Manşet

“İlham Əliyev buna razılaşmayıb…” – Praqa görüşündə Makron nəyə israr edirmiş?

“Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan gün ərzində iki ortaq görüş keçiriblər. İkinci görüşün 5 saat çəkməsi onu göstərir ki, müzakirələr gərgin keçib və razılaşmaların əldə olunması asan başa gəlməyib”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Çexiyanın paytaxtı Praqa şəhərində baş tutan dördtərəfli görüşü şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması İrəvanın “Dağlıq Qarabağın statusunu müəyyənləşdirən referendum” tələbindən imtina etməsi deməkdir:

““Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır” ifadəsində 1991-ci ilə istinad Ermənistanın Baş naziri Nikol Paşinyanın istəyi əsasında salınıb. Ancaq önəmli olan cümlənin birinci hissəsində BMT Nizamnaməsinin əsas götürülməsidir. BMT Nizamnaməsi və 1991-ci Alma-Ata bəyannaməsi sərhədin delimitasiyası üçün əsas olacaq. Delimitasiya üzrə komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçiriləcək. Praqadakı ortaq bəyanatın vacib bəndi Ermənistanın Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərəcəyidir”.

Ekspertin sözlərinə görə, Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron sözügedəm missiyanın hər iki tərəfdə fəaliyyət göstərməsini istəyiblər:

“Prezident İlham Əliyev buna razılıq verməyib, Azərbaycan sadəcə olaraq, bu komissiya ilə əməkdaşlığa razılıq verib. Bəyanatdakı “Azərbaycan missiya ilə özünə aid olacaq dərəcədə əməkdaşlıq edəcək” cümləsinin mənası odur ki, rəsmi Bakı missiya ilə əməkdaşlıq etsə də, avropalı məsləhətçilərin təkliflərini nəzərə almaya da bilər. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Missiyanın tərkibinin necə formalaşması Azərbaycan üçün əhəmiyyətlidir. Missiya üzvləri tərəfsiz olmalıdırlar, bir ölkənin dominantlığına imkan vermək olmaz”.

Politoloqun iddia edib ki,, Ermənistan və Fransa bəyanata Minsk Qrupu həmsədrlərinin fəaliyyəti ilə bağlı cümlə saldıra bilməyiblər:

“Rusiyadan sonra Fransa da Minsk Qrupunun fəaliyyətinə ehtiyac olmadığını etiraf edib. Bunun əvəzinə İlham Əliyev deyib ki, rəsmi Bakı Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırır. İlham Əliyev görüşdən sonra mətbuata verdiyi açıqlamada onu da deyib ki, Qarabağ erməniləri Azərbaycan qanunları ilə yaşamalıdırlar, əks halda ölkəni tərk etməli olacaqlar. Təmaslarda Qarabağın erməni əhalisi kimlər təmsil edəcək? Əlisilahlı separatçılarla təmaslara getmək olmaz, bu onların tanınması anlamına gələr, danışıqlarda erməniləri təmsil edən nümayəndələr mülki əhali arasından seçilməlidir”.

Politoloq Praqada dördlü format çərçivəsində görüşün nəticələrini müsbət qiymətləndirib:

“Birincisi, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. İrəvan bu siyasətinə sadiq qalarsa, Ermənistanın Qərbi Zəngəzurla bağlı qorxusuna əsas qalmayacaq. İkincisi, iki ölkə arasında sərhədin müəyyənləşməsi istiqamətində danışıqların intensivləşməsi perspektivi yaranıb. Üçüncüsü, Praqadakı razılaşmaların yerinə yetirilməsi halında ilin sonuna qədər iki ölkə arasında sülh sazişinin imzalanması ehtimalı artacaq. Bütün bunlar o demək deyil ki, iki ölkə arasında gərginlik azalacaq”.

E. Şahinoğlu bildirib ki, Praqadakı razılaşmalar, o cümlədən Brüssellə yanaşı, Parisin də vasitəçiliyinin gücləndirilməsi Kremlin xoşuna gəlməyəcək:

“Rusiya ümumi prosesi pozmaq üçün müxtəlif “planlarını” hərəkətə gətirə bilər. Ancaq Rusiya danışıqlar prosesindən kənarlaşdırılmır. Avropa İttifaqı və Fransa Azərbaycanla sülh sazişinin mətni və sərhədin müəyyənləşməsi məsələsində vasitəçilik edirlər, Rusiya isə Zəngəzur dəhlizinin mexanizminin müəyyənləşməsində əsas vasitəçidir”.

Turan Rzayev

sfera.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button