Manşet

“Nadürüstün biri var, onunla heç çay da içməmişəm, yazır ki…” – Deputat Etibar Əliyevlə MÜSAHİBƏ

Gündəm.az-ın suallarını Milli Məclisin deputatı, təhsil eksperti Etibar Əliyev cavablandırıb. 

Müsahibəni təqdim edirik.

– Sosial şəbəkədə Təhsil nazirinin keçmiş müavini Məhəbbət Vəliyevanı çox ciddi məsələlərdə ittiham etmisiniz. İddialar var ki, Məhəbbət xanımla aranızdakı konfliktin kökündə hansısa başqa problemlər var. Odur ki, məsələyə aydınlıq gətirməyinizi sizdən xahiş edirik.

– Siz məni uzun illərdir, tanıyırsınız. Görmüsünüzmü ki, mən şəxsi maraqlarıma görə təhsildəki problemlərin üzərindən keçim və ya hansısa problem xüsusi qabardım. Bakıda orta məktəblərdə vəziyyət bərbaddır. Bunun arxasında Bakı şəhər Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva dayanır. O, Təhsil Nazirliyinin keçmiş müavini olub. Bakı məktəblərinin idarəçiliyi onun təsiri altında qalır.  Bildirmişəm ki, Bakı şəhəri Təhsil İdarəsinə təyin etdirdiyi Mehriban Vəliyeva onun təsiri altındadır və Bakı təhsilini onun diqtəsi ilə idarə edir. Ora intriqa yuvasıdır. Həm də ciddi korrupsiya şübhələri var. Hələ mən Bakı şəhər üzrə orta məktəblərdə yuxarı sinif şagirdlərinin məktəbə gəlməməlirini çox yüngül formada qaldırmışam. Məsələ olduqca ciddidir. Məktəblər repetitorlara arendaya verilib. Dərsdən sonra siniflərin işıqları yanır. Orada müəllimlər uşaq hazırlayırlar. Nazirlik məktəblər üçün qrant müsabiqələri elan edir. Ayrılmış qrantlar mənimsənilir. Mən hələ neqativ halların çox az hissəsini dilə gətirmişəm. Amma görürəm ki, Məhəbbət Vəliyevanın bağlı olduğu klanın üzvləri tökülüşüblər üstümə. Mən təhsil ekspertiyəm, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvüyəm, millət vəkiliyəm. Mənim təhsildəki neqativ halları qabartmağımdan təbii nə ola bilər? Siz qeyd edirsiniz ki, tanınmış şəxslər mənə irad bildirirlər, tənqid edirlər və s. Şəxsən mən onları tanınmış hesab etmirəm.

– Sizi təqnid edənlərin içərisində baş redaktorlar da var. Baş redaktorlarla münasibətləri pisləşdirmək sizə nə fayda verir?

– Vaxtilə, Mehdiyevçi, Həsənovçu olan, ağa qara deyənlərin məni tənqid etməsindən qəti narahat olmuram. Mənim onlardan asılılığım yoxdur. Onlar öz əxlaqlarına uyğun olaraq mənə hücum edirlər. Nadürüstün biri var, onunla heç çay da içməmişəm. Yazır ki, guya mən spirtli içki qəbul edirəm, universitetdə rüşvət almışam və s. Məgər mən universitetdə dərs demişəm ki, rüşvət də alım?

– Başqa bir baş redaktoru Jurnalistlər binasından qohum-əqrəbasına ev hədiyyə almaqda ittiham etmişdiniz…

– Bəli, etmişəm. Jurnalistlərin üçüncü binası ilə bağlı demişdim ki, buradakı mənzillər qazilərə, şəhid ailələrinə verilsin. Çünki birinci və ikinci binalardakı mənzillər düzgün bölüşdürülməmişdi, narazılıq vardı. Bəzi baş redaktorlar mənzilləri öz yaxınlarına, kürəkənlərinə, katibələrinə vermişdilər. Mən konkret ad çəkmişdim və sübut etmişdim. Onlar mənə cavab verə bilməmişdilər.

– Tez-tez telekanalların rəhbərlərini də tənqid edirsiniz. Bu tənqiddən sonra həmin kanallar sizi verilişlərə dəvət edirlərmi?

– Mən AzTV-ni, Xəzər TV-ni və digər kanalları tənqid etmişəm. İndi onlar məni efirlərinə dəvət etmirlər. Bu məni narahat etmir. Sosial şəbəkədə məni izləyirlər, müstəqil saytlar fikirlərimi işıqlandırırlar. Əgər tənqidlərimə görə telekanallar məni verilişlərə dəvət etmirlərsə, deməli haqlıyam.

– Qadın müəllimlərin məlum rəqsini də pisləmişdiniz və buna görə sizi qınadılar. Doğrudanmı, hesab edirsiniz ki, həmin rəqs qeyri-etik idi.

