Manşet

Leyla Yunus hakimin \”nə vaxt anadan olmusunuz\” sualına gözlənilməz cavab verdi: \”Dünən…\”

Leyla Yunus hakimin "nə vaxt anadan olmusunuz" sualına gözlənilməz cavab verdi: "Dünən..."Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahid ifadələri dinlənildi.

Leyla Yunus ötən prosesdə ona söz verilməməsinə bir daha etiraz etdi. O, hakimi qanuna hörmətlə yanaşmağa çağırdı.

Vəkil Elçin Qəmbərov isə prosesdə iştirak etmək istəyənlərin zala buraxılmamasını, məhkəmə zalınının aidiyyəti olmayan insanlarla doldurulduğunu, jurnalistlərin, səfirlik nümayəndələrinin çöldə qaldıqlarını məhkəmənin nəzərinə çatdırdı.

Hakim Ə.Hacıyev zalın kiçik olduğunu, məhkəmə iclasının isə açıq keçirildiyini bildirdi.

Bundan sonra təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirildi.

Hakim:

-Leyla xanım, nə vaxt anadan olmusunuz?

Leyla Yunus:

-Dünən.

Hakim:

-Arif bəy, siz nə vaxt anadan olmusuz?

Leyla Yunus:

-O da elə mənimlə eyni vaxtda.

Təqsirləndirilən L.Yunus zərərçəkənin nümayəndəsi kimi Şöhrət Allahmanov iştirakına etiraz etdi və onun prosesdən kənarlaşdırılması ilə bağlı vəsatət qaldırdı. L.Yunus məhkəmədən onun kimi təmsil etdiyini, söhbətin hansı zərərdən getdiyini açıqlamağı tələb etdi: “Bu məhkəmə ilə bağlı heç bir illüzyam yoxdur. Qanuna görə, bu işdə zərərçəkən olmalıdır. Mən Azərbaycan vətəndaşı olaraq nə dövlətdən, nə də hər hansı vətəndaşdan pul götürməmişəm. Bu Şöhrət Allahmanov Xədicə İsmayılın da işində də zərərçəkənin nümayəndəsi olub. Bu, qondarma adamdır. İş üzrə zərərçəkmiş isə bizik. Qoy desin görək kimi təmsil edir”.

Vəsatət təmin olunmadı. Bununla yanaşı hakim zala daxil olarkən Leyla Yunusun ayağa qalxmamasını katibdən xüsusi qeyd etməyi istədi: “Yazın ki, Leyla xanım məhkəməyə hörmətsizlik edir, özünü qanunlardan üstün tutur”.

Vəkil Əfqan Məmmədov Arif Yunus barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət qaldırdı. Vəsatət təmin olunmadı.

Leyla Yunusun növbəti vəsatəti ona bəlli olmayan şəxslərin şahidlər siyahısından çıxarılması ilə bağlı oldu: “Şahidlərlə bağlı metod köhnədən işləyir. Yəqin gəlib Arif Yunusu dələduzluqda ittiham edəcəklər. Arif Yunus 8 kitabın müəllifidir. O, dələduz ola bilməz, bu ittiham absurddur. O, sadəcə özünün bir hesabından digərinə pul köçürüb. Ona görə də Zemfira İsmayılova, Zərifə Hacıyeva və Təhmasib Novruzov şahidlər siyahısından çıxarılmalıdır”.

Bu vəsatət də təmin olunmadı. Bundan sonra dövlət ittihamçısı ittiham aktını elan etdi.

L.Yunusun reaksiyası belə oldu: “Bizə azı 7 il həbs verəcəklər. Bu, bizim üçün ölüm hökmüdür. Biz onsuz da o qədər yaşamayacayıq”.

Hakim təqsirləndirilən şəxslərdən onlara elan olunmuş ittihamla özlərini təqsirli bilib-bilmədiklərini soruşdu.

L.Yunusun cavabı bu cür oldu: “Mən sizdən də yaxşı hüquqşünasam. Arif burada mənə görə oturub. Ortada heç bir cinayət yoxdur. Bunu siz də çox yaxşı bilirsiniz”.

