Manşet

Jurnalistin ölümü ölkəni bir-birinə vurdu: “Qatil” futbolçu and-aman edir, bəs kimdir günahkar?

Jurnalistin ölümü ölkəni bir-birinə vurdu: “Qatil” futbolçu and-aman edir, bəs kimdir günahkar?Jurnalist Rasim Əliyevin avqustun 9-da səhərə yaxın rəhmətə getməsi ölkə gündəminin başlıca mövzusudur. Xatırladaq ki, hələlik rəsmən təsdiqlənməyən məlumata görə, avqustun 8-də Rasim Əliyev \”Qəbələ\” futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülüb və ağır bədən xəsarəti alan jurnalist səhərisi gün keçinib.
Savash.org xəbər verir ki, sosial mediada yayılmış məlumatlara görə, jurnalistin döyülməsinə səbəb onun Cavid Hüseynovun kiprli jurnalistə qarşı hərəkətini \”Facebook\” səhifəsində tənqid etməsi göstərilib.

Futbolçu hamını qınadı: “Nooldu, həminki Cavidəm də, iki gün əvvəl dilinizdən düşməyən Cavid…”
“Qəbələ” klubunun kapitanı Cavid Hüseynovun jurnalist Rasim Əliyevin ölümünə münasibəti isə gecikməyib. O, sosial şəbəkədəki səhifəsi vasitəsilə bunları qeyd edib: “Allahdan jurnalist Rasim Əliyevə rəhmət diləyirəm. Ruhu şad olsun.
Çoxları məni tənqid edir ki, onu sənin dostların öldürüb. Amma yox, bu, belə deyil. Heç kimə imkan vermərəm ki, mənə görə kimisə öldürsünlər. O jurnalistlə facebookda kipirli jurnalistlə olan məsələyə aydınlıq gətirmişik. Amma normal şəkildə. Sonra da mehribancasına sagollaşmışıq.
İndi isə hamı az qalır mənə qatil adı versinlər. Nə oldu? Mən həmin Cavidəm də, bir neçə gün əvvəl dilinizdən düşməyən. Sizcə, bu cür hərəkət edərəm?
Bir misal gətirmək istəyirəm. Araz Abdullayev maşını ilə adam vurdu, jurnalistlər ona qatil damğası vurdular. İndi isə günahım olmaya-olmaya məni ləkələmək istəyirlər. Bizə düşmən lazım deyil, vallah. Adamın başının üstündə Allah var. Yazanda haqqına yazın. Çox təəssüflər olsun ki, haqqına yazan jurnalistlərimiz çox azdır”.

Ölən jurnalistin atası: “Oğlum evdən çıxanda anasına deyib ki…”
Mərhumun atası Məmmədəli Əliyev oğlunu döyənlərin cəzalandırılmasın istəyib. M.Əliyev virtualaz.org saytının müxbiri ilə söhbətində deyib ki, dünən futbolçu Cavid Hüseynov da, “Qəbələ” klubunun meneceri də xəstəxanaya gediblər: “Aralarında nə danışıq olduğunu bilmirəm. Oğlumu döyənlər Razin (Bakıxanov qəsəbəsi-red.) uşaqları olub. Döyənlərdən biri də Cavidin bibisi oğlu olub. Oğlum evdən çıxanda anasına deyib ki, Razin uşaqları gəlib, onlarla söhbət etməyə gedirəm. Həmin uşaqlar “Qəbələ” klubunun azarkeşləri olub.
Gecə saat 2-də zəng vurdular ki, Rasimin halı pisləşib. Xəstəxanaya getdim, Rasim komada idi, süni nəfəs verirdilər. Saat 4 radələrində dünyasını dəyişib. Oğlumu döyənlərin cəzalandırılmasını istəyirəm”.

