Manşet

Xədicə İsmayılovanın işində şok gəlişmə – “gizli kamera…”

Xədicə İsmayılovanın işində şok gəlişmə - “gizli kamera...”Tural Mustafayevdən sensasion açıqlamalar…; Tural Mustafayev: “Bəzi şahidlər gizli videolarının yayılacağı ilə şantaj olunduqları üçün Xədicə İsmayılovanın əleyhinə ifadə veriblər”; “Mənə videoları göstərib dedilər ki, bunlar yayılacaq…”; “Evimdə gizli görüntülər çəkilib; bunlar 6 nəfərdir”

AzadlıqRadiosunun əməkdaşı, hazırda həbsdə olan jurnalist Xədicə İsmayılovanın məhkəməsi öz işinə başlayıb. Avqustun 7-də növbəti məhkəmə prosesi keçiriləcək. Amma xanım jurnalistin həbsinə səbəb olan, intihar həddinə çatdığı üçün ondan şikayət ərizəsi verən jurnalist Tural Mustafayev avqustun 3-də sosial şəbəkədə yazdığı statusla diqqət cəlb edib. Məlumdur ki, T.Mustafayev aylar öncə təzyiq nəticəsində X.İsmayılova əleyhinə ifadə verdiyini açıqlayıb. Son statusunda isə bəzi detallara aydınlıq gətirib.

Status aşağıdakı kimidir: “Həbslər üzərində karyera quranlar, Xədicənin həbsi çoxlarınızın əlini çörəyə çatdıracaq. Nə oldusa Xədicəyə oldu. Zindanda onun canı çürüyəndə, siz hotellərdə qlamur təlimlərdən fotolar paylaşıb spekulyasiya edəcəksiniz.

Doğrudan da kimlərsə təzyiqlərə məruz qaldı. Kimlərsə həbsdən canını qurtarmaq üçün danışıqlara getdi və real dəlilləri gizlətdi. Kimlərsə də hakimiyyət pulları və nümayəndələri ilə Mayamidə tətil keçirmək istədi. Əla, əla, əla. Bir şey, nəzərinizə çatdırım. Məni söyənlər, təhqir edənlər arasında elə həmin adamlar baş rolda idi. “Baş rolda” məni irəli vermişdilər. Amma düşünmədilər ki, hər şey sona çatanda baş rolda özləri olacaqlar\”.
“Yeni Müsavat” isə T. Mustafayevin son hadisələr və məhkəmə prosesi ilə bağlı fikirlərini öyrənib. Söhbət zamanı ortaya istintaqla bağlı şok detallar çıxıb.

– Statusunuz kimə və ya kimlərə həsr olunub?

– Rövşanə Rəhimliyə. Mənim keçmiş nişanlım. Facebookda Mayami haqqında bir görüntü verib. Sonra bir testdən keçib ki, kimlə tətil keçirmək istəyir. Testlər o an insanları irəli çəkir ki, o insanla mütəmadi yazışırsan. Həmin testin ortaya çıxardığı adam isə Apellyasiya Məhkəməsinin işçisidir.

– Xədicə İsmayılovanın ilkin məhkəmə iclasında iştirak etmisiz. Ayın 7-dəki prosesə qatılacaqsız?

– Bəli, ayın 7-də məhkəməyə qatılacam. Birinci məhkəmə gülünc keçdi. Ayın 7-nə isə onsuz da gözləntilər çox azdır. Amma çalışacam ki, 125 -ci maddəyə (özünü öldürmə həddinə çatdırma) xitam verilsin. Bundan artığı yəqin ki, alınmayacaq

– Buna necə nail olmağı düşünürsüz?

– Öncə xitam verilməsi ilə bağlı vəsatət qaldıracam. Əgər bu da alınmasa, 296-cı maddəni rəhbər tutaraq, verdiyim ifadələrin təzyiq altında verdiyimi bildirəcəm, bir necə dəlillər gətirəcəm.

– İlk məhkəmədə Xədicə xanımı görə bildizmi?

– Bəli.

– Aranızda hər hansı kontakt, söhbət oldumu?

– Xeyr, olmadı. Amma mən sizə videoda şantaj edilənlərin adını çəkmək istərdim.

– Hansi videoda?

– Hansı ki mənim evimdə gizli görüntülər çəkilmişdir. Bunlar 6 nəfərdir. (Müsahibimiz bu yerdə həmin şəxslərin adlarını və tutduqları vəzifəni, statuslarını da açıqlayır. Amma etik səbəblərdən və «KİV haqqında» Qanunun tələblərini nəzərə alaraq, onları oxuculara çatdıra bilmərik. Müsahibə boyunca isə həmin şəxslər barədə “onlar” deyə bəhs olunacaq – red.) 6 nəfərdən 2-sindən izahat alınmayıb. Bunlardan biri o qədər də maraq cəlb edəcək və mənimlə münasibəti olmayan şəxsdir. Digəri isə Bakı Şəhər Prokurorluğuna cağırılsa da, ora vəkillə getdiyi üçün heç bir izahat alınmayıb .

