Manşet

Səlim Müslümov hakimin “özünüzü təsirli bilirsinizmi?” sualına belə CAVAB VERDİ

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsi davam edir.

“SAVAŞ” xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktının elanı yekunlaşıb. Məlum olub ki, eks-nazir tərəfindən rüşvət qismində alınmış, mənimsənilmiş və israf edilmiş pulların ümumi həcmi 27 milyon manatdır.

Məhkəmədə S.Müslümova izah olunub ki, törətdiyi əməllərə görə, ona maksimum 20 il müddətə azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Hakimin “ittiham üzrə özünüzü təqsirli bilirsinizmi?” sualına Səlim Müslümov, “bəli, tam təqsirli bilirəm” deyərək cavab verib:

“Sadəcə olaraq, ittiham aktında göstərilmiş mənimsənilən pulların mənim tərəfimdən mənimsənilməsi ilə bağlı hissə ilə razı deyiləm. Lakin hazırkı mərhələdə ifadə vermək istəmirəm”.

Vəkilləri də S.Müslümovun ifadə vermək istəməməsi ilə bağlı mövqeyini təsdiq edib.

Hakim növbəti mərhələdə zərərçəkmişlərin və şahidlərin ifadələri ilə məhkəmənin davam edəcəyini bildirib. Qeyd olunub ki, iş üzrə 341 şahid var.

Proses sentyabrın 12-si davam etdiriləcək.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, DSMF-nin sədri (2002-2013) və ƏƏSM naziri (2013-2018) işlədiyi dövrlərdə rüşvətalma, mənimsəmə və israfetmə əməllərinə görə ittiham olunub. S.Müslümova Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvətalma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir. Sabiq nazir iş üzrə ümumilikdə vurulan 27 milyon manat ziyanın 20 milyon manatını istintaq dövründə ödəyib. Onun 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button