Jurnalisti döyənlər müşahidə kamerasına düşüb
Dünyasını dəyişən jurnalist Rasim Əliyevin döyülmə faktı müşahidə kameraları tərəfindən qeydə alınıb. Bunu isə Səbayel rayon prokurorunun köməkcisi deyib. O, mərhum jurnalistin ailə üzvlərinə bildirib ki, R.Əliyevi döyərək ona ağır xəsarətlər yetirən şəxslərin bir necəsinin kimliyi də məlum olub. Hazırda həmin şəxslərin həbs olunması istiqamətində işlər gedir.
Mərhum jurnalistin nəşi ölüm faktından yalnız 6 saat sonra artıq ailəsinə təhvil verilib. Bu zaman onun yaxınları morqa buraxılmayıb ki, bu da narazılıq yaradıb. Yalnız etirazlardan sonra atası içəri buraxılıb. Bu zaman morqın ətrafına 5 polis maşını gəlib. Ərazi polisi jurnalistin babasını sorğu-sual üçün aparıb. Morqun qarşısına yığışan jurnalistlərə isə çəkiliş aparmağa icazə verilməyib. Səbayel prokurorluğunun əməkdaşları da ora gəlib.
Rasim Əliyevin babası deyib ki, həkimlər əvvəl onlara ümid versələr də sonradan jurnalistin vəziyyəti pisləşib: “Get-gedə vəziyyəti pisləşdi, əməliyyat etdilər. Sonra da dedilər ki, içəridəki orqanlarının çox zədəlidir, sağalan deyil. Həkim gəlib mənə dedi ki, vəziyyəti çox ağırdır, ağciyəri vurulub, partlayıb. Nəfəs ala bilmir. Dedi ümid yoxdur. İki saat sonra gəldi dedi ki, gözləməyin, xəstə vəfat etdi. Bu, səhərə yaxın 5-də olub”.

Jurnalistin ölümünə görə həbslər başladı
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, prosesdə əsas iştirakçı kimi adı keçən futbolçunun bibisi oğlu artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Digər şəxslərin isə yeri müəyyənləşdirilib və yaxın saatlarda onların da saxlanılması istiqamətində tədbirlər görüləcək.
Musavat.com-un əldə etdiyi məlumata görə, \”Qəbələ\”nin sabiq kapitanının həbs edilən yaxın qohumunun (bibisioğlu) ad-soyadı Elşən İsmayılovdur. O da peşəkar idmançıdır, bəzi komandaların əvəzedici heyətində oynayıb.
Bu barədə ictimaiyyətə geniş açıqlama veriləcək.

\”Qəbələ\” də Cavid Hüseynovdan imtina etdi
\”Qəbələ\” futbol klubu jurnalist Rasim Əliyevin ölümü ilə bağlı klubun facebook səhifəsindən bəyanat yayıb.
Bəyanatda deyilir:
\”Jurnalist Rasim Əliyevin vəfat etməsi xəbərini “Qəbələ” İdman Klubunun hər bir üzvü böyük üzüntü ilə qarşıladı. Heç kimin kiməsə qarşı zor tətbiq etməyə, kimisə hədələməyə ixtiyarı yoxdur və klubumuz həmişə bu prinsipləri ön planda saxlayıb.
Klubumuz daim zorakılıq və aqressiyanı pisləyən sosial proyektlərlə cəmiyyətimizdə sülh və barışın, maariflənmənin vacibliyi bildirilib, bu istiqamətdə irəliləyişə nail olmaq əsas məqsəd olub. Klubumuzun uğursuz çıxış etdiyi vaxtlarda belə, mətbuatın tənqidlərinə qarşı dözümlülük göstərilib, heç vaxt sərt reaksiya verilməyib.
Amma dünən baş verən hadisədə futbolçumuz Cavid Hüseynovun adının hallanması bizi çox təəssüfləndirir. Mərhum son müsahibələrində və facebook sosial şəbəkəsindəki statusunda futbolçu ilə telefonla danışdığını, aralarında heç bir problemin qalmadığını bildirsə də sonradan baş verən hadisələr heç də birmənalı deyil.
Ona görə də bu məsələnin hüquq-muhafizə orqanları tərəfindən tezliklə araşdırılacağına, günahkarların layiqli cəzalarını alacaqlarına inanırıq.
Bildiririk ki, Cavid Hüseynov komandamız üçün nə qədər vacib oyunçu olsa belə bu hadisələrə aydınlıq gələnədək əsas komandadan kənarlaşdırılıb. Bir daha mərhuma Allahdan rəhmət, yaxınlarına səbr diləyirik\”.
Savash.org

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button