Manşet

Britaniyanın yeni Baş naziri kimdir? – Hindistanlı milyarderin kürəkəni haqda bilmədiklərimiz

Keçmiş maliyyə naziri Rişi Sunakın erkən qələbəsi Böyük Britaniyada müzakirələrə səbəb olub.

Yerli mətbuat Sunakın partiya deputatları qarşısında çıxışında söylədiyi fikirlərə xüsusi yer ayırıb.  Məsələn, “Daily Telegraph” qəzeti yeni baş nazirin  “Ya birləşəcəyik, ya da öləcəyik”, cümləsini xüsusilə vurğulayıb. Qəzet həmçinin Sunakın iqtisadi böhrana son qoymaq üçün partiyanı birləşdirməyə çalışdığını qeyd edib və onun “Bizim iki deyil, yalnız bir şansımız var” sözlərini sitat gətirib.

Sunakın idarəçiliyində daha əvvəl kabinetdə olan Dominik Raab, Liam Foks, Qrand Şapps və Stiv Barsli kimi adların da yer alacağı qeyd olunub. “Daily Telegraph”ın məlumatına görə, yeni baş nazirin yaxın çevrələrindən biri, keçən həftə vəzifəsinin icrasına başlayan maliyyə naziri Ceremi Hant kreslosunu qoruya biləcək.

“The Times” yeni kabinet tərkibinin bu gün açıqlanacağını bildirib. Qəzet yazıb ki, burada əsas rollar keçmiş baş nazirlər Liz Tras və Boris Consonun yaxın çevrəsinə veriləcək. “The Guardian” və “Daily Express” qəzetləri də manşetlərdə Sunakın birlik mesajını oxucuları ilə paylaşıb.

Bəs yeni baş nazir kimdir?

Rişi Sunak – 12 may 1980-ci ildə anadan olmuş Britaniya siyasətçisidir. İngiltərənin Southampton şəhərində hindistanlı ailədə doğulan yeni baş nazirin anası əczaçı, atası həkim olub. Mühafizəkarlar Partiyasının üzvü olan Sunak 2019-cu ilin iyulundan 2020-ci ilin fevralına qədər Maliyyə Nazirliyində baş katib vəzifəsində çalışıb. O, 2015-ci il ümumi seçkilərindən bəri Richmond (Yorks) parlamentinin üzvüdür. 2001-2004-cü illərdə “Goldman Sachs”da işləyib, 13 fevral 2020-ci il və 5 iyul 2022-ci il tarixləri arasında maliyyə naziri vəzifəsində çalışıb.

Rişi Sunak Britaniyanın Hindistan əsilli ilk baş naziri olub. Son günlər o, İngiltərə mətbuatında 730 milyon funt sterlinq sərvəti ilə ölkənin ən zəngin adları arasında yer alıb. Belə ki, 2009-cu ildə Rişi Sunak “Infosys” şirkətinin həmtəsisçisi, hindistanlı milyarder N. R.Narayana Murtinin qızı Akşata Murti ilə evləndikdən sonra sərvətini iki qat artırıb. Cütlüyün iki qızı var.

Günay Rəsulqızı

Sfera.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button