Manşet

“Rusiya ermənilər üçün müdafiə edə bilməyən müttəfiqə çevrilir…” – Kirill Krivoşeyev

“Kommersant” nəşriyyatının əməkdaşı, jurnalist Kirill Krivoşeyev Qarabağda son günlər baş verən hadisələrlə bağlı “Qarabağın demilitarizasiyası: bu, Rusiya və region üçün nə deməkdir?” sərlöhvəli geniş məqalə yazıb. Məqalə Beynəlxalq Sülh üçün Karnegi Fondunun saytında (carnegieendowment.org) dərc edilib. Yazıda müəllif maraqlı məqamlara toxunub.

Həmin yazını təqdim edirik.

Qarabağda yeni toqquşmalar və Bakının onun “demilitarizasiyası” ilə bağlı tələbləri Ukraynadakı döyüşlərin digər postsovet münaqişələrində də gərginlik yaratdığını göstərir. Əslində, Ermənistan və Azərbaycan tərəfləri arasında vaxtaşırı atışmalara hər kəs çoxdan öyrəşib. Lakin bu dəfə döyüşlər Ermənistanla mübahisəli bölgəni birləşdirən Laçın dəhlizinə keçə bilər, hansı ki, bu dəhliz vasitəsilə magistral yol, qaz kəməri və elektrik xətləri keçir.

Son döyüş

Qarabağda indiki gərginliyi böyük adlandırmaq olmaz, amma burada məsələ miqyasda deyil, səbəblərdədir. Atışma rəsmi Bakının Qarabağla Ermənistan sərhədi arasında yeni avtomobil yolunun tikintisinin başa çatmasından, yəni öhdəliklərinin bu hissəsini vaxtından əvvəl yerinə yetirdiyini və buna görə də Laçın dəhlizinə nəzarəti ələ keçirə biləcəyini bəyan etdikdən sonra başlayıb. Bu dəhliz Ermənistan sərhəddi ilə Qarabağın ən böyük şəhəri Xankəndi arasında yerləşir. Birinci Qarabağ müharibəsi (1992–1994) zamanı burada xüsusilə şiddətli döyüşlər getdi və Ermənistan ikinci müharibədə məğlub olduqdan sonra 2020-ci ilin dekabrında Bakı bu ərazinin geri qaytarılmasını tələb etdi. Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlarda magistral yol boyu 5 km enində zolaq Rusiya sülhməramlılarının nəzarət zonası elan edildi.

Ermənistan və Azərbaycan 2023-cü ilin noyabrına qədər indiki Laçın yoluna  alternativ olacaq yeni marşrutun tikintisini razılaşdırıblar. Tikilən yeni yola Rusiya sülhməramlıları nəzarət edəcək və Qarabağa gediş bu yol vasitəsilə həyata keçiriləcək.

Amma sonra yanaşmada fərqlilik oldu. Qarabağın işğaldan azad edilən ərazilərində Azərbaycan böyük sürətlə infrastruktur şəbəkəsini qurur. Şuşanın azad edilməsindən dərhal sonra orada Azərbaycanın mobil operatorlarının siqnallarını qəbul etmək mümkün idi və artıq dekabrda, yəni müharibədən bir ay sonra, minalara baxmayaraq, Cəbrayılda fiber-optik kabel çəkən azərbaycanlı işçilərlə görüşdüm.

Azərbaycan Ermənistan sərhədindən Xankəndinə gedən yolu indi, 2023-cü ilin noyabrından xeyli əvvəl tamamlayıb. Bununla belə, yeni yolla İrəvana getmək üçün Ermənistan həmin yolu öz yol şəbəkəsinə qoşmalıdır. Söhbət cəmi 8 km-lik kiçik hissədən gedir. Bu yolun çəkilməsi işlərinə Ermənistan hakimiyyəti başlamasa da artıq Bakı işlərin tezliklə başa çatması barədə məlumat verdi. Yalnız indiki eskalasiyadan sonra – avqustun 4-də Ermənistan kiçik yolun çəkilişi işlərinə başlayıb. Baş verən gərginlikdən sonra Bakı bir daha əmin oldu ki, güclü təzyiqlər İrəvanı 9 noyabr 2020-ci il tarixli razılaşmanı fəal şəkildə həyata keçirməyə məcbur edir. Bu o deməkdir ki, gələcəkdə də adi bir öhdəiliyi həyata keçirmək üçün daha çox hərbi qarşıdurmalar olacaq.

Hazırda Laçın dəhlizində bir neçə erməni məskəni var. Həmin yerlərdə qalan sakinlər hələ getmək istəmirlər və onlar ABŞ və Fransa rəhbərliyinə xahiş məktubları yazırlar. Sakinlər həmin ölkələrin Rusiyadan daha çox ermənipərəst davranacağına ümid edirlər.

Vasitəçinin yükü

Belə bir şəraitdə Rusiya sülhməramlılarının rolu xüsusilə vacibdir, amma Moskvanın manevr imkanları çox azdır. Ermənilər Qarabağla bağlı məsələdə Rusiyanın Cənubi Osetiya və ya Donbass respublikalarına münasibətdə olduğu kimi davranmasını istəyir. Bu istək Ermənistanın Rusiyadan şişirdilmiş gözləntilərindən qaynaqlanır.

Ermənilər yalnız ümid edə bilərlər ki, hansısa güclü müttəfiqin dəstəyi vəziyyəti onların xeyrinə çevirməyə kömək edəcək. Prinsipcə, Rusiya bu şişirdilmiş gözləntiləri doğrulda bilməz. Rusiya sülhməramlıları Qarabağ ermənilərinin rəhbərliyi ilə mehriban ünsiyyət qurur və Rusiyanın rəsmi sənədlərində Dağlıq Qarabağ Respublikasına istinadlar edilir.

İşıqsız tunel

Ermənistanla Qarabağ arasında yeni dəhlizin statusu hələ müəyyən edilməyib. Amma görünür, Bakı onu ekstraterritorial etmək fikrində deyil. Çünki İrəvan Bakıdan Azərbaycanın Naxçıvan anklavına gedən yola belə status verməkdən imtina edib. Və ekstraterritoriya olmadan Azərbaycan hakimiyyəti Ermənistana gedən yolda demək olar ki, istənilən Qarabağ ermənisini qanunsuz silahlı birləşmədə iştiraka görə saxlaya biləcək. Bundan başqa, Qarabağa işıq, qaz və internet ancaq Ermənistandan və Laçın dəhlizi ilə gətirilir. Bakı isə çətin ki, yeni yol boyu eyni kommunikasiyaların çəkilməsinə imkan versin, çünki onun məqsədi Qarabağ ermənilərini Azərbaycan qazı və işığını almağa məcbur etmək və beləliklə də onları ya inteqrasiyaya, ya da tərk etməyə sövq etməkdir. Axı o zaman Qarabağ erməniləri Azərbaycan tədarükçüsünə hesabı ödəmək üçün onunla müqavilə bağlamalı və hansısa sənəd tələb edən Azərbaycan bankında kart almalı olacaqlar.

Beləliklə, ermənilərin Laçın dəhlizini tərk etməli olduğu avqustun sonu, sentyabrın əvvəli Qarabağ münaqişəsinin həlledici məqamına çevrilə bilər və onun gələcək inkişafı tamamilə Azərbaycanın əlində olacaq. Bakı erməniləri Laçın dəhlizindən keçirəcəkmi? Ermənistandan Qarabağa işıq və qazın verilməsinə mane olacaqmı? Görünən odur ki, həm İrəvanın, həm də Rusiya sülhməramlılarının bu məsələlərdə Bakıya təsir imkanları minimal olacaq.

Əgər hər şey indiki kimi gedərsə, o zaman Rusiya ermənilər üçün müdafiə edə bilməyən müttəfiqə, azərbaycanlılar üçün isə düşmənlə fəal oynayan vasitəçiyə çevriləcək.

Vasif

 

 

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button