“Mən video bəyanatda demişdim ki, mənim evimə gizli kamera yerləşdirilib və yataq görüntüləri çəkilib”

– Onlar necə şantaj olunublar ki? Hansı formada?

– Mən videobəyanatda demişdim ki mənim evimə gizli kamera yerləşdirilib və yataq görüntüləri çəkilib. Məsələn, bu şəxslərdən biri (ad çəkir – Y.M.) ona 20 oktyabrda ünvanladığım “sms”-i istintaqa təqdim etməyib. Bəlkə də istintaqa təqdim edib, amma “sms” barəsində heç bir məlumat yoxdur. “SMS”-də bu sözlər yazılmışdır: “Roşkaya (keçmiş nişanlısı Rövşanə Rəhimli – Y.M. ) deyərsən, o dediyi kimi etdim siçan dərmani və süd içdim”.

– Bunu siz yazmışdız?

– Bu “sms” artıq mənim intihar etməyimin Xədicə İsmayılla heç bir əlaqəsi olmadığını ortaya çıxarırdı. Bəli, bu “sms”i mən sonradan istintaqa çağırılan şəxslərdən birinin şəxsi nömrəsinə yazmışdım. Nədənsə bu “sms” haqqında heç bir məlumat yoxdur.

– Niyə belə “sms” yazmışdız ki? Sizə dərman içmənizi Rövşanə xanım məsləhət görmüşdü ki?

– Aramızda söz-söhbət olmuşdu. Demişdi ki, süd ilə siçan dərmanı içəcək. O içməsin deyə bunu mən etmişdim.

– Niyə süd ilə?

– “Sink fosfid” su ilə reaksiyaya tez gedir. Süd yağlı olduğu üçün zəhərin dadı və təsiri su içəndən sonra baş qaldırır. Yəni tədricən. Rahat bir üsuldur. “Sink fosfid” bir növ karbiti xatırladır.

Googlda axtarış etsəniz daha çox məlumat əldə edə bilərsiz.

– Tural bəy, şantaj olunan şəxslərdən nə tələb olunub? Video ilə şantaj olunanları nəzərdə tuturam.

– Tələb olunub ki, bütün baş verənlərin günahının Xədicədə olması barədə ifadə versinlər. Məni rəhbər göstərərək bildiriblər ki, baş verənlərin hamısında Xədicə günahkardır. İfadələrlə tanış olanlar bunu bilirlər. Vəkillər vəsatət qaldıranda bu barədə çox danışıblar. Onlardan tələb olunub ki, məhkəmə zalına gələrək, mən verdiyim ifadələri təsdiq eləsinlər. Yəni mənə istinad edərək bildirsinlər ki, mənimlə bağlı baş verən intihar hadisəsinin səbəbkarı Xədicə İsmayılovadır. Xədicə xanımın vəkilləri bu şəxslərin ifadələrinin cinayət işindən çıxarılması üçün vəsatət qaldırdılar, təmin olunmadı. Hər şey ortadadır. Əvvəlcədən bu iş qurama idi. Bilinirdi ki, nə nədir. Amma mənim müəyyən müddət susmağımın da səbəbi vardı ki, bu, hara qədər davam edəcək. Yəni kimlər daha çox sosial şəbəkələrdə və digər insanların arasında nələr deyəcəklər. Çox maraqlı oldu ki, həmin şəxslərdən bir neçəsi mənə qarşı böhtan olduğunu bilə-bilə, sübutların onların özündə olmasına baxmayaraq, bundan istifadə etmədilər. Məsələ də bu yerə gəlib çıxdı.

– Yəni deyirsiniz ki, adını çəkdiyiniz şəxslər istintaqda sizin intiharınıza Xədicə İsmayılovanın səbəb olması barədə ifadə veriblər? Daha dəqiq desək, yaxın dostları Xədicə xanımın üzünə durublar.

– Bəli. Bakı Şəhər Prokurorluğunda verilən izahatlar dəfələrlə dəyişdirilib. Mən ilk gündən verilən ifadələrin hamısı ilə tanış olmuşam. Hansı ifadələr verilib, sonra hansı ifadələrlə əvəz olunub. O izahatları oxuyan adamlar bunu bilir. Avqustun 7-dəki məhkəmədə hər şey ortaya çıxacaq, mən öz ifadəmdə hər şeyi açıqlayacam. Mən oktyabrın 20-də bayaq haqqında danışdığım adamlardan birinə sözügedən “sms”i yolladım. Bu, artıq sübut idi ki, mənim intiharımda Xədicə xanımın heç bir rolu yoxdur. Bu sübut ya bilərəkdən gizlədilib, ya da təzyiq altında gizlədilib. İki variantdan biridir.

