Manşet

Paşinyanın özü ilə Praqaya aparacağı sülh sazişində nələr var? – DETALLAR

“Artıq Ermənistan tərəfindən sülh müqaviləsinin ilkin variantı hazırlanıb. Sülh müqaviləsinə dair prosesin tempi daha da sürətlənib”. Bu barədə Ermənistanın “Hpararak” nəşri yazıb.
Məlumata görə, Nikol Paşinyan sülh sazişinin ilkin layihə variantı ilə oktyabrın 6-da Praqada keçirilməsi nəzərdə tutulan Avropa İttifaqının (Aİ) qeyri-rəsmi sammitinə qatılacaq.
Mövzu barədə fikirlərini Sfera.az-la bölüşən politoloq Natiq Miri bildirib ki, Azərbaycan mediasında guya Paşinyanın təslim olması barədə fikirlər səsləndirilir. Ancaq Paşinyanın sülh müqaviləsinə münasibəti dəyişməyib.

Politoloqun sözlərinə görə, Ermənistan hələ də düşünür ki, sovet dönəmində olan sərhədlər çərçivəsində sülh müqaviləsi imzalana bilər:

“Sülh sazişini imzalamaq üçün də bir şərti əsas gətirirlər, bu da müqavilədə “Dağlıq Qarabağ” haqqında xüsusi bir qeydin olmasıdır. Bu qeyd Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizlik məsələsinə təminat xarakterlidir. Bir sözlə, məsələni sonraya buraxmaqla Qarabağı beynəlxalq müzakirə predmetinə çevirmək istəyirlər. Bütün bunlar bir hiylədir. Düşünürəm ki, bu, qərb dövlətləri tərəfindən Ermənistan üçün ötürülmüş bir “pas”dır, bundan istifadə edərək hələ də Qarabağ probleminin həll olmadığı görüntüsünü yaradırlar və bunu yaratmaqla proseslərə müdaxilə imkanı qazanırlar. Söhbət ABŞ və Fransa kimi ölkələrdən gedir. Çünki Rusiya onsuz da hərbi güc olaraq Qarabağda mövcuddur. Əlbəttə ki, Moskva öz varlığını uzunmüddətli sürdürmək üçün artıq 2 il vaxt keçməsinə rəğmən, 10 noyabr üçtərəfli bəyanatının 4-cü maddəsini hələ də yerinə yetirməyib. Baxmayaraq ki, rus sülhməramlıları Qarabağa daxil olarkən paralel olaraq Ermənistan ordusu və qanunsuz erməni silahlılarını oradan çıxarmalı idi”.

N.Miri qeyd edib ki, bu gün Qarabağ məsələsi istər Rusiya, istərsə də mövcud olmayan Mins qrupunun həmsədr dövlətləri üçün prosesə müdaxilə mexanizmi kimi görünür:

“Məsələlər bu səviyyədə açıq qaldıqca, təbii ki, normal sülh müqasviləsini imzalamaq mümkün deyil. Paşinyanın əsas istəyi beynəlxalq müşahidəçiləri Azərbaycan-Ermənistan sərhəddinə dəvət etməkdir. O, hazırda istəyir ki, ilk olaraq Ermənistanın təhlükəsizlik məsələsi həll olunsun. Əlbəttə, belə müşahidəçilərin Ermənistan sərhəddində varlığı Paşinyan hökümətinə də müəyyən mənada zəmanətdir. Yəni Paşinyan Rusiyanın təzyiq və təsir imkanlarından sığortalanmaq istəyir. Bu baxımdan düşünmürəm ki, Paşinyan sülh müqaviləsinə hazırdır. O, sadəcə hiylə işlədir. Guya sülh müqaviləsini imzalmaq istədiyini deyir, ancaq hansı şərtlərlə müqaviləyə hazır olduğunu qeyd etmir. Bu, ermənilərin növbəti monipulyasiyasıdır. Düşünmürəm ki, ABŞ və Fransanın vasitəçiliyi ilə problem beynəlxalq hüquq çərçivəsindən birdəfəlik həll olunsun. Çünki həm Amerika, həm də Fransa artıq Qarabağ məsələsini xüsusi olaraq qabardırlar”.

Ekspertin sözlərinə görə, ABŞ prezidenti Co Baydenin Paşinyana son məktubunda “Dağlıq Qarabağ xalqı” ifadəsi də Qərbin planlarını ortaya qoyur:

“Həmin ifadə məktuba elə-belə və ya təsadüfən düşməmişdi. Bu, onu göstərir ki, Qarabağda problem həll olunmayıb. Problemin həll üçün vasitəçilərə ehtiyac var. Ona görə də Amerika və Fransa Minsk qrupunu yenidən “diriltmək” istəyirlər ki, prosesə müdaxilə imkanları qazansınlar. Çünki 2020-ci il 10 noyabr bəyanatından sonra bu iki ölkə oyundankənar vəziyyətdə qadı. Deməli, prosesə müdaxilə etmək üçün regionda yeni gərginlik müstəvisi yaratmaq lazımdır. Biz də bunu sentyabrın 12-dən 13-nə keçən gecəki təxribatda müşahidə etdik. Dünən də Ermənistan tərəfi yenidən atəşkəsi pozub, əsgərimiz yaralanıb. Ermənistanın üç hərbçisi ölsə də, bunların hamısı qəsdlə törədilib. Bu baxımdan Praqada hansısa siyasi nəticələrin olacağını qətiyyən düşünmürəm”.

Yeganə

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button