L.Yunus məhkəməyə verdiyi sərbəst ifadəsində ittihamların əsassız, faktlaırn təhrif olunduğunu dedi: “Bank hesabından pullar çıxarılanda bu barədə kağız olmalıdır. Arif Yunus təşkilatın hesabından pul çıxarmayıb, onun belə hüququ da yoxdur. O, öz əli ilə öz hesabına pul qoyub və bir hesabından o birinə pul köçürüb. Burada da cinayət yoxdur. Cəmiyyətin hesabı olub və oradan yalnız mən pul çıxara bilmişəm. Mən həmişə oradan nağd pul çıxarmışam, heç vaxt o hesabdan özümün və ya Arifin hesabına pul köçürməmişəm. Mənim bu hesabdan pul çıxarmaq haqqım olub. Həmin pullar qrant pulları olub, qrant təşkilatları ilə razılaşdırılıb, Azərbaycan dövlətinin pulu olmayıb. Bizi fəaliyyətimizə görə cəzalandırırlar”.

Prokuror sual vermək istəsə də Leyla Yunus onun suallarını cavablandırmayacağını dedi.

Arif Yunus hazırkı mərhələdə ifadə verməkdən imtina etdi.

Daha sonra prosesdə şahidlər dindirildi. Öncə Bakı Şəhər İcra Hakimiyyətinin nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılov şahid qismində ifadə verdi.

Leyla Yunus onu görən kimi ünvanına təhqir yağdırdı. Dedi ki, bu şəxs onların Şəxsi Bəbəlbəyli ünvanında olan evlərinin sökülməsində birbaşa iştirakı olan şəxsdir.

Şahid Z.İsmayılov ifadəsində bildirdi ki, 2010-cu ildə Bakı şəhərində aparılan söküntü-tikinti işləri ilə bağlı Sülh və Demokratiya İnstitutunun Ş.Bədəlbəyli ünvanındakı ofisi sökülüb. Amma Yunusların iddiasının əksinə olaraq qurumun əməkdaşları oradakı bütün əşya və sənədləri yığıb apara biliblər.

Leyla Yunus şahidin yalan danışdığını dedi: “Mənim evimi dağıdıb bu. Yalan deyir. Əşyaların, sənədlərin çıxarılmaması, ofisdə qala-qala heç bir məhkəmə qərarı olmadan ofisin sökülməsi barədə Ali Məhkəmənin qərarı var”.

Şahid Natəvan Hacıyeva ifadə verərək bildirdi ki, o, “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” təşkilatında sənədləşmə işlərinə mühasib kimi kömək edib, rəsmi işçi olmayıb. Ancaq lazım olanda Vergilər Nazirliyi və Sosial Müdafiə Fonduna sənədlər göndərib, bank əməliyyatlarında və sənədlərin tərtibatında iştirak etməyib. Gördüyü işə görə əməkhaqqı almayıb.

Şahidin məhkəməyə verdiyi ifadə ilə istintaqa ifadəsi arasında kəskin ziddiyyət olduğundan onun istintaqa verdiyi ifadə elan olundu.

Natəvan Hacıyeva istintaqa verdiyi ifadəsində bildirib ki, sözügedən təşkilatda əlavə qazanc niyyəti ilə çalışıb, heç bir işçi müqaviləsi olmayıb, hər ay 100 manat əməkhaqqı alıb. Bildirib ki, Sülh və Demokratiya İnstitutu rəsmi qeydiyyatdan keçməsə də Leyla Yunus qrant layihələrini tam həyata keçirib, Ermənistana səfərlər təşkil edib, təşkilatın hesablarına gələn qrantları çıxarıb öz hesabında saxlayıb.

Şahid Azad İsazadə ifadəsində bildirdi ki, Sülh və Demokratiya İnstitutunun ofisi sökülərkən, o, binanın içində olub.