– Yəni bu, sizin ehtimalınızdır ki, Xədicə xanımın adını çəkdiyiniz dostları şantaj olunub. Burda şantaj versiyası olmaya da bilər.

– Mən artıq o videogörüntüləri görmüşəm. Mən deyə bilmərəm ki, onları o video ilə şantaj ediblər ya yox. Məsələn, adını çəkdiyim şəxslərdən biri polis orqanlarından birində müstəntiq köməkçisi kimi çalışır. Ola bilər ki, onu işdən çıxarmaqla bağlı şantaj ediblər.
– Onların hamısı sizin evinizdə olublar? Ayrı-ayrı vaxtlarda, siz evdə olmayanda ora necə giriş əldə ediblər?
– Dostlarım olublar, evin açarı onlarda da olub. Mən o evi jurnalist Cavid Abdullayevlə bir yerdə tutmuşam. Meydan TV-dən çıxandan sonra. Biz orda çalışan vaxt elə kanalın ofisində qalırdıq. Amma oradan çıxandan sonra ev tutduq. Adını çəkdiyim şəxslər də o evdə olublar. Mən öz nişanlımla, bir başqası sevgilisi ilə…

– Bəs kameranı ora kim yerləşdirib?

– Mən onu deyə bilmirəm.

– Hər halda, ilkin ehtimallar videonu sizin yerləşdirmənizlə bağlı səsləndi. Xədicə İsmayılova ilə bağlı verdiyiniz ilk ifadələri nəzərə alanda, bu versiya daha çox yayıldı.

– Mən niyə yerləşdirməliyəm ki? Bunun mənimlə heç bir əlaqəsi yoxdur. Elə bir şey olsa deyərdim ki, videonu mən çəkmişəm. Amma mən o videoları görəndə şoka düşdüm.

– Sizə o özəl videogörüntüləri göstərdilər?

– Bəli.

– Məqsəd nə idi?

– Mənə göstərdilər, çünki təzyiq vasitəsi idi. Xüsusən də mənim özümə qarşı. Aydın məsələdir ki, azərbaycanlıyıq, mentalitet qaydaları var. Mən bu mentaliteti qəbul etməsəm də, bizdən böyüklər, eləcə də çevrəmiz var. Biz onları nəzərə almalıyıq.

– Sizə videoları göstərib nə dedilər?

– Mənə videoları göstərib dedilər ki, bu videolar yayılacaq. Mən buna etiraz etdim. Ailə örnəyində pis nümunələrə yol açmasın deyə mən bu videoların yayılmasının qəti əleyhinə idim. Ona görə də bir müddət buna görə susmalı oldum. Hamı da bunu bilirdi. Bəlkə o adamlardan bəzilərinə bu göstərilib, bəzilərinə başqa şey deyilib. Amma bu dəqiqdir ki, həmin videolardan istifadə olunub.

– Videonu sizə göstərərək, “dediklərimizi etməsəz, bunu yayacağıq” deyən şəxs kim idi?

– Bunlar Bakı Şəhər prokurorunun birinci müavini Azər Əsgərov və müstəntiq Vaqif Süleymanov idi. Daha bir məqamı da deyim. Burda qəribə epizodlar yaranıb. Mən ilk dəfə Ruhi Əsəb Dispanserində olanda, özüm könüllü surətdə ilk dəfə ora gedəndə evimizdə axtarış aparılmışdı. Hansı səbəbdən axtarış aparılmışdı, mən onu bilmirəm. İntihara cəhd edən şəxs idim, mənim evimdə nə ola bilərdi ki? Həm Göyçayda, həm də Bakıda yaşadığım xalamgilin evində. Oradan müxtəlif nüsxələrdə videolar, sənədlər, REAL hərəkatına aid anket blanklar, oğluma məxsus olan noutbuk aparılmışdı. Artıq kənardan da təzyiqlər başlayır. Göyçayda hazırda bir neçə şəxs saxlanılıb. Onlar bildirirlər ki, mən narkotikdən istifadə, satışını təşkil etmə işlərində iştirak etmişəm.

– Sizi narkotiklə tutmaq istəyirlər?

– Bəli. Qorxudurlar ki, belə ola bilər. Amma heç nədən qorxmuram. Həbsdirsə, olacaq. Heç nədən qaçmaq mümkün deyil bu ölkədə. Mən məhkəmədən qayıdandan sonra, ayın 27-də atamla danışdım. Ona da bildirdim ki, vəziyyət nə yerdədir. Mən növbəti məhkəmə iclasında da 2014-cü il dekabrın 27-də oğurlanmağım barədə öz fikrimi bildirəcəm.

Yazıda adları çəkilən, barələrində iddialar irəli sürülən hər bir kəsin fikirlərini dərc etməyə hazırıq.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button