\”Üsyankar səfir\”: “Onlar anlayır ki, ağ geyimli və qərənfilli adamların dalınca qaçsalar…\”
“Onlar qorxur və panikadadırlar; tezliklə and-aman edəcəklər ki…”
“Mən yüz milyonluq malikanələrinə şəxsi təyyarələrlə uçanlardan deyiləm, milyon avroluq heykəl və parklar da tikməmişəm”
Keçmiş səfir Arif Məmmədov 2007-2012-ci illərdə Azərbaycanın Avropa Şurası nümayəndəliyinin rəhbəri olduğu müddətdə mənimsəmə və digər maliyyə sui-istifadələri ilə bağlı Baş Prokurorluğun ona qarşı irəli sürdüyü ittihamlara cavab verib. O, özünün Facebook səhifəsində yazıb ki, bu məsələ Avropa Birliyinin gündəmindədir. AB-nin Bakıdakı səfirliyi bu məsələ ilə bağlı daim Brüsseli məlumatlandırır.
Keçmiş səfir qeyd edib ki, Avopada tam qorunduğunu hakimiyyət yaxşı bilir. Sadəcə, bununla Azərbaycandakı fəalları qorxutmaq istəyir. Arif Məmmədova görə, burada məqsədlərdən biri də onun elan etdiyi “Ağ marşa” yol verməməkdir. “Onlar anlayır ki, ağ geyimli və qərənfilli adamların dalınca qaçsalar, bütün düyna yenə də onlara güləcək. Onlar qorxur və panikadadırlar”, – deyə keçmiş səfir yazıb.
Arif Məmmədov daha sonra qeyd edir ki, əvvəl hər hansı partiya və hərəkat yaratmağa hazırlaşmadığını desə də, özünə qarşı bu kampaniyaya cavab olaraq, “demokratiya və islahatlar uğrunda siyasi hərəkatın yaradılması ilə məşğul olmaq” qərarına gəlib. Hərəkatın simvolu ağ qərənfil olacaq. “Belə alınıb ki, 1990-cı ilin yanvarın 20-dən sonra qırmızı qərənfillər xalqımızın hüzn simvolu olub. Ağ qərənfillər isə korrupsiyadan, ədalətsizlikdən və özbaşınalıqdan təmizlənməyin, xalqımızın azadlığı və inkişafı simvolu olacaq”, – deyə keçmiş səfir bəyan edib.
Arif Məmmədov prokurorluğun ona qarşı ittihamlarının saxta olduğunu vurğulayıb. Onun yazdığına görə, keçmiş əməkdaşlarını prokurorluğa çağırıb şantaj ediblər ki, ona böhtan atsınlar.
“Ağılsızlar yazır ki, işıq pulunu ödəməmişəm. Strasburqdakı nümayəndəliyin binasında yaşamışam. Bundan əlavə, səfirin iqamətgahı bütün dünyada onun iş yeri hesab olunur.
400 min avro pulum olsaydı, “hakimiyyətin kristal təmiz nümayənədlərindən” fərqli olaraq ailəmlə istirahətə 30 avroluq biletlə RYANAIR təyyarələri ilə uçmazdım.
Azərbaycanda demək olar bütün nazirlər və ailələri adi reyslərlə uçmurlar. Artıq biznes klass onları qane etmir. Onlar dünyanın hər yerində olan yüz milyonluq malikanələrinə on milyonlarla dollar qiyməti olan şəxsi təyyarələrlə uçurlar. Niyə prokurorluq bu məsələlərlə məşğul olmur? İstəsələr, onlara geniş məlumat verə bilərəm.
Mən milyon avroluq heykəl və parklar da tikməmişəm, baxmayaraq ki, bu “biznes” “halal” sayılır və prokurorluq ora qarışmır.
Ancaq eybi yox, yaxın vaxtda onlar and-aman edəcəklər ki, hüquq müdafiəçilərinə, jurnalistlərə, din xadimlərinə, sadə günahsız insanlara qarşı çirkli işlər qurmayıblar, onlara bu tapşırıq Aparatdan gəlib…”, – deyə keçmiş səfir yazıb.