Manşet

Qohumları Qənimət Zahiddən imtina ərizəsi yazmağa hazırlaşır – ŞOK

Qohumları Qənimət Zahiddən imtina ərizəsi yazmağa hazırlaşır - ŞOK “Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” teleproqramının müəllifi Qənimət Zahidin qohumlarının həbs edilməsi Zahidovlar ailəsini faktiki olaraq ikiyə bölüb. Xatırladaq ki,, son günlər Qənimət Zahidin 3 qohumu həbs olunub, 2-si isə axtarışdadır. Qənimət Zahid həbsləri özünün siyasi fəaliyyəti ilə bağlayır.
Savash.org bildirir ki, Tural Zahidov iyulun 18-də polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə polis şöbəsinə gətirilib və ona 30 sutka cəza verilib. Onun əmisi oğlu Rövşən Zahidov da iki gün sonra həbs edilib. Rövşənə 25 sutka inzibati həbs cəzası verilib. Rüfət isə AR CM-nin 234.1.1 maddəsi ilə ittiham edilərək 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə təhlükəsi altında həbsə alınıb.
Baş verənlər isə qohumlarını belə Qənimət Zahidin üzərinə qaldırıb. Hər halda ötən gün mətbuata açıqlama verən narkotiklərin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilən Rüfət Zahidovun qardaşı Tariyel Zahidov əmisi haqda olduqca ilginc ittihamlarla çıxış edib. O, deyib ki, Qənimət Zahid öz ailəsini Fransanın himayəsinə aldırıb, qohumlarını isə təhlükə altında qoyub. Xatırladaq ki, Belçikadan sığınacaq alan Tariyel Zahidov eyni zamanda siyasi mühacir, Qənimət Zahidin qardaşı Mirzə Sakitin kürəkənidir.
O, “Azadlıq” qəzetinin baş redaktoru, eyni zamanda əmisi Qənimət Zahidi məsuliyyətsizlikdə suçlayıb: “Qardaşım həbs olunandan sonra atam iki dəfə ona zəng vurub, kömək etməsini xahiş edib. O da deyib ki, bu həbslər “Azərbaycan saatı” ilə bağlıdır, ancaq həbslər onun umrunda da deyil. Açıq şəkildə deyib ki, kimi tuturlar, tutsunlar, mövqeyini dəyişmək, yumşaltmaq, geri çəkilmək fikrində deyil. Kimlə danışırsa hamıya eyni cavabı verir – heç nə vecimə deyil. Bu haqda bəyanatında da yazıb ki, qohumlarımı fiziki məhv eləsələr də geri çəkilməyəcəm. Polislər evdə axtarış aparanda 85 yaşlı anasını itələyiblər. Nənəm pilləkənlərdən yıxılıb və üzü çapılıb, onu belə dərd eləmir. Mən indi ondan soruşmaq istəyirəm ki, övladları həbs olunsaydı, yenə də yolundan dönməyəcəkdi? Öz övladlarını ölkədən götürüb getmək, onları sığortalamaq, digər qohumlarının həyatını məhv etməklə siyasət yürütmək hansı insanlığa sığır?”
Daha sonra isə qardaşı oğlu Qənimət Zahidin ölkədən necə getməsinin hələ çoxlarına bəlli olmayan təfərrüatlarını da açıqlayıb: “Qənimət Zahidin qızı Aysel Bakıdakı etiraz aksiyalarından birində saxlanmışdı. Səhər tutuldu, axşam atası onu azad etdirdi. Qısa müddətdə də Qənimət ailəsini ölkədən çıxardı. Öz övladının bir neçə saatlıq həbsinə dözmədi. İndi də oturub Fransada, guya mübarizə aparır. Fransada hər cür təminatları var. Nə özü, nə də ailə üzvləri ailəmizin bu çətinlikləri üçün heç bir mənəvi əzab çəkmir”.
Qohumlarının artıq Qənimət Zahiddən imtina etməyə hazırlaşdığını iddia edən Tariyel Zahidov bunları deyib: “Qohumlarımız nə edəcəklərini bilmirlər. Bəziləri deyir ki, əgər biz, övladlarımız Qənimətin vecinə deyiliksə, ondan imtina ərizəsi yazaq. Bu onların öz təşəbbüsü olub. Qənimət isə ailədəki müzakirəni tez yazıya çevirib iddia edib ki, guya qohumlarımıza bununla bağlı göstəriş olub. Çarəsiz insanlar bunu ona görə etmək istəyirlər ki, bəlkə övladlarının durumu yüngülləşə”.
Daha sonra isə əmisini siyasi riyakarlıqda suçlayan qardaşoğlu olduqca sərt açıqlamalar imza atıb: “Tək onu bilirəm ki, uzaqdan aslanlıq eləmək çox asandır. Mübarizə aparmaq istəyən kişi kimi mübarizə aparsın. Ailəsi ilə birlikdə getsin otursun Azərbaycanda, haqsızlığa qarşı döyüşsün. Qurban vermək istəyirsə, öz övladlarını qurban versin. Qənimət ilk dəfə deyil ki, siyasi davasını ailəsinin içərisinə çəkir. İllər öncə Mirzə Sakitlə Əli Kərimli arasında problem yarananda buna mənim ailəmi də qatmaq istədi. Məni yanına çağırıb dedi ki, Mirzənin qızı ilə ayrıl. Bununla Mirzə Sakitə zərbə vurmaq istəyirdi. Onun üzündən çox əziyyətlər çəkmişəm. Bu insan belədi… Onu qohum-əqrəba maraqlandırmır”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button