Manşet

Müharibənin son günləri? – Britaniya kəşfiyyatı Rusiyanın məğlub olacağı tarixi açıqladı

Hərbi ekspert: “Ukrayna ordusu ruslardan çox ağır şəkildə qisas alacaq. Rusiya tərəfi bilir ki, yaxın 2 həftə ərzində çox çətin bir vəziyyətə salınacaq”

Rusiya da, Ukrayna da hücuma hazırlaşır. Qarşıdakı 2-3 həftənin həlledici olacağı deyilir. 3 günə Ukraynanın işğalını hədəfləyən Rusiya hərbi-siyasi elitası 5 ay 1 həftədir ki, hər gün yanıldıqlarını döyüş meydanında görürlər. 5 ay 1 həftədir ki, davam edən müharibənin artıq həlledici mərhələyə keçməsini dünyanın aparıcı beyin mərkəzləri, kəşfiyyat xidmətləri də açıq şəkildə deyirlər. 

Böyük Britaniyanın Mİ-6 Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Moore bildirib ki, növbəti həftələrdə rus ordusu üçün cəbhə bölgəsinə yeni qoşun və silah göndərmək çətin olacaq. Onun fikrincə, bu, Ukrayna üçün əks-hücum imkanının yaranması deməkdir: “Hesab edirəm, rus qoşunlarının gücü tezliklə tükənəcək”.

MI-6-nın rəhbəri Moskvanın qarşıya qoyduğu əsas məqsədlərinə – Ukrayna prezidentini devirməyə, Kiyevi tutmağa və Qərb ölkələri arasında nifaq salmağa nail olmadığını bildirib və bunu Rusiya üçün “epik uğursuzluq” adlandırıb.

O, Rusiya işğalını İkinci Dünya müharibəsindən sonra Avropada ən dəhşətli təcavüz aktı kimi xarakterizə edib. İyulun əvvəlində Lisiçansk şəhərini ələ keçirdikdən sonra Rusiya ordusu fasilə elan edib, lakin bir neçə gün sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu orduya əməliyyatları artırmaq əmri verib.

Son 3 həftə ərzində əsas hərbi qüvvənin cəmləşdiyi Donetsk və Luqansk da daxil olmaqla, Rusiya Silahlı Qüvvələri hər hansı uğur əldə edə bilməyib. Ukrayna və onun müttəfiqləri rus ordusunun zəifləməsini Qərb dövlətlərinin, əsasən ABŞ-ın verdiyi uzaqmənzilli artilleriya qurğuları ilə əlaqələndirirlər. Xüsusilə də HIMARS çoxfunksiyalı raket atış sistemi Ukrayna ordusuna imkan verir ki, Rusiyanın silah-sursat anbarlarına və bazalarına zərbələr endirsin.

Riçard Moore bugünədək Rusiyanın 41 minə yaxın canlı qüvvəsinin öldürüldüyünü açıqlayıb.

Rus ordusunun itkiləri ilə bağlı eyni rəqəmi Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri William Burns də deyib. Bununla belə, Riçard Moore səslənən rəqəmi “təxmini hesablama” adlandırıb.

“Bu rəqəm ötən əsrin 80-ci illərində Əfqanıstan müharibəsi zamanı rus qoşunlarının 10 il ərzində verdiyi itkilərlə eynidir”, – Riçard Moore qeyd edib.

“Döyüşdə ölənlər Moskva və Sankt-Peterburqda yaşayan orta sinif insanlar deyillər, onlar Sibirin işçi sinfini təmsil edən şəhərlərdən gələn kasıb insanlardır. Onlar arasında milli azlıqları təmsil edənlərin sayı mütənasib proporsional deyil”, – Riçard Moore deyib.

William Burnsə görə, Ukrayna müharibəsi zamanı rus ordusunda yaralanaraq ordunu tərk edənlərin sayı 45 min ətrafındadır. Ukrayna Rusiyanın canlı qüvvə itkisinin 38 min nəfərdən çox olduğunu bildirib. Rusiya sonuncu dəfə itkilərinin sayını martın 25-də açıqlayıb. Həmin vaxt 1300 nəfər rus hərbçisinin öldüyü qeyd olunub. Ekspertlər bu rəqəmin az göstərildiyi qənaətindədirlər.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button