Manşet

Lavrovun Bakı bəyanatındakı gizli kodlar – Nə demək istəyirdi?

“ATƏT-in Minsk Qrupunu müzakirə etmədik. Çünki, bu, fransa və amerikalı üzvlərinin təşəbbüsü ilə fəaliyyətini dayandırıb. Lakin postmünaqişə dövründəki həll prosesini müzakirə etdik. Bunun üçün baza Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatıdır. Mövcud olan və illər boyu nəticəsiz müzakirə olunmuş bütün məsələlər 2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş hadisələrdən sonra öz aktuallığını itirdi”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında bildirib.

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Lavrovun Bakıda Minsk Qrupunun fəaliyyətini dayandırmasını deməsi müsbət haldır və maraqlarımıza uyğundur:

“Lakin Rusiya XİN başçısının bu bəyanatı məqsədsiz də deyil. Ukraynadakı müharibə ilə əlaqədar Moskvanın Bakının dəstəyinə ehtiyacı var və Lavrov Azərbaycanın rəğbətini qazanmaq istəyir. İkinci bir tərəfdən yenə də savaşla bağlı Rusiya ilə ABŞ və Fransa arasında müəyyən fikir ayrılıqları yaranıb. Xüsusilə, Moskva ilə Vaşinqton arasında “soyuq yellər” əsir. Belə olan halda Kremlin həmin dövlətlərlə eyni platformada olmaq istəməməsi normaldır. Elə buna görə də Kreml Minsk Qrupunun artıq olmadığını söyləyib.

Həmçinin Rusiya Qərb ölkələrinin artıq təşəbbüsü ələ aldıqlarını görür və buna mane olmaq niyyətindədir. Şimal qonşumuz istəyir ki, yenidən “sükan arxası”na keçsin, əvvəlki moderatorluq rolunu bərpa edə bilsin. Elə ona görə də Minsk Qrupuna alternativ olaraq Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış sənədin baza prinsiplərini xatırladıb. Bu, açıq- aydın Kremlin bölgə ilə bağlı maraqlarına və Azərbaycanla münasibətlərə yüksək əhəmiyyət verdiyinə işarədir”.

Müsahibimiz bildirib ki, Rusiya XİN başçısının mətbuat konfransı zamanı Azərbaycanın müharibəyə dair neytral mövqeyini yüksək qiymətləndirməsi də birbaşa olaraq rəğbət qazanmaq, xoşa gəlmək üçündür:

“Təmaslar bundan sonra da davam edəcək. Yaxın günlərdə liderlər arasında telefon danışıqlarının olması da mümkündür. Bütün hallarda indi Bakı ilə Moskva arasında iki əsas müzakirə predmeti var – Qarabağ və Ukrayna. Birinci məsələ daha çox bizim, ikinci isə Rusiyanın maraqları çərçivəsindədir. Azərbaycan bu məsələdən istifadə edərək regiondakı sülh və sabitlik üçün nəticəyönümlü addımlar ata bilər”.

Günay Rəsulqızı

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button