– Bəli, indi də hesab edirəm ki, müəllimin göbək rəqsi etməsi, onun sinəsinə pul basılması müəllim adına yaraşmır. O görüntüləri görən şagird müəllimə nə hörmət edəcək? Əgər müəllimlər orada Tərəkəmə, Uzundərə və s. müsiqilərə rəqs etsəydilər, mən buna normal baxardım. Müəllimlərin oriyental rəqsinə yaxşı baxa bilmərəm. Mən o videonu paylaşmadım. Sadəcə yazdım ki, müəllim adına yaraşmayan bir hərəkətdir. Bundan sonra Məhəbbət Vəliyevanın dəstəsi yenə başladı öz əxlaqlarına uyğun formada mənə hücum etməyə. Mənə əxlaqsız hücum edənlərin ağılları topuğumdan aşağıdır. Mənim 8 kitabım var, böyük kitabxanam var. Onların nəyi var?

– Həmin rəqs dərsdən sonra, qadınlar arasında olub. Sizə elə gəlmirmi ki, bu məsələdə ifrata vardıq?

– Xeyr. Müəllim dərsdə də, dərsdən sonra da hərəkətlərində nümunəvi olmalıdır. Məsələ burasındadır ki, müəllimlərin dərs dediyi məktəbin direktor əvəzi Məhəbbət Vəliyevanın əmisi qızıdır. Bu qadının təsir dairəsində olan bütün məktəblərdə vəziyyət dözülməzdir.

– Azərbaycanda məmurlar elmi adlar almaqda çox həvəsli görünür. Onlar qondarma beynəlxalq elmi qurumların üzvləri olur, elmi titulları pulla alırlar. Bizim bəzi məmurlarda elmi titullara olan bu maraq haradandır?

– Bu çox ciddi məsələdir. Sovet dövründə də belə hallar var idi. 90-cı illərdə elm adamları siyasətə qoşuldu və elmdə boşluq yarandı. Siz görməzsiniz ki hansısa Nobel mükafatçısı sonradan Konqresin üzvü olsun, prezidentliyə namzidəliyini irəli sürsün və s. Əksinə, Nobel mükafatı alandan sonra siyasətdən uzaqlaşırlar. Bizdə elmi titulu olanları vəzifədə də irəli çəkirlər. Bu da saxta alimlərin sayının artmasına səbəb olur. Nobel mükafatçısı Əziz Sancar 40 il DNT üzərində araşdırma aparıb, sonra ona yüksək qiymət veriblər.

– Bizdə bəzi məmurlar 40-50 yaşlarında ikinci ali təhsil alırlar. Onları bu yaşda  parta arxasında oturmağa sövq edən nədir?

– Bəli, əksəriyyətinin də ikinci təhsili ya hüquqdur, ya da Prezident yanında İdarəçilik Akademiyası. Onların ilkin təhsili tamam başqa istiqamətdə olur, sonra dəyişirlər. Burada məqsəd çox sadədir. İkinci diplomdan görüntü üçün istifadə edirlər. Onlar universitetlərə birbaşa imtahan verib qəbul olmurlar. Hansısa ölkənin ali məktəbinə adlarını yazdırırlar, sonra köçürülürlər Azərbaycandakı universitetlərə. Bizim bəzi məmurlar gözqamaşdırıcı elmi adlardan ötrü şişirlər.

– Tibb Universitetinin saytına nəzər salanda görünür ki, burada bəzi müəllimlər 30-40 ildir ki, kafedra müdirləridir. Niyə bizim təhsil ocaqlarında yaşlı müəllimlər postlarından getmək istəmirlər?

– Belə hallar çox ciddidir. 30 il kafedra müdiri olmaq o deməkdir ki, sən burada durğunluq yaratmısan, heç bir islahat aparmamısan. Ona görə də, gənc alimlər arasında ətalət, durğunluq hiss olunur. Bunu yaşlı nəsillər yaradıb. Onlar imkan vermirlər ki, gənclər qabağa getsin.

– Yeri gəlmişkən bu yaxınlarda Hacı Allahşükür Paşazadə Nobel mükafatına namizəd göstərilmişdi. Necə hesab edirsiniz, şeyx Nobel mükafatı ala bilərmi?

– Şeyxin Nobel mükafatına namizədliyini irəli sürən Bəybala adlı qeyri-ciddi şəxsdir. Onun Nobeldən anlayışı yoxdur. Hər dəfə Şeyxin namizədliyini irəli sürürlər, ortada da heç nə olmur. Nobel mükafatı bir sülhyaratma fəaliyyəti üzrə verilir, bir də hansısa elmi sahə üzrə. Sülh üzrə mükafat Norveçdə, digərləri İsveçdə verilir. Şeyximizin sülh fəaliyyətilə tanış deyiləm. Onu da bildirim ki, mükafat din xadimlərinə tək-tək verilmir. İndi mən bilmirəm ki, əgər mükafat versələr, şeyxin ortağı kim olacaq? Hesab edirəm ki, Nobel sülh mükafatı bu dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Azərbaycan Prezidenti İlham Əliyevə verilə bilər. Əgər mükafatın verilməsində ədalət prinsipi qorunsa, mükafat bu iki şəxsə veriləcək. Amma acı təcrübələr də olub. Məsələn, 1990-cı il 20 yanvar faciəsinin təşəbbüskarlarından biri olan Qorboçova Nobel sülh mükafatı veriblər. BMT-nin Qarabağ münaqişəsilə bağlı 4 qətnaməsini Ermənistana icra etdirə bilməyən Kofe Annan da bu mükafata layiq görülüb.

Söhbətləşdi: Nurlan 

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button