Manşet

Son bir ayda bu məhsullar kəskin bahalaşıb – SİYAHI+SƏBƏB

Müxtəlif ərzaq məhsullarında bahalaşma müşahidə edilir. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarında daha çox bahalaşma aşağıdakı məhsullarda olub:

Makaron məmulatları, vafli, peçenye, manna yarması, un, toyuq əti, kolbasa məmulatları, balıq konservləri, xama, qatılaşdırılmış şəkərli süd, pendir, kərə və bitki yağları, alma, armud, limon, çuğundur, yerkökü, kartof, şəkər və şəkər tozu, konfetlər, qəhvə və kakao tozu, mineral sular, meyvə şirəsi, limonad, pivə, araq.

Bahalaşmaya səbəb olan amilləri Gundem.az-a açıqlayan iqtisadçı Nazim Bəydəmirli bildirib ki, qeyd olunan məhsulların əksəriyyəti Azərbaycana başqa ölkələrdən idxal olunur.

İqtisadçının sözlərinə görə, məhsulların əksəriyyəti Rusiya xammalıdır:

“Rusiyada qiymətlərin rublla sabit qalmasına baxmayaraq, hökumət analoqu olmayan valyuta siyasəti aparır. Xarici valyutalara nisbətən rublun möhkəmləndirilməsi inzibati yollarla gedir. Çünki Rusiyada valyuta bazarı demək olar ki, ləğv olunub. Eyni zamanda bahalaşan məhsulların bir hissəsi Ukraynadan gəlirdi və logistik problemlər olduğu üçün Rusiyanın Ukraynada apardığı işğalçılıq siyasəti, həmçinin daxildəki valyuta siyasəti qiymət artımının nəticəsidir”.

N.Bəydəmirli ölkəmizdə ərzaq məhsullarındakı bahalaşmanın bir müddət davam edəcəyini vurğulayıb:

“Təəssüf ki, Rusiyadan gələn müxtəlif məhsullara, əsasən də keçən ilin əvvəlindən taxıl və buğdaya, bitki yağlarına, toyuq ətinə, yumurta və digər məhsullara icazə tələb olunur. Hazırda logistik problemlər olduğu üçün qiymət artımı müşahidə edilir. Ona görə də ərzaq məhsullarındakı bahalaşma Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır.
Digər məhsullarda, məsələn, meyvələrdə mövsümi bahalaşma müşahidə olunur. Hər hansı bir məhsul bahalaşırsa, onlar digər məhsulların da qiymətinin artmasına səbəb olur. Azərbaycanın daxilində bahalaşmanın digər səbəbi hökumətin apardığı taarif siyasəti, həmçinin gömrük orqanlarının bəyannamə qiymətini artırmasıdır. Bir sözlə, qiymət xarici bazarda olduğu kimi daxili bazarda da artıb”.

Yeganə

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button