Manşet

“Kremldən Qarabağdakı Rusiya sülhməramlılarına təlimat göndərilib ki…” – Nə baş verir?

Ötən sutka ərzində erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini ümumilikdə 10 dəfə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bunlardan 6-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Qarakilsə və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.

Digər 4 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər, Goranboy və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərini snayper tufəngindən və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla qeydə alınıb.

Mövzu ilə bağlı danışan politoloq, “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri Elçin Xalidbəyli bildirib ki, Ermənistanın atəşkəsi pozması hazırda yalnız rəsmi İrəvanı çətin vəziyyətə salır. Çünki, Azərbaycan ordusu hər dəfə əvvəlkindən daha ağır cavab zərbəsi endirir:

“Böyük ehtimalla Ermənistan ordusu hazırda Paşinyan hakimiyyətinin tam nəzarətində deyil. Rusiyaya bağlı erməni generalları və onları yönəldən revanşist radikallar Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasınl qətiyyən istəmirlər. Ona görə də, iki ölkə arasında hərbi-siyasi gərginliyin qorunub saxlanmasında maraqlıdırlar. Paşinyan hakimiyyəti də bu vəziyyətin girovuna çevrilmiş kimi görünür.

Ancaq rəsmi İrəvan da anlayır ki, Azərbaycanın şərtləri və tələbləri mütləq yerinə yetirilməlidir. Əks halda, rəsmi Bakı beynəlxalq hüquqla haqlı olan tələblərini Azərbaycan ordusunu hərəkətə gətirməklə reallaşdıracaq. Ermənistanın isə buna müqavimət göstərmək imkanları yoxdur. Çünki, 44 günlük savaşda darmadağın edilmiş Ermənistan ordusu hələ bərpa olunmayıb. Yaxın gələcəkdə bunun mümkün olmayacağını Paşinyan hakimiyyəti də bilir.

Ona görə də, qətiyyən şübhə doğurmur ki, rəsmi İrəvan Azərbaycanın bütün tələblərini yerinə yetirməyə məcbur olacaq. Yaxın vaxtlarda Ermənistan silahlı birləşmələri Azərbaycanın Xankəndi və ətraf bölgəsində çıxarılacaq. Bunun ardınca Xankəndi və ətraf bölgədə olan silahlı erməni separatçı-terrorçu dəstələr də Azərbaycan ərazisindən qaçmalı olacaqlar. Tezliklə Laçın dəhlizi qapadılacaq”.

Politoloqun sözlərinə görə, alternativ yol işə salınacaq, dəhlizin üzərində olan Laçın şəhəri və kəndlər Azərbaycan ordusunun nəzarətinə veriləcək:

“Rəsmi İrəvanın bütün bunlara müqavimət göstərmək şansı yoxdur. ABŞ və Qərb əvvəlki dövrlərdən fərqli olaraq, Ermənistana dəstək vəd etməkdən yayınır. Hazırda Qərb paytaxtları Cənubi Qafqazda baş verənlərə münasibətdə sadəcə, müxtəlif növbətçi bəyanat və açıqlamalarla kifayətlənirlər.

Rusiya da Ermənistan ucbatından Azərbaycan və Türkiyə ilə münasibətləri korlamağa qətiyyən həvəsli deyil. Xüsusilə də, hazırda Rusiyanın həm Türkiyə, həm də Azərbaycan ilə daha sıx tərəfdaşlığa ehtiyacı var. Bəzi məlumatlara görə, Kremldən Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinə ermənilər üçün xüsusi canfəşanlıq etməmək tapşırılıb. Yəni, Rusiya da hazırda erməniləri dəstəkləməyə həvəsli deyillər. Kreml Cənubi Qafqazda Rusiyadan boşalmaqda olan mövqelərin ABŞ və Qərb deyil, məhz Türkiyə tərəfindən doldurulmasında maraqlıdır. Bütün bunları nəzərə aldıqda, Ermənistanın Azərbaycan tərəfindən irəli sürülən şərtləri və tələbləri yerinə yetirilməkdən başqa çıxış yolu qalmayıb”.

Yeganə

Sfera.az

 

 

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button