Azərbaycanla belə bir ittifaq yaradıb. Potensial var ki, buna digər türkdilli ölkələr də qoşulacaq. Yəni bu cür birləşmələr artıq gündəmə gəlir. Bu da dünyanın yeni bir düzəni olacaq”.

Müsahibimiz Amerikanın sabiq dövlət katibinin Rusiyanın Qərbi Ukraynadakı qüvvələrinin məğlub edilməsi nəticəsində yarana biləcək narahatlıqlarını yaxşı başa düşür: “Ukrayna siyasətçilərində belə bir rəy yaranıb ki, guya istədikləri silahlar tam verilsə, onlar qalib gələcəklər. Silah verməklə iş bitmir, ordu yaratmaq üçün vaxt lazımdır. O da bəllidir ki, qısa müddətdə onlar ordu yaradan deyillər. Təzə silahlar yeni təlimlər, strategiya gündəmə gətirir. Buna isə illər lazımdır. Biz PUA-ları uzun illər öncə aldıq, amma nə vaxt istifadə etdik, II Qarabağ savaşında. Rusiyanı tənqid etməklə reallığı dəyişmək olmaz. Bununla ölkəni daha çox dağıdacaqsan. İmkan verəcəksən ki, indiyə kimi danışılan Donbas, Luqans, Donetsk kimi ərazilərin üstünə Mariupol, Odessa, Xerson və digər ərazilər gəlsin. Təbii ki, Rusiya zəifləyəcək. Amma Ukrayna da məhv olacaq. Bu məntiqi də unutmaq olmaz. Siyasi elita öz səhvlərini qəbul etməlidir. Burada Ukraynanı nəzərdə tuturam. Biz onları tənqid edəndə bu o demək deyil ki, Rusiyaya haqq qazandırırıq. Bu gün top, sabah təyyarə, biri gün artıq nüvə silahını verməliyəm. Məntiq sona qədər getsə, bunu deyir. Amma axı bu mümkünsüzdür. Soros təxminən bunu deyir ki, bunun axırı yoxdur”.

Cavanşir ABBASLI

musavat.com

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button