Şahid dedi ki, ofis sökülərkən şəxsi kompüterini və iki kitabını götürə bilib.

Növbəti şahid Təhmasib Novruzov isə ifadəsində Leyla Yunusu 1989-cu ildən tanıdığını, o vaxtdan onun fəaliyyətində müəyyən bəzi şübhələr yarandığını göstərib: “Leyla Yunusun fəaliyyəti o vaxtdan məndə şübhə yaratmışdı. Sonradan məlumat əldə etdim ki, ermənilərlə, onların milli təhlkəsizlik orqanlarının keçmiş rəhbərləri ilə əlaqəlidir. Bu barədə bir vətəndaş kimi hüquq-mühafizə orqanlarına müraciət eləmişəm”.

Şahid təqsirləndirilən şəxslə şəxsi-qərəzçiliyinin olmadığını bildirdi: “Yeri gəlsə, bir vaxt hüquqlarımı müdafiə də edib. Amma ermənilərə məlumat ötürməsi mənə bəsdir. O, mənim qənaətimdir ki, 1992-93-cü illərdə Müdafiə Nazirliyinin informasiya şöbəsində çalısan Leyla Yunus ermənilərə məlumat ötürüb. Hətta o vaxt deyilirdi ki, Müdafiə Nazirliyində hazırlanan bütün planlar Qarabağda stolun üstündə olur. Məncə, bu məlumatları Leyla Yunus çatdırıb”.

L.Yunus şahidin dediklərinin əsassız olduğunu bildirdi.

Daha sonra iş üzrə zərərçəkmiş qismində tanınmış “Ön Qafqazda Qadınlar Sülh və Demokratiya Uğrunda” təşkilatının rəhbəri olmuş Rəna Səfərəlieva ifadə verdi.

İfadəsində 1994-cü ildən Leyla Yunusla tanış olduğunu deyən Rəna Səfərəliyevanın sözlərinə görə, adıçəkilən təşkilat 1996-cı ildə rəsmi qeydiyyatdan keçib. Özü 1998-ci ildə təşkilatın sədri olub, Leyla Yunus isə sədr müavini olub. 2002-ci ildən 2006-cı ilin əvvəlinədək təşkilatın işində aktiv iştirak edib: “2005-ci ilin sonundan “Şəffaflıq Azərbaycan” təşkilatı qeydiyyata alındığından burada işimi dayandırdım və bütün səlahiyyətləri, o cümlədən möhür, nizamnaməni sədr müavininə təhvil verdim. Ərizə yazdım ki, təşkilatdan çıxıram. Keçən ilin iyununda təsisçilər mənə zəng elədilər ki, gəlin, yığıncaq keçirib təşkilatı bağlayaq. Biz iclas keçirdik, amma təşkilatın bağlanması asan məsələ deyil, xeyli proseduralar var, keçən ilin sonunda sənədləri Ədliyyə Nazirliyinə təqdim etdik, amma oradan bizə cavab məktubu gəlməyib. Ona görə də bu təşkilatın bağlandığını demək olmaz”.

R.Səfərəliyeva bu iş üzrə özünü mənəvi zərərçəkən hesab etdiyini dedi: “Maddi ziyana gəlincə gərək hər qrant layihəsi ilə bağlı ayrı-ayrılıqda baxasan. Məndə də sənədlər yoxdur”.

Sonra prosesdə “Unibank”ın əməkdaşları – Mehriban Babayeva, Ələddin Şıxəliyev, Nigar Əlizadə və Nigar Qəribova şahid qismində dindirilib. Onlar Arif Yunusun bank hesabından 78 min 150 dollar köçürmə barədə sualları cavablandırıblar.

Məhkəmə prosesi sabah davam etdiriləcək.

Qeyd edək ki, ötən il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Leyla Yunus barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2 (vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1 (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Arif Yunus isə ötən il avqustun 5-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 274-cü (dövlətə xəyanət) maddələri ilə ittiham elan edilib.

Onu da qeyd edək ki, bir müddət əvvəl istintaq orqanı tərəfindən hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button