Manşet

MEHDİYEVİN DAHA BİR KADRI İŞDƏN ÇIXARILDI – Şahin Bağırov islahat aparır, yoxsa…? + FOTO

Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi vəzifəsindən azad edilib. “Qaynarinfo”nun əldə etdiyi məlumatına görə, Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə dünən Katibliyin rəisi, gömrük xidməti polkovniki Şükürov Muxtar Fazil oğlu işdən çıxarılaraq, təqaüdə göndərilib.

Qeyd edək ki, bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin müvafiq əmri ilə Muxtar Şükürov “Abşeron” gömrük postunun rəisi vəzifəsindən azad edilərək, Komitə Katibliyinin rəisi vəzifəsinə təyin edilmişdi.

Xatırladaq ki, avqustun 4-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsini icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun əmri ilə “Azərterminalkompleks” İstehsalat Birliyinin rəis müavini Zeynal Tarquluyev və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin şöbə rəisi Rəfail Niftəliyev vəzifəsindən azad edilib.

Qeyd edək ki, Şahin Bağırov Gömrük Komitəsinin rəhbərliyinə gəldikdən sonra apardığı kadr dəyişiklikləri birmənalı qarşılanmayıb. Ekspertlər bu dəyişiklikləri gömrükdə kadr islahatları kimi deyil, daha çox komitənin sabiq sədrə yaxın şəxslərdən “təmizlənməsi” kimi xarakterizə edirlər. Hətta bunu vaxtilə gömrükdən uzaqlaşdırılan Şahin Bağırovun Səfər Mehdiyev və ətrafından “acıq çıxması” kimi izah edənlər də var…

Onun Kəmaləddin Heydərovun işdən çıxardığı Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin sabiq rəisi Kənan Aşurlunu Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinə rəhbər təyin etməsi də bu konteksdən izah olunur. 

 

 

Bu cür təyinat və “kadr islahatları” ilə isə gömrükdə ictimaiyyətin gözlədiyi müsbət dəyişiklikləri reallaşdırmaq mümkünsüz hesab edilir.

Təsadüfü deyil ki, Şahin Bağırovun Gömrük Komitəsinin rəhbərliyinə gətirilməsindən müəyyən vaxt keçsə də, gömrük sistemində heç nə dəyişməyib. Hətta bəzi iddialara görə bürokratiya daha da artıb.

Məsələn bir neçə gün əvvəl tanınmış vəkil Aslan İsmayılov gömrük sistemində qanunsuz tələblərin davam etdiyini bildirib. O, gömrük terminallarında rüşvət cə süründürməçiliyin olduğunu iddia edib: “Dövlət Təhlükəsizliyi Xidmətinin Dövlət Gömrük Komitəsində keçirdiyi məlum generalların həbsi əməliyyatlardan, Səfər Mehdiyevin vəzifəsindən azad edilməsindən sonra əmin idim ki, heç kimin cürəti çatmaz iş adamlarına qanunsuz tələblər irəli sürsünlər. Bu günlərdə də Komitəyə sual ünvanladım ki, əgər ekoloji faktor əsasdırsa, onda necə olur, 2021-ci il istehsalı olan 50 min ABŞ dollarlıq 2.0 litr hibrid-benzin avtomobilin idxal gömrük rüsumu (4 min AZN) tam elektrik avtomobil rüsumundan (12 min AZN) 3 dəfə azdır. Elə həmin gün səhifəmə bir müraciət daxil olub. Komitənin yeni rəhbərliyindən xahiş edirəm məsələyə münasibət bildirsinlər”.

A.İsmayılov əlavə edib ki, E-gov.az portalı vasitəsilə bütün ödənişlərin həyata keçirilməsinə baxmayaraq gömrük sistemində qiymət artımına səbəb olacaq qanunsuz prosedurlar yaradılıb: “Bütün ödənişləri həyata keçirib yükün yoxlanılmasına görə inspektorun ayrılması üçün müraciət etdik və bizə inspektor ayrıldı. İnspektorla danışan kimi bizə bildirdi ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəhbərliyindən tapşırılıb ki, maşın gəldiyi terminalda açılıb tam boşalmalıdır. Normalda isə qanunvericiliyə əsasən inspektor bizimlə anbarımıza yaxınlaşıb yükə baxış keçirirdi. Yükün İpək Yolu Terminalında tam yoxlanışa boşaldılması isə iş adamına hər yük maşını üçün əlavə 700-800 manat xərc deməkdir. Bu da avtomatik olaraq gətirilən malların qiymətinə təsir edərək süni qiymət artımına gətirib çıxarır. Məsələni araşdırdıqda isə bəlli oldu ki, bu işlərə ödənilən pul heç dövlət büdcəsinə də getmir. Hansısa “Ramal-Trans” adlanan şirkətə ödənilir. Dünyanın krizisdə batdığı bir dövrdə, daşınma xərclərinin rekord vurduğu bir zamanda iş adamlarından süni maneə yaratmaqla əlavə pul tələb etmələrə son qoyulmalıdır. Mən başa düşə bilmirəm, Gömrük Komitəsində hələ də DTX əməliyyatlarından dərs çıxarmayanlar oturur, yoxsa onlar toxunulmazdır?!”

Göründüyü kimi, kadr dəyişiklikləri olsa da, gömrükdə “köhnə hamam, köhnə tasdır”….

Rasim

 

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button