Manşet

Lvov səfərindəki böyük sirr – Ərdoğan Zelenskini Putinlə görüşə razı salacaq?

Ukraynaya yollanan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiyanın dövlət başçısı Vladimir Putinlə danışıq aparmağı təklif edəcək.

Bu haqda “CNN Türk” öz mənbələrinə istinadən xəbər yayıb. Telekanalın Lvovda olan müxbirinin sözlərinə görə, gözlənilir ki, Ərdoğan Zelenskiyə Putinlə görüşməyi təklif edəcək.
Qeyd olunub ki, Putin və Zelenski Ukrayna ilə bağlı “yol xəritəsi”ni müəyyən etmək üçün görüşə bilərlər.

Maraqlıdır, Türkiyə liderinin təklifi nə ilə nəticələnəcək? Yaxın zamanda Putin-Zelenski arasında görüş baş tuta bilərmi?

Sualımızı cavablandıran politoloq Cümşüd Nuriyev Sfera.az-a açıqlamasında bildirib ki, Lvovdakı görüş Avropa təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir:

“Artıq 6 aya yaxındır ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Uzunmüddətli müharibə Ukraynanın iqtisadiyyatına ciddi ziyan vurub. Müharibə nəticəsində Avropanın enerji təhlükəsizliyi də ciddi xəta görüb, Avropada qiymətlər sürətlə qalxmağa başlayıb. Çünki Rusiya qazından çox asılıdırlar, eyni zamanda gübrə təminatı, kimyəvi elementlərlə təchizat məsələsində də Rusiya Avropa üçün böyük bazar idi. Bunların hamısı həm Rusiya, həm də Avropa iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edirdi”.

C.Nuriyevin sözlərinə görə, Avropa İttifaqı (Aİ) və Rusiya birmənalı şəkildə ABŞ-nın qurduğu “tələ”yə düşdü:

“Ukrayna Aİ və Rusiya üçün Amerika tərəfindən hazırlanmış siyasi “yem”dir. Amerika Aİ-nın güclənməsinin qarşısını aldı. Artıq dollarla avronun bərabərliyi var. Belə bir şəraitdə Ərdoğanın meydana girməsi qürurvericidir. Çünki Türkiyə dünyada aparıcı oyunçuya çevrilib. Təbii ki, Ərdoğan Putinin fikirlərini Zelenksiyə çatdıracaq. Putin hansı şərtlər altında atəşkəsə razılaşıb sülh müqaviləsi imzalamaq istəyir və yaxud Zelenski hansı şərtlərlə görüşmək istəyirsə, Ərdoğan bunları gündəmə gətirəcək. Ona görə də Lvovda həm Avropanın, həm Ukraynanın, həm Rusiyanın, bütövlükdə isə dünyanın ərzaq təhlükəsizliyi məsələsi müzakirə olunacaq”.

Politolq qeyd edib ki, Lvovdakı görüş dünyanın siyasi düzənində böyük əhəmiyyətə malikdir:

“Çünki ABŞ dünyanı birqütblü şəkildə idarə etmək iddiasındadır, Rusiya, Çin və Hindistan isə buna imkan vermir. Qarşıdurma pik həddədir, Üçüncü Dünya Müharibəsi başlaya bilər. Ərdoğanın Quterreşlə birgə missiyası qarşıdurmanı sülh məcrasına yönəltmək və Rusiya ilə Ukraynanı qarşı-qarşıya yox, danışıq masasına otuzdurmaqdır. Bütün hallarda görüşdən sonrakı bəyanatlara nəzər yetirmək lazımdır. Fikrimcə, Rusiya da, Avropa İttifaqı da çalışacaq ki, müharibə çox davam etməsin, çünki hər iki tərəf uduzur”.

Yeganə